adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
17 Noyabr 2014 13:18
5633
MƏMLƏKƏT
A- A+

Bakıda evlər ucuzlaşacaq

Dünya bazarındakı son dəyişikliklər – neftin və qızılın ucuzlaşması bir çox sahələrdə hiss olunduğu kimi əmlak bazarında da özünü göstərib. 2014-cü ilin geridə qalan ayları Bakının və eləcə də ölkənin mənzil bazarında öz spesifikliyi ilə yadda qaldı.  İlin əvvəlindəki sürətli qiymət artımları daha sonra azalma, payıza doğru isə stabilləşmə və son ayda isə durğunluqla müşahidə edildi. İqtisadçı ekspert Vüqar Bayramov hesab edir ki,  neftin ucuzlaşması evlərin də qiymətini aşağı salacaq. Onun sözlərinə görə, qarşıdakı ay yarımda durğunluqun davam edəcəyi və 2015-ci ilin ilk aylarından başlayaraq isə əmlak bazarında tələbin azalacağı proqnozlaşdırır.

Digər tərəfdən, əmlak bazarındakı son 2 ildəki qiymət artımları heç də iqtisadi səbəblər ilə əlaqələndirilmir. Əksinə, ötən ilki qiymət artımlarında iqtisadi faktorlardan daha çox süni və eləcə də psixoloji amillər rol oynayırdı: " Artıq əmlak bazarındakı "köpüklər” partlamaq ərəfəsindədir. Bu isə mənzil bazarında yenidən qiymət azalmalarında özünü ehtiva edə bilər. Əvvəlla, neftin dünya bazarı qiymətində azalmalar davam edərsə, bu əmlak bazarında tələbatın azalmasına və qiymətlərin aşağı düşməsinə səbəb olacaq. Neft ölkəsi olan Azərbaycanda dövriyyədə olan pulun həcmi eyni zamanda qara qızılın dünya bazarı qiyməti ilə sıx bağlıdır. İxracımızın 94 faizinin neft və neft məhsullarından ibarət olduğunu nəzərə alsaq, bu zaman enerji sektorunun digər sferalar ilə əlaqəsini müəyyənləşdirmək çətin olmaz. Digər tərəfdən, psixoloji olaraq strateji məhsulların dünya bazarı qiyməti aşağı düşən zaman əmlaka olan tələbatın azalması müşahidə edilir”.

Ekspert ucuzlaşmanın digər bir səbəbini də Rusiya iqtisadiyyatinda müşahidə edilən durğunluqla əlaqələndirir. Belə ki, bu durğunluq  şimal qonşumuzda yaşayan azərbaycanlıların da maliyyə vəziyyətinə mənfi təsir göstərir. V. Bayramov bildirir ki, 2014-cü ildə Rusiyada yaşayan azərbaycanlıların ölkəmizə göndərdikləri pulların məbləğinin ən azı 30 faizə yaxın azalacağı gözlənilir: "Monitorinq göstərir ki, mənzil bazarına tələbatın təxminən 1/3-i MDB-də xüsusən də Rusiyada yaşayan azərbaycanlıları payına düşür. Biznes zəifləyən həmyerlilərimiz artıq paytaxtın mənzil bazarında ciddi tələb formalaşdıra bilmirlər. Başqa tərəfdən, Rusiyada yaşayan və biznes ilə məşğul olan azərbaycanlıların böyük əksəriyyətinin Bakıda mənzili var. Hətta Rusiyada yaşayan həmyerlimizin bir qismi Bakıda 1 deyil, daha çox mənzilə sahibdir. Həmyerlilərimizin biznesinin zəifləməsi onların Bakıdakı mənzillərini satışa çıxarmasına və təklifin artmasına səbəb ola bilər.

İqtisadçının fikrincə, daha bir səbəb Bakının mənzil bazarındakı qiymətlərin artıq son həddə olmasıdır.

"Artıq tavana dirəndiyi üçün yeni qiymət yüksəlişləri üçün real zəmin yoxdur. Son 2 ildə paytaxtın mənzil bazarında müşahidə edilən qiymət artımları Bakını regionun ən bahalı şəhərlərindən birinə çevrilib. Bu isə, mənzil bazarında psixiloji təzyiq formalaşdırıb”, - deyə V. Bayramov vurğulayır.

Başqa bir səbəb isə paytaxtda infrastrkturunun genişləndirilməsi ilə bağlı aparılan söküntülərdir ki, bu da  mənzil bazarında böyük həcmdə vəsaitin daxil olmasına gətirib çıxarmır. Kompensasiyaların böyük qismi Bakı ətrafı qəsəbələrində evlərin və ya torpaqların alınmasına yönəldilir. Digər tərəfdən, bu pullar daha çox təkrar mənzil bazarında tələbə təsir göstərir.

Beləliklə, Rusiyadakı durğunluq və neftin dünya bazar qiymətindəki kəskin azalmalar davam edərsə, paytaxtın əmlak bazarı yeni dəyişikliklər ilə üz-üzə qalacaq.