adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
20 Noyabr 2014 12:09
9791
TEXNOLOGİYA
A- A+

Əlil vətəndaşlarla bağlı elektron məlumat bazası yaradılıb

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən əlil vətəndaşlar və onların sosial təminatı vəziyyətinə dair elektron məlumat bazası yaradılaraq, nazirliyin rəsmi internet saytının (www.mlspp.gov.az) ön səhifəsinə yerləşdirilib. Nazirlikdən Adalet.az-a daxil olan məlumata görə, məlumat bazasında Qarabağ müharibəsi əlillərinin hər biri ilə bağlı fərdi məlumatlar (əlillik qrupları, o cümlədən dövlət hesabına mənzil, minik avtomobili ilə təmin olunma vəziyyəti, yaxud bu təminat növləri ilə təmin edilmək üçün növbədə olub-olmamasına dair qeydlər və s.) əksini tapıb: "Elektron məlumat bazasının yaradılmasında əsas məqsəd ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş vətəndaşların sosial vəziyyəti ilə bağlı informasiyaları düzgün pasportlaşdırmaq və onların sosial ehtiyaclarını müəyyən edərək aradan qaldırmaqdır. Belə ki, sistemləşdirilmiş informasiyalar əsasında həmin şəxslərin hər birinin mövcud rifah halı nəzərdən keçirilməklə, fərdi yanaşma üzrə onların konkret ehtiyaclarına uyğun olaraq sosial müdafiələrinin gücləndirilməsi, o cümlədən lazım gəldikdə sosial yardımlar vasitəsilə ailələrinin maddi təminatlarının artırılması üçün məqsədyönlü tədbirlər görüləcək.

Bu, eyni zamanda, nazirliyə və onun yerli strukturlarına hər hansı təminat növü ilə təmin olunmaq üçün müraciət edən Qarabağ müharibəsi əlilləri ilə bağlı aidiyyəti məlumatların operativ şəkildə əldə edilərək, qısa vaxt ərzində müvafiq tədbirlərin görülməsinə şərait yaradacaq. Bundan başqa, son vaxtlar bir sıra mətbuat orqanlarında ümumi səbəbdən əlil olan vətəndaşların özlərini cəmiyyətə Qarabağ müharibəsi əlili kimi təqdim etməsi kimi xoşagəlməz hallara rast gəlinməkdədir. Yaradılan məlumat bazası bu kimi halların qarşısının alınmasında da mühüm rol oynayacaq və belə şəxslərin həqiqətən ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olub-olmamasını dərhal müəyyənləşdirməyə imkan verəcək".