adalet.az header logo
  • Bakı 20°C
19 Noyabr 2014 14:36
29575
MÜSAHİBƏ
A- A+

Möhtəşəm qadına illər toxuna bilməz... - Müsahibə

Həyatımızın müəyyən qismlərində tanıdığımız və tanımadığımız xeyirxah insanlar peyda olub bizi pisliklərdən və ağrılardan xilas edir. Bir doğma, bir dost, bir səs... Onun səsi və musiqiləri çoxumuzu çətinliklərdən, acılardan xilas edib. Həmişə bizə əziz səs sahibi, gözəl xanım, əvəzolunmaz Xumar Qədimovadı bu günkü müsahibim.

-Səmimi olaraq deyə bilərsinizmi oxuduğunuz mahnıların, musiqilərin insanlara sevgi dolu anlar bəxş etdiyini bilmək, bunun fərqinə varmaq necə duyğudur?

-Bütün şöhrətpərəstlik hisslərindən uzaq olaraq etiraf edirəm ki, bunu bilmək mənə ancaq xoşbəxtlik bəxş edir. Hansısa şeiri oxuyub özümü orda tapanda, fikirlərimi həmin şeirlərdə görəndə sevindiyim kimi özünü mənim mahnılarımda tapan insanların olması da məni çox bəxtiyar edir. Əgər kimisə sevindirə və ya kədərləndirə bilirəmsə deməli nə isə edirəm.

İnsan var ki, onun üçün belə hisslərin əhəmiyyəti yoxdur. Amma mən böyük hərflərlə deyirəm ki, mən sənətimə sevgi və düzgün yanaşma istəyirəm.

-Xumar xanım, ekrandan, səhnədən sizi izləyən anlayan, qüsua axtarmayan ayıq tamaşaçı həddindən artıq zərif və həssas insan olduğunuz duyur. Belə xarakterlə qadın, üstəlik müğənni, sənət adamı olmaq çətin deyil?

-Əlbəttə çətindi... Ümumiyyətlə, həssas insan kimi yaşamaq asan məsələ deyil. Çünki, insan gün ərzində müxtəlif vəziyyətlərə düşür. Birdən sevincli, birdən kədərli hallara düşmək həssas insanlara məxsus xasiyyətdi. Bu baxımdan çox çətindi belə yaşamaq.

Amma qeyd etdiyiniuz kimi ayıq tamaşaçıların olması mənə çox köməklik edir. Bilirəm ki, mənim nə demək istədiyimi düşünüb, qavrayır və olduğum kimi qəbul edir. Onlar yaşamaq üçün insana çox kömək edirlər.

-İfa etdiyiniz bir çox mahnıların musiqisini özünüz bəstələyirsiniz. Musiqinin yaranması necə baş verir. İlk öncə musiqi yaranır, ya sözlər musiqini yaradır?

-Təbii ki, çox vaxt söz cəlb edir. Şeir kitabını varaqladığım zaman hansısa şeir, onun sözləri məni tərpədir və artıq mahnı mənim içimdə yaranır. Amma bəzən də pərişan, kefsiz vaxtımda musiqi yaranır. Müəyyən zaman keçəndən sonra mən həmin musiqiyə söz tapıb mahnıya çevirirəm. Gözəl şeirlər, gözəl də mahnılar yaradır...

-Sizi hər şeir də cəlb etmir. Xususən, azad, çılğın, sevgi dolu sözlərə rast gəlirik mahnılarınızda. Ruhunuza hansı şairlər yaxındır?

-Mikayıl Müşviq, Məmməd Araz, Rəsul Rza və.s. Çox sevirəm bu şairlərin şeirlərini. Bir də ki, Samirə xanım, mən bu fikrimi çox vurğulamışam. Bir daha demək istərdim ki, mən şairlə yox, şeirlə işləməyi sevirəm. Tutaq ki, bu şeir filan şairindirsə, mütləq ona musiqi bətələmək kimi bir marağım olmayıb. Ola bilər ki, hardansa bir parça şeir taparam, heç müəllifinin kim olduğunu bilmərəm. Amma o şeirə mahnı oxuyaram. Yetər ki, şeir olsun. Mənim fikirləşdiyimi, düşündüyümü əks etdirsin, özümü həmin şeirdə görə bilim.

-"Ruhunla yaşayacağam” mahnınızda söylədiyiniz kimi unudulmayan günləriniz, xatirələriniz çoxdurmu?

-Təbii çox olub... Acısıyla, şiriniylə nəinki unudulmayan, hətta ağrıdan xatirələrim çoxdur. Xüsusən də keçmişlə bağlı. Mən keçmişə, uşaqlıq xatirələrimə çox bağlı bir insanam. Saf uşaqlıq illərim çox əzizdi. O illəri fikirləşəndə çox əziyyət çəkirəm. Tez fikrimi qarışdırıram ki, ağrılar məni üstələməsin. Ona görə yox ki, mən uşaqlıda əziyyət, çətinlik çəkmişəm. Əsla. Sadəcə olaraq o şirinli, acılı günlər ötüb keçdiyi üçün, xatirəyə çevrildiyi üçün məni ağrıdır.

Çox olub ki, uşaq vaxtı mən qohumlarımın evinə, nənəmgilə gedəndə gecənin bir vaxtı yuxudan qalxıb ağlamışam ki, evimizə getmək istəyirəm. Həmin uşaqlıq indi yenə də mənim içimdə qalmaqdadır. İçimdəki o balaca Xumar ağıllıdı. O, hələ də balaca, keçmişə bağlı Xumardı.

-Dustaq olub sevmək mümkündürmü?

-Sevgi azaddır, əzizim. Sevgini dustaq və ya kiməsə tabe etdirmək mümkün deyil. İnsan özü kiməsə tabe ola bilər, amma sevgi üçün bu sözlər keçərli deyil. Azad olmayan sevgi nəyinsə xətrinə, hansına saxtakarlığa görə dustaq ola bilər. Amma azad sevgi dustaq ola biməz.

-Bildiyimə görə siz mətbuatı izləyən sənət adamlarındansınız. Hansı imzaları oxuyursunuz?

-Vaxt var idi onlarsız qalmırdım. Elə pis öyrəşmişdim ki, həmin qələm adamlarının yazılarını oxumağa. Amma indi açığı o qədər də vaxt qalmır izləməyə. Gənc yazarlardan daha çox Seymur Baycanın yazılarını oxuyurdum. Başqa adlar da var. Amma indi xatırlaya bilmirəm. Yəqin ki, sonra yadıma düşəcəklər, pis olacam ki, niyə onların adlarını xatırlamadım. Və bir də oxuduğum imzalar içərisində təbii ki, çox sevdiyim İradə Tuncay imzası var. İradə xanımın yazılarını, kitablarını daima təkrar-təkrar oxuyuram. Hətta bacım hərdən görəndə ki, mən yenə "Yol”, "Sarı odalar” kitabını oxumağa başlamışam gülür. Bilirsiniz o kitablarda o qədər məqamlar var ki, həm gülümsəyirəm, həm də ağlayıram oxuduqca...

-Ənənəvi sualımı vermək istərdim. Sizcə səhnə sənət adamına nəyi bağışlamaz?

-Bilirsinizmi, istər tamaşaçıların qarşısına çıxdığımız, istərsə də yaşadığımız səhnədə saxtakarlıq, xəyanət bağışlanmazdı. Bir də haqsızlığı nə səhnə, nə də həyat heç kimə bağışlamır. Harda olur olsun insan haqsızlıqdan uzaq durmalıdı. Səhnədən düzgün istifadə etməyi də bacarmaq lazımdı. Kiminsə haqqına girmək, riyakarlıq etmək doğru deyil.

-Xumar xanımın ömründən keçən illər necə ötüb keçir? Nələrisə alıb aparır?

-Elə məhz İradə Tuncaydan eşitdiyim sözləri demək istəyirəm ki, möhtəşəm qadınların yaşı olmur. Lap heç sənət adamı olmasın, adi bir qadın olsun, əgər o möhtəşəm qadındırsa, illər ona toxuna bilməz, ondan nələrsə alıb götürə bilməz.

Allah heç kimə pis günlər göstərməsin. Yəni bunu özümə də arzulayıram. Təbii ki, həyatdı yaşayırıq. İtirdiklərimiz də olur. Bunlar bizdən yan keçmir. Həmişə fikirləşirəm, arzulayıram ki, nə olursa zamanında olsun, pis hadisələr gec olsun. Yəni belə çətinlikləri nəzərə almasaq bir qadın kimi, sənət adamı kimi illər məndən heç nə aparmır. Çünki, sənət eşqi ki var, o insanı daha da ruhlandırıb, gözəlləşdirir. Bir də sizin kimi insanlar, sənəti başa düşən tamaşaçıların müsbət enerjisi imkan vermir illərin nələrisə aparmasına...

-Xumar xanım həm də güclü qadın təsiri bağışlayır. Güclü qadınlar isə əzablardan keçib güclənən qadınlardı...

-Mən deyim ki, lap keçmişə qayıdıb baxanda valideynlərimdən də çox razıyam. Yəni bizi heç zaman əziyyət çəkməyə qoymayıblar. Yaxşı ailədə böyümüşəm, onlar hər zaman məni qoruyublar. Yəni ailədə mən əzab görməmişəm. Lakin, xaraktercə həssas adam olduğumdan laqeyd qala bilmədiyim hadisələr məni bir az türklər demişkən yıprandırıb. Olub belə hallar bunu gizlətmək olmaz.

Həm də bilirsiniz mən elə göründüyüm kimi güclü insan deyiləm. Zəif də deyiləm. Zərif insanam. Ola bilər ki, hansısa hadisədən qırıla bilərəm. Amma yenə də vurğulayıram ki, güclü deyiləm. Sadəcə mən özünə hörmət edən insanam. Yəni xudbin mənasında yox, yaxşı mənada özümü sevirəm. Elə adamlar da bir az güclü görünürlər həmişə.

-Necə oldu ki, Xumar xanım, dünyaya bir də gəlməyəcək qadının olduğunu anladı. Bundan necə duyuq düşdünüz?

-Musiqinin sözləri bildiyiniz kimi Rəşad Məcidə aiddi. Rəşad bəy mənə bir neçə şeirlərini oxumağa vermişdi. Həm də belə bir arzu var idi ki, hansısa şeirinə musiqi bəstələyib oxuyum. Mən də söz vermişdim ki, inşallah şeirlərdən birini musiqiyə çevirəcəm. Bir gün necə oldusa, mən həmin şeirlərin içərisindən məhz bu şeiri seçdim. Bu şeirin isə orjinalda adı "nə mənim dünyama, nə bu dünyaya” idi. Mahnı bəstələnəndə isə mən adın məhz belə olmasını istədim. Bunu heç yerdə deməmişəm. İlk dəfədir ki, sizə deyirəm. Çünki, şeirdə həm sevgi var, həm də küsülülk var. Və qadın haqlı olaraq qədirbilməzliyin cavabı kimi bu dünyaya bir də gəlməyəcəyini vuğulayır. Bu da bir çox qadınların ürəyindən oldu. İndi yəqin onlar da bu mahnını dinləyərkən həyat yoldaşlarına, sevgililərinə ithaf edərək düşünürlər ki, bir də onlar tək qadın dünyaya gəlməyəcək.

Samirə Əşrəf