adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
18 Noyabr 2014 11:37
8531
MƏDƏNİYYƏT
A- A+

Parlaq melodiyaların yaradıcısı

Bu gün Azərbaycan bəstəkarı, xalq artisti, bir çox məşhur mahnının müəllifi Emin Sabitoğlunun anım günüdür. 1937-ci Bakıda doğulmuş E. Sabitoğlu musiqi məktəbindən sonra konservatoriyaya daxil olub (1954, Qara Qarayevin sinfi). İki ildən sonra Çaykovski adına Moskva Dövlət Konservatoriyasına keçirilib (1956-1961, Yuri Şaporinin bəstəkarlıq sinfi).

1961-ci ildə "Azərbaycanfilm" kinostudiyasında musiqi redaktoru vəzifəsində çalışıb. Sonrakı illərdə Dövlət Filarmoniyasında bədii rəhbər, Ü. Hacıbəyov adına Dövlət Konservatoriyasında müəllim işləyib. Bir simfoniya, üç simfonik poema, üç kantata, simli kvartet, skripka və fortepiano üçün musiqi əsərləri yazıb. O, 600-dən artıq mahnı, 9 musiqili komediya, 40-a yaxın filmə musiqi bəstələyib. "Dərələr", "Bakı, sabahın xeyir", "Uzaq yaşıl ada", "Dağlar", "İnsaf da yaxşı şeydir" mahnıları çoxsaylı əsərlərindən bəziləridir. Paytaxt teatrları ilə yanaşı Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Naxçıvan teatrlarının tamaşalarına musiqi bəstələyib.

Bəstəkar həmişə ən yaxşı müğənnilərlə - Şövkət Ələkbərova, Zeynəb Xanlarova, Elmira Rəhimova, Mirzə Babayev, Flora Kərimova, Hüseynağa Hadıyev, Akif İslamzadə və.s kimi Azərbaycanın ən tanınmış və sevilən ifaçıları ilə işləyib.

Onun mahnılarını uşaqdan-böyüyə hər kəsin sevdiyi və əzbər bildiyi mahnılardır ki, bu da hər bəstəkarın nail olduğu uğur deyil. E. Sabitoğlu nadir bəstəkarlardandı ki, onun mahnılarında melodiya ilə mətn arasında mütləq bir harmoniya var. Hər bir bəstəkarın da fərdi yaradıcılıq üslubuna aid ifadə dili olub. Emin Sabitoğlunun kino musiqisi filmlərdəki hadisələrə tamaşaçının daha çox ürəkdən təmas etməsinə, daxilən obrazlarla ünsiyyət qurmasına təkan verir. Onun bəstələrinin müşayiət etdiyi filmlər bitdikdən sonra belə tamaşaçını öz emosional təsirində saxlayır. Bu o deməkdir ki, hər evdə, hər məkanda Emin Sabitoğlunun nəfəsi, ahəngi duyulur. O, öz parlaq melodiyaları ilə ölümsüzlük qazanmış şəxsiyyətlərdəndir.  

E. Sabitoğlu 2000-ci ildə 77 yaşında vəfat edib.