adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

BU MiLLƏTiN HEYSiYYƏTi iLƏ OYNADIğINIZ YETƏR!

OQTAY SALAMOV
21588 | 2007-12-27 00:43
Mən adətən ironik, yumoristik yazılar yazıram, sözümü bəzən zarafatla, bəzən kinayə ilə çatdırıram. Amma elə məsələlər var, elə mövzular yaranır ki, orada zarafat, kinayə işə keçmir. Ciddi sözə də qulaq verən, nəticə çıxaran yoxdur. Deməli, gərək söyəsən, təhqir edəsən ki, bəlkə gönünə təsir eləyə. Amma dəhşət orasıdır ki, daha təhqirə də öyrəşmişik, kim nə istəyir onu da eləyir. İndi fərdi adamları yox, bütöv milləti, xalqı təhqir eləyirlər, özü də millət, xalq adından danışmaqla. Söhbət təkcə qanacaqsız vəzifəlidən, məmurdan getmir, indi şarlatanlar da pul qazanmaq üçün elə yollara əl atırlar ki, adam onların bu xalqdan, bu millətdən olmasına şübhə eləyir. Sonra da düşünür ki, niyə şübhə eləsin, olanımız budur, düzəltdik-düzəldəcəyik, düzəldə bilmədik- elə buna da layiqik.
   
   
   
   Mətbuat çevrilib qara bazara
   
   
   
   İş o yerə çatıb ki, Azərbaycanda mətbuatın səviyyəsini daha ciddi yox, sarı mətbuat və reket mətbuatı müəyyənləşdirməkdədir. "Qızıl qələm", "İti qələm", "Qızıl Qələm Media: "Məhsəti Gəncəvi" "H.Z.Tağıyev", "Doğru söz", "Əsl jurnalist"... mükafatları açıq satışa çıxarılıb, kim təzə qəzet açırsa qapısını kəsdirirlər ki, pulunu ver, sənə mükafat verək. Bəzi məmurlara, zavod direktorlarına, şirkət sahiblərinə "İlin ciddi adamı", "Başıaşağı ciddi oğlan" mükafatları da satırlar və anonsunda deyirlər ki, filankəsə, o biri filankəsə də bundan vermişik və o da böyük şəstlə bu mükafatın haqqını verir. Bunlar rəzalət olsa da miqyası kiçik, yəni əhatəsi məhdud rəzalətlərdir. Daha böyükləri, daha dəhşətləri var, hamının heysiyyəti ilə oynayırlar. Özü də bunu fəxrlə reklam elətdirirlər, adamı adam yerinə qoymadıqlarını nümayişə çıxarırlar.
   
   Sayı 10-u ötən qəzet-jurnal tanıyıram ki, mənası və məzmunu ən sıravi oxucuya da "bazar malı" olduğunu sübut eləyir, amma adının yanına, səhifə nömrələrinin yanına mərhum dövlət başçısının şəklini vururlar. Hansı haqla, hansı ixtiyarla? Əgər rəsmi dövlət mətbuatı bunu etmirsə, köksüz göbələk olan bu qəzetciklər bunu hansı cürətlə edirlər?
   
   
   
   Bu özbaşınalığa son qoyan
   
   tapılacaqmı?
   
   
   
   Adı gurultulu olan "El gücü" Beynəlxalq Humanitar Assosiasiyası adlı bir qurum var, bilmirəm Qeyri Hökumət Təşkilatıdı, lap elə hökumət təşkilatıdı, şirkətdi, firmadı... nədisə ünvanını və telefonunu heç bir təşkilatdan və sorğu telefonundan tapa bilmədim, 109-dan dedilər ki, bizdə olub, amma adı çıxarılıb. Həmin bu təşkilat 1999-cu ildə "El atası" adlı qızıl döş nişanı təsis eləyib. Məlumat verilir ki, döş nişanı Azərbaycanın milli bayrağı və 8 guşədən ibarətdir, guşənin ortasında Heydər Əliyevin şəkli əks olunub.
   
   Əvvəla, bu təsvir Azərbaycanın Milli Qəhrəmanı mükafatına uyğun gəlir və bu da rəsmi dövlət mükafatıdır. Stzə kim ixtiyar verib ki, dövlət nişanını mənimsəyirsiniz? İkincisi isə, bəli, Heydər Əliyev "El atası" tituluna layiq şəxsiyyətdir, buna şübhə yox. Və Azərbaycan vətəndaşlarının, dünyada yaşayan azərbaycanlıların böyük əksəriyyəti Heydər Əliyevi elin atası kimi qəbul eləyir. Hökumət "Heydər Əliyev Ordeni", yaxud onun adına mükafat təsis eləyirsə və bunu rəsmi olaraq dövlət adından təqdim edirsə, bu başadüşülən və qəbulediləndir. Amma adının yanına istər Beynəlxalq, istər Humanitar Assosiasiya bəzəkləri vuran heç bir təşkilatın ixtiyarı yoxdur, olmamalıdır ki, Ümummilli liderin adını hər hansı şübhəli məqamlarda istifadə etsin, hallandırsın.
   
   Bəli, məhz
   
   şübhəli
   
   məqamlarda
   
   
   
   Çünki yuxarıda təsvir etdiyimiz "mükafatlandırma" aydın görünür ki, burada da işlək mexanizmdir. Sübut istəyirsiniz? Buyurun: "Əməkdar artist Bilal Əliyev "El gücü" Beynəlxalq Humanitar Assosiasiyası tərəfindən "El atası" qızıl döş nişanı və diploma layiq görülüb. Bunu zəhmətinə verilən böyük qiymət kimi dəyərləndirən əməkdar artist qarşıdan gələn Yeni il axşamını tamaşaçılar qarşısında keçirməyə qərar verdiyini bildirib". Hansı zəhmətinə, Bilal əfəndi? Mahnını oxuyub pulunu qazanmısan, müğənninin tamaşaçı qarşısında olması onun birbaşa işidir, nə minnət qoyursan? Sevinmək yox, utanmaq lazımdır. O Kişinin şəklini, "El atası" titulunu sinəndə gəzdirmək üçün çox şey etmisən, Bilal Əliyev? O adı verənlər böyük siyasi və mənəvi məsuliyyət daşıdıqlarını hiss eləyirlərmi? Əgər eləmirlərsə, çox pis, adlarındakı Beynəlxalqı, Humanitarı qiymətləndirsinlər. Yox, məsuliyyəti dərk eləyib spekulyasiya eləyirlərsə, daha pis. Dövlət başçısının bu yaxınlarda dövlət müəssisələrinin adları, gerblə bağlı sərəncamından belə ibrət götürürlər?
   
   Belə baxanda Bilal Əliyevin elə də böyük günahı yoxdur, mükafat təsisçilərinin də marağı başadüşüləndir. Bəs bu oyunları çıxarmağa nəzarət etməlilər nə işlə məşğuldurlar, niyə belə özbaşınalıqlara imkan, icazə verirlər? Buna nə deyirlərsə bilmirəm, amma demokratiya deyil. belə demokratiya olmur!
   
   
   
   Bir gözəl təşkilat da var,
   
   
   
   Milli Televiziya və Radio Şurası, mən yazılarımda "ayıb da olsa, MTRŞ" yazırdım. Sən demə, heç də ayıb deyilmiş, xalqın, millətin heysiyyəti ilə oynayan təşkilatlardan biri də elə MTRŞ-dır. Özü də MTRŞ büdcədən maliyyələşdirilən təşkilatdır, deməli, dövlət təşkilatıdır. Təşkilatın son qəbul etdiyi qərarlardan birində deyilir ki, 2008-ci ilin yanvarın 1-dən etibarən televiziyalarda tərcümə olunmamış Türkiyə istehsallı filmlərin yayımı dayandırılsın. Qərar bilirsiniz hansı səbəblə izah olunur? Azərbaycan dilinin qorunması ilə! Cənab Nuşirəvan Məhərrəmli, "biz bir millət, iki dövlətik" sözlərinin kimə məxsus olduğunu çox güman ki, bilirsiniz. Bəs onda bu nə təxribatdır? Bir millətin dilində olanı həmin millət tərcümə eləməlidir?
   
   
   
   Xatırlayırsınızsa,
   
   
   
   sovet vaxtında festival filmlərini canlı tərcümə ilə rus dilində səsləndirirdilər. Türk filmlərini ruscaya tərcümə edəndə zalda tamaşaçılar tərcüməçini fitə basar, "sapojnik" deyə qışqırardılar. Və sözgəlişi onu da deyim ki, Türkiyədə Azərbaycan filmlərini tərcümə eləmirlər, elə bu dildə səslənir filmlərimiz. Professor Nizami Cəfərov çox haqlı olaraq təklif verir ki, qazax, özbək, türkmən filmləri tərcüməsiz verilsin ki, dilə qulağımız öyrəşsin, siz türkü tərcümə elətdirmək istəyirsiniz? Özü də bizim dublyajın keyfiyyətini, maliyyə və texniki imkanlarını bilə-bilə. Nədi, televiziyaları tamam məhv eləmək istəyirsiniz? Bəs onda hansı şuranın sədri olacaqsınız?
   
   
   
   P.S. Srağagün "Təzadlar" qəzetində mükafatlar və jurnalist "işi" haqda yazıyla əlaqədar dünən redaksiyanın qabağında qələbəlik idi, özündənbədgüman "həmkarlar"ımız yaman əl-ayağa düşmüşdülər. Asif müəllim, çox gözəl məsələ qaldırmısınız, biz də sizinləyik!
   
   
   
   P.P. S. Aqil Abbas 2007-ci ilin prikolunu araşdırmağı tapşırmışdı. Bilal Əliyev "El atası"dır. Aqil müəllim, bundan böyük prikol tapa bilmərik!
   
   
   
   

TƏQVİM / ARXİV