adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

QARDAŞ OLUR HAYASTAN - AZƏRBAYCAN?

OQTAY SALAMOV
46008 | 2007-12-28 02:51
Ermənistanda Azərbaycan həftəsi bitəndən sonra deyəsən indi də Azərbaycanda Ermənistan dekadası başlayır. Özü də həddən artıq maraqlı nüanslarla. Rəsmi Bakı bəyanat yayır ki, "Vardan Oskanyan növbəti dəfə Ermənistan ictimaiyyətini çaşdırmağa çalışır". Söhbət ondan gedir ki, Ermənistanın xarici işlər naziri Vardan Oskanyan bildirib ki, Dağlıq Qarabağın statusu danışıqlarda əsasdır: "Qalan məsələlər isə bunun ətrafında cəmləşib". O deyib ki, əgər status məsələsi həllini tapmasa, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair aparılan danışıqlar prosesinə ziyan dəyəcək. Bizimkilər bu sözlərin qarşılığında deyirlər ki, öncə Ermənistanın işğalçı qüvvələri Azərbaycan ərazisindən çıxmalı və məcburi köçkünlər öz yurd-yuvalarına dönməlidirlər. Yalnız bundan sonra Dağlıq Qarabağın Azərbaycanın ərazi bütövlüyü çərçivəsində statusundan söhbət gedə bilər.
   
   Söhbətin bu yerində sözdə heç nə dəyişməyib. Onlar dediklərini deyirlər, biz də öz dediyimizi təkrarlayırıq və belə çıxır ki, indiyədək olan danışıqların praktiki heç bir nəticəsi yoxdur və tərəflər yerində sayırlar. Amma nikbinliyimiz apogeydədir, az qala torpaqlarımızı alıb yerimizə qayıdıb dağılanları artıq təmir eləmişlər kimi danışırıq. Xarici işlər nazirimiz bizi xatircəm eləyir ki, Qarabağ danışıqları hələ davam eləyir, həmsədrlərin təkliflərində yeni elementlər var, hətta onların arasında Azərbaycanın qəbul edə biləcəkləri də var (!!??), ən əsası isə, yekun nəticə xalqla razılaşdırılacaq.
   
   Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov isə nikbinliyin etalonunu nümayiş elətdirib: "Düşmən artıq dalana dirənib. Bunu biz bu yaxınlarda görəcəyik". Vallah, mən düşmənin haraya dirəndiyini bilmirəm, bircə onu görürəm ki, Ermənistan minimum əməkhaqqını 82 dollara qaldırdı, biz isə 60 manata. Əli müəllim şuşalılara deyib ki, bir az səbrli olun, darıxmayın. Adamın ürəyindən keçir ki, Əli müəllimin sözünə bir "da" əlavə eləsin. Sonuna yox, ortasına, yəni "bir az da səbrli olun". Olmayıb neynəyəcəklər ki?..
   
   Hər gün KİV-lərin audiosunda da, videosunda da, kağızında da, elektronunda da "Ermənistan tərəfi atəşkəsi yenə pozub" xəbərini oxuyanda şəxsən mənim ürəyimdən keçir ki, biz də "Azərbaycan tərəfi atəşkəsi pozur" yazaq, faktı işıqlandıraq. Bilirəm, ermənilər yazırlar. Amma bu hər gün pozulan atəşkəsin fonunda bizim "Ermənistanın siyasi elitası reallıqla barışır, Serj Sarkisyan Azərbaycanın ərazi bütövlüyünü tanıdı" kimi iddialarımız rus demişkən "sverxoptimist" görsənir. İllah da, bunu "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycan diplomatiyasının uğurları, Azərbaycanın əsaslı mövqeyi Ermənistan rəhbərliyini reallığı dərk və etiraf etməyə məcbur edir" səsləndirəndə xəyalımız bizi elə sərxoş eləyir ki, elə bilirik ermənilər atəşkəsi pozanda bizim qələbəmizə fişəng atırlar.
   
   2008-ci ilin sentyabrında Bakıda TRASEKA qurumunun yubiley sammiti keçiriləcək. Tədbirə Ermənistanın növbəti prezidenti də dəvət olunacaq. Prosedur qaydalarına görə, sammitə ev sahibliyi edəcək Azərbaycan prezidenti digər iştirakçı ölkələrin dövlət başçılarına şəxsən dəvət məktubu göndərməlidir. Azərbaycan da tədbirin təşkili üçün Avropa Komissiyasına (tədbiri həmin Komissiya maliyyələşdirir) bütün qaydalara əməl edəcəyinə vəd verib. Bu məsələ aydındır, prosedur qaydaları belədir. Amma TRASEKA Hökumətlərarası Komissiyasının katibi Akif Mustafayev xatırladır ki, 1998-ci ildə də TRASEKA-nın ilk sammiti Bakıda keçirilərkən tədbirə Ermənistan prezidenti dəvət olunmuşdu. Lakin əvəzində bu tədbirə bu ölkənin baş naziri qatılmışdı: "O dövrlə müqayisədə indi vəziyyət nisbətən yumşaqdır. Sülh danışıqları davam edir, Azərbaycan və Ermənistan dövlət başçıları, xarici işlər nazirləri müxtəlif şəhərlərdə görüşürlər..."
   
   Vəziyyətin nəyi və harası yumşaqdır, Akif müəllim? Danışıqlar onda da davam edirdi, görüşlər onda da keçirilirdi, ermənilər onda da müstəqillik istəyirdi, indi də istəyirlər, biz onda da Qarabağı vermək istəmirdik, indi də istəmirik, yumşalan nədir ki, bizim səbrimiz?
   
   Millət vəkili Fəzail Ağamalı deyəsən şuşalıların səbrliliyinin vaxtını da müəyyənləşdirir: "Mən əminəm ki, Ermənistan yaxın 5 il ərzində sülh yolu ilə torpaqları qaytarmasa, Azərbaycan dövləti sözün əsl mənasında onların başına kül ələyəcək. Yəni artıq Ermənistanda yaşayan insanlar da Dağlıq Qarabağın Azərbaycana qaytarılmasını və onların Azərbaycan vətəndaşı kimi yaşamaq istəmələrini tələb edəcəklər". Arzuya bax, sevgilim, tellərindən incəmi?.. Amma Fəzail müəllim əvvəlcə dediklərini də onunla əsaslandırır ki, Azərbaycanın bu gün fəal dipolmatik fəaliyyəti həm onun güclü ordusuna, həm də iqtisadiyyatına söykənir. Bizim dünyamiqyaslı proyektlərdə iştirakımız ermənilərin əvvəlki mövqelərindən geri çəkilmələrinə gətirib çıxarar: "Ermənistan əhalisinin yaşam səviyyəsi getdikcə Azərbaycandan geridə qalır. Bu özünü Ermənistan üçün ayrılan yardımların artırılmasında da büruzə verir"... Vallah, yaxşı sözlərdir, amma yuxarıda misal çəkdiyim 60 manat və 82 dollar (bu gün üçün bizim pulla 68 manat 88 qəpik) müqayisəsi adamı yaman çaşdırır. Ziyanı yoxdur, bizdə məsəl var: Qonşunu iki inəkli istə ki, özünün də bir inəyi olsun"...
   
   Neynəyim ki, mənim ürəyim qurdludur, ermənini iki inəkli istəyə bilmirəm. Və nə onların elitasına inanıram, nə qaragüruhuna, ağına da lənət, qarasına da. Vaxtilə bizim bir mahnımız var idi: "Əzəldən qardaşdır ellərimiz... Kür-Araz-Ararat, Gözəldir bu həyat, Qardaş olub Hayastan-Azərbaycan"... Sonradan qardaş qardaşlıq eləmədi (təbir caizdirsə, "oğraşlıq elədi" yazım), indi təzədən onların qardaşlığına inanırıqsa, vay bizim günümüzə. Elədirsə, bizə bu da azdır!..
   
   
   
   

TƏQVİM / ARXİV