adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

ALQIŞ HƏSƏNOğLUNA ALQIŞ

CEYHUN MUSAOĞLU
32065 | 2007-12-27 01:12
Milli Məclisin orqanı sayılan "Azərbaycan" qəzeti 23 dekabr 2007-ci il tarixli sayında orta səhifəsinə "prezidentin məqaləsi"ni yerləşdirib. Səhərisi başqa mətbu orqanlar Azərbaycanın rəsmi dövlət orqanı olduğunu nəzərə alıb həmin məqaləni öz oxucularına təqdim ediblər. Təbii ki, qəzetlərin bu plagiatlığını onlara irad tutmaq haqqımızdır. Birincisi ona görə ki, başqa qəzetin məqaləsini olduğu kimi öz qəzetində dərc eləmək etik sayılmır. İkincisi isə gərək "Azərbaycan" qəzetinə istinad edənlər Əkrəm Əylisli - Telman Mehdixanlı davasını belə tez unutmamış olaydılar. Əkrəm müəllimin vermədiyi müsahibəsini səhifəsinə yerləşdirməkdə suçlu bilinən bir qəzetin yazılarına ehtiyatla yanaşmaq lazımdır. Bir qəzetdən başqa, demək olar ki, xeyli mətbuat orqanları ehtiyatı əldən veriblər. Və elə hər şey də o ehtiyatlı tərpənən bir qəzetin haqqında danışdığımız yazıya münasibətindən sonra ortaya çıxıb.
   
   Yeni Azərbaycan Partiyasının orqanı olan və jurnalistikanın prinsiplərinə, tələblərinə daim əməl etməyə çalışan "Yeni Azərbaycan" qəzeti "Mənim universitetlərim" adlı yazını rus yazıçısı Mixail Ozerovun "Azərbaycanıma inanıram" kitabından götürüldüyünü aşkara çıxarıb. İntuisiyanın köməyi ilə bu aşkaraçıxarma əməliyyatının necə baş verdiyini də yaza bilərəm.
   
   Məlum faktdır ki, dövlət başçısı haqqında hər hansı kitab işıq üzü görəndə onun təqdimat mərasiminə dövlət adamları, millət vəkilləri, bir sözlə, hakimiyyətə yaxın şəxslər dəvət olunur. Və həmin nəşr qonaqlara hədiyyə olunur. Məntiqlə qonaqlar neyləməlidir? Liderləri hesab etdikləri şəxsin barəsində rus yazıçısının nə düşündüyünü öyrənməlidirlər. Bunun üçün isə həmin kitabı mütləq oxumaq lazımdır ki, kitab dil açıb sənə deməsin: "Sən bizi oxumamısan, oxusaydın rəhbərinin dilini bilərdin, onun üslubunu tanıyardın, prezidentin 20 min işarəlik yazı yazmağa vaxtının olub-olmadığını yəqin edərdin. Sən bizi oxusaydın, kəmər belində qalardı".
   
   Deməli belə, Mixail Ozerovun kitabının təqdimat mərasimindən qayıdanlar onun hədiyyəsini başqa suvenir-hədiyyələrlə səhv salıb, yaraşıq məqsədi ilə rəfə qoyurlar. Açıb oxumurlar ki, "Mənim universitetlərim" adlı məqalənin həmin kitabda prezidentin xatirələrindən doğan yazıçı təəssüratı olduğunu görsünlər və dərk eləsinlər. Görməyiblər və dərk eləməyiblər. Ona görə də "Azərbaycan" qəzetinə inanıblar... Aşqa-aşqa, "Yeni Azərbaycan" qəzetindən, onun baş redaktoru Alqış Həsənoğludan başqa.
   
   İntuisiyam mənə deyir ki, Alqış müəllim "Azərbaycanıma inanıram" kitabını qəbul edib, oxuyub, lazım olan məqamları yaddaşında səliqə ilə yerləşdirəndən sonra oxuduğu kitabların arasına qoyub. "Azərbaycan" qəzetində "Mənim universitetlərim" adlı məqalə işıq üzü görəndən sonra Alqış Həsənoğlu başqa qəzetlərin baş redaktorları kimi eləməyib, yazını Mixail Ozerova istinadən yazıçının təəssüratları kimi dərc edib.
   
   Səhər təkcə Alqış Həsənoğlunun üzünə ağzını-burnunu əymədən açılıb. O biri qəzetçi dostlarımızın səhərinin isə üzü turşumuş olub.
   
   Bax elə söhbəti də burada saxlayaq. Amma bir haşiyəyə çıxmaq şərti ilə. Köşə yazısında ya fakt olmalıdır, ya yeni fikir. Son vaxtlar mən köşələrimdə yeni fikir deməyə çalışıram. Bu yazı isə ənənəmdən kənara çıxdı. Yəni başdan ayağa faktdan danışdım. Bir faktı isə ümumiyyətlə demədim...

TƏQVİM / ARXİV