adalet.az header logo
  • Bakı 21°C

BUDUR GƏLDi BAYRAM FƏSLi

OQTAY SALAMOV
24615 | 2007-12-20 02:42
"Nigaran qalanda ana baladan
   
   Ona qurban deyir qoyundan, maldan
   
   Mən qurban demirəm, dünya malından
   
   Kaş özüm qurbanın olaydım, ana"...
   
   
   
   Gop eləmə, brat, anandan çox bilirsən? Deməli, qoyun, mal məsləhətdi, onda dediyini eləmək olur. Tak çto, arvadı aldatma!..
   
   
   
   Nədənsə adama elə gəlir ki, bayramlar müəyyən bir mərhələyə son qoyur, Ondan sonra elə bil nə isə bir yenilik baş verəcək, nəsə dəyişiləcək. Hətta vaxt bölgüsü də qoyurlar - bayramdan qabaq, bayramdan sonra. Mən bu yazını Qurban bayramından qabaq son yazı kimi yazıram. Güman ki, fitrə-zəkatımı verəcəm, amma qurban kəsməyim bu il də müşkül məsələdir. Allah kəsənlərin qurbanlarını qəbul eləsin, Amma...
   
   
   
   İndi deyəcəksiniz ki, nə amma, hansı amma, gərək elə hər şeyə əmma qoyasan? Deyim, səhvəmsə babalı öz boynuma. Bu gün çox adam qurban kəsəcək. Hamı da deyəcək ki, Allah qəbul eləsin! Allah-Təala da bunu sifariş kimi yox, bir dilək kimi sayacaq və qərarı ozü verəcək. İndi məqama baxın: biri yaxşı rüşvət alır, biri birini öz adamına tapşırıb işini düzəldir, adam həm işin pulunu verir, həm də iş düzəldənin, biri sələminə pul verir, biri bayramqabağı satdığının üstünə nəslinin də qiymətini qoyur, biri qəbir yerini göydələn yeri qiymətinə satır... Onların hamısı göstərə-göstərə, bəziləri xüsusi çəkilişlə qurban kəsir və öz adamlarına ondan pay da verir. Yol keçən də, pay alan da, almayan da deyir Allah qəbul eləsin! Yaxşı, adətdi, üzgördülük eləyirik, deyirik... Necə bilirsiniz, qəbul eləyir?
   
   
   
   Həccə gedən zəvvarlarımız dünən böyük Şeytana daş atırdılar. Allah ziyarətlərini qəbul eləsin! Hamımız deyirik, hamısına deyirik. Siz də bilirsiniz, mən də bilirəm ki, aralarında elələri var ki, onların Kəbəyə yox ey, bizim köhnə "sklad", indi məscid elədiyimiz binalara buraxılması da günahdır. İnanın ki, o böyük Şeytan da, elə balacası da çıxıb bizimkilərin çoxunun yaxasından tutar ki, "alə, sən də mənə daş atırsan, bəs həmkarlığımız harada qaldı?"...
   
   
   
   Bayrama qədərki ərəfədə olan əcaib "yeniliklər"in bayramdan sonra olmayacağını düşünmək sadəlövhlük olsa da, adam elə bilir ki, bu etapdan sonra daha sanballı, düşünülmüş danışarıq. Dünənki "Bizim gündəm" qəzetində bir yazının başlığı belədir: "Əsgərimizi əsirlikdə də dinc buraxmırlar". Əslində iki yağlı sual işarəsi qoyub üstündən keçmək də olardı. Amma soruşmamaq da olmur: Əsirlik kurortdu, istirahət evidi ki, adamı dinc buraxsınlar? Yəqin başlıqda "də" bağlayıcısını yazan çox böyük sözaltı məna işlətdiyini güman eləyib, yəni burada rahat buraxmırdılar, əsirlikdə də dinclik yoxdur, bizimkiləri erməni ilə müqayisə edib... Əzizim, bu, sözaltı məna yox, mənasızlıqdır, bayramqabağı havalanmalardan biridir. Yoxsa götürüb yazmazdınız ki, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla iş üzrə Dövlət Komissiyasının işçi qrupunun rəhbəri "Firudin Sadıqov erməniləri əsirlikdə olan Azərbaycan hərbçisi Samir Məmmədova təsir və təzyiq göstərməkdə ittiham edir". Nə ittiham edir, nəyi ittiham edir? Guya rus, alman, lap elə biz əsirin başını sığallayırıq? Bəli, təsir də olur, təzyiq də olur və olmalıdır da. Müharibə, düşmənçilik kino deyil, nağıl deyil, həyatın acı reallığıdır...
   
   
   
   Elə həmin qəzetdə "Misir Mərdanov Talıb Şərifovu qurban verdi" başlıqlı bir yazı da var. Sitata fikir verin: "Bu nəticələrlə qane olmaq istəməyən Misir Mərdanov T.Şərifovdan yekun qiymətləri saxtalaşdırmağı tələb etsə də, şöbə müdiri bununla razılaşmayıb. Nəticədə öz vəzifəsini itirməli olub". Mən Talıb müəllimə əl çalıb afərin demək istəyirdim ki, arasında heç bir söz olmadan sitat gətirəcəyim fikrin davamını oxudum: "Qeyd edək ki, ölkədə orta təhsili başa vuranlar üçün verilən attestatların satılmasında daha çox adı hallanan şəxslərdən biri də Talıb Şərifovdur". Siz burada məntiq görürsünüz? Attestat satan adam qiymətləri saxtalaşdırmaqdan niyə imtina etsin, hətta vəzifəsini itirməyə də niyə getsin ki?..
   
   
   
   Bayram hesabatına düşməli, bayramdan sonra daha təkrar olunmamasını arzuladığımız bir məsələ də var. MTN-in "Səidin dəstəsi" ilə bağlı açıqlamalarında qrup üzvlərindən bəzilərinin İran İslam İnqilabının Mühafizə Korpusu "SEPAH"la əməkdaşlıqda təqsirləndirməsi bildirilirdi. İranda səfirimizi çağırıb izahat, sübut tələb elədilər. Sözsüz ki, bizimkilər sübutları təqdim elədilər. Amma arzulanan başqa şeydir: Notanı niyə biz İrana vermirdik? Nə vaxta qədər "düşmən cavab atəşi ilə susdurulacaq"? Mən bir dəfə yazımda belə bir cümlə işlətmişdim: "Nə qədər ki, bizim nazirliyimiz Hücum yox, Müdafiə nazirliyidir, biz elə müdafiədə duracağıq". Fikrimdə qalıram. Biz həmişə suala cavab verəcəyiksə, həmişə müdafiədə duracağıqsa, bayramdan sonra da heç nə dəyişməyəcək.
   
   
   
   Amma bayramlardan sonra bəzi işlərin, türklər demiş, çox kötü və fəna olacağı hələ bayramlardan qabaq da məlumdur. Bilmirəm, bu, "Təhsil haqqında" qanunda yazılıb, ya yazılmayıb, amma təhsil naziri deyir ki, "Komputeri və xarici dili bilməyənlər məktəb direktoru olmayacaq". Komyuter cəhənnəm, bir iki iqradan-zaddan öyrənmək elə də çətin iş deyil, ən azı yandırıb-söndürməyi, fayl açmağı öyrənmək olar. Amma xarici dil bilməmək qəlizdir, "tem bolee" türk dilini xarici saymırlar, rus dilini də məktəblərdən demək olar ki, yığışdırıblar. İngilis dilini bilməyəni məktəbə direktor qoymamaq isə bir az əndirabadi görünür: " -Du yu spik inqliş? - No, ay du not. Onda bas bayıra, ya toje du not, ona görə də dirertor döyüləm"...
   
   
   
   Amma şad bir xəbər də var, bütün qəzetlər yazıblar: "Fəzail Ağamalının töhməti qüvvəsini itirib". "Srok qodnosti" keçib, həmin töhmət 6 ay qüvvədə qala bilərmiş. Təbrik edirik, keçmiş olsun!
   
   
   
   Qan Turalı islam dinindən imtina eləyib. Elmar Hüseynov Fondu jurnalist tədqiqatı aparmaq üçün "Hicab" mövzusunu ona tapşırıb. İlqar İbrahimoğlu deyib ki, Qan Turalı mürtəddir və o, bu mövzunu qərəzli tədqiq edəcək. Fondun rəhbəri Şahbaz Xuduoğlu da deyib ki, Qan Turalının mürtəd adlandırılması düzgün deyil, İlqar İbrahimoğlu bəzən ifrata varır.
   
   
   
   Mən bilmirəm Qan Turalı mürtəddir, ya mürtəd deyil, amma yadıma köhnə bir lətifə düşür. Gəlin onu da danışım, yazı nikbin notlarla bitsin, qabaqdan bayramlar gəlir axı: deyir molla cavan bir qıza vurulur. Qız da onu başından eləmək üçün deyir ki, əgər məscidin minbərində durub tar çalsan, sənə ərə gedərəm. Molla bilir ki, belə bir iş görsə, onu daşa basarlar, din düşməni elan edərlər, amma sevgisi də güclü imiş. Gedir, xəlvətcə tar dərsi alır, bir-iki musiqi öyrənir. Bir gün əlində tar minbərə çıxıb namaza gələnlərə deyir: "Müsəlmanın ən böyük fəzilətlərindən biri səbrdir. Səbrinizi basın, mənə axıra qədər qulaq asın. Başlayır öyrəndiyi havaları çalmağa və sonda deyir: Camaat, musiqinin haram olduğunu bilirsiniz. Amma mənim indi çalıb sizə göstərdiyim havalar lap haramdır, nəbada onları çalasınız, ya da dinləyəsiniz!"... Bayramınız mübarək!.. ə
   
   

TƏQVİM / ARXİV