adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
19 Noyabr 2014 01:41
25739
GÜNDƏM
A- A+

DƏMİR ZƏRBƏSİ...

Azərbaycanın malik olduğu strateji mövqe təbii olaraq ona böyük üstünlüklər qazandırır. Bakının dəfələrlə bəyan etdiyi - Azərbaycanın razılıq vermədiyi istənilən beynəlxalq strateji layihə regionda öz müsbət həllini tapa bilməz çağırışları bilərəkdən uzun müddət qulaqardına vurulmuşdu. Ölkəmizin imkişafını istəməyən bəzi dövlətlər daim əks iddialar ortalığa qoymağa girişsələr də, bundan ötrü dəridən-qabıqdan çıxsalar da sonunda məlum oldu ki, Bakının mövqeyi gerçəyi özündə əks etdirir. Və bu gerçək artıq çoxdan özünü bir çox nəhəng layihələrlə təsdiqləyib də...
Yaxın vaxtlarda çox böyük iqtisadi, həm də strateji önəm daşıyan yeni bir kommunikasiya xəttinin də istifadəyə verilməsi gözlənilir: Bakı-Tiflis-Qars dəmiryol dəhlizi. Ermənilər bu layihənin baş tutmaması üçün var güclərini sərf etsələr də arzuları qursaqlarında qaldı. Və məlumdur ki, bu dəmiryol xəttinin açılışına elə də çox zaman qalmayıb. Bir erməni ekspertinin bir neçə il əvvəl söylədiyi - Ermənistanın bu layihədən kənarda qalması ermənilər üçün həmişəlik, özü də ciddi baş ağrısına çevriləcək - fikri əslində layihənin böyük dəyərinin dolayı yolla etirafıydı.
Bu zərbənin ağrılarını sağaltmayan Yerevan ikinci bir nakauda məruz qalmaqdadır. Bir neçə gündür ki, ermənilərin informasiya mənbələri Moskvanın da Bakıyla birgə 2015-ci ildə nəqliyyat sahəsi üzrə beynəlxalq əhəmiyyətli memorandum imzalayacağından söz açırlar. Rusiya Azərbaycan ərazisindən keçməklə İrana dəmiryol xətti çəkməyə hazırlaşır. Bu haqda məlumat verən Rusiya Dumasının nəqliyyat məsələləri üzrə komitəsinin sədri Yevgeni Moskviçev deyib: "Son 3-5 il ərzində həm dəmiryolu, həm hava yolu, həm də su nəqliyyatı üzrə ikitərəfli layihənin hazırlıqları aparılırdı və biz bu məsələlərdə tam razılıq əldə etmişik. Və düşünürəm ki, 2015-ci ilin iyul ayında memorandum imzalanacaq".
Y Moskviçevin sözlərinə görə, hazırda İranla Rusiya arasında yüklərin daşınması avtomobillərlə reallaşdırılır. Bununla belə daşınma həcmi 2013-cü ildə 39 faiz artmışdır. Bu da ikitərəfli əlaqələrin sürətlə artdığını göstərir. Əlbəttə, bu sahədə dəmiryol dəhlizi əvəzsiz rol oynaya biləcək.
Maraqlıdır ki, İran tərəfinin də oxşar planları həyata keçirilməkdədir. Belə ki, hazırda Qəzvin-Rəşt dəmiryolunun Şimal istiqamətindəki davamı İran Astarasından Azərbaycan Astarasınadək çatdırılması nəzərdə tutulub. Və hər iki dövlətlə sözü keçən nəqliyyat dəhlizinin gerçəkləşməsi əslində misli görünməyən bir yolun əsasını qoyacaq. Çünki Yaxın Şərqlə Avropa Azərbaycan vasitəsiylə birləşəcək. Bakı-Tiflis-Qars dəmiryolu buna təminat verəcək.
Bu layihənin daha bir məqamını da vurğulamaq önəmlidir. İranla dəmiryolu əlaqələri olan Şərq dövlətlərinin də Avropa məkanına ucuz yolla çıxmaq istəkləri nəzərə alındıqda haqqında söz açdığımız layihənin nəhəngliyini görə bilərik. Əlbəttə, elə Qərbin də rahatlıqla və aşağı daşınma xərcləriylə böyük Şərq bazarına çıxmasına böyük ehtiyacı var.
Əslində bu gün hər iki qonşumuzun beynəlxalq sanksiyalara məruz qalması onlara iqtisadi cəhətdən böyük çətinliklər yaşadır. Və həm Tehran, həm də Moskva anlamağa başlayıb ki, kiçik maraqlar üzündən Azərbaycanı incik salmaq heç də doğru addımlar deyilmiş.
Bu gün heç vaxt olmadığı kimi hər iki dövlətin Azərbaycanla geniş əlaqələrin qurulmasına dərin ehtiyacı vardır. Və müstəqil ekspertlər bu haqda dəfələrlə öz fikirlərini bəyan etmişlər. Sadəcə indi mövcud olan situasiya prosesləri bir qədər də sürətləndirib. Separatçı ermənilərsə militarist yol seçməklə özlərinin inkişafını, eləcə də gələcəklərini zərbə altına qoymuşlar. Qonşuları yeni strateji layihələrin, iqtisadi inkişaf planlarının reallaşmasına çalışdıqları halda ermənilər hələ də Azərbaycana necə böhtan atmaq haqqında baş sındırırlar...