adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

HƏMiN HAVADI

CEYHUN MUSAOĞLU
30280 | 2007-12-19 05:00
"İsa Qəmbər qabağa verib Arif Hacılını, Əli Kərimli Həsən Kərimovu, Lalə Şövkət Əvəz Temirxanı. Bir tuği-lənət edib salıblar Azərbaycan xalqının boğazına. Etibar Məmmədov ümumiyyətlə, qeybə çəkilib. Onlara konkret ittihamlar yönəlməlidir ki, liderdilərsə, ortaya çıxıb sözlərini desinlər. Onu-bunu qabağa verib, onların arxasında gizlənməsinlər. Ayıbdı!"
   
   Bu sözləri aclıq edən jurnalistlərin "Yeni Müsavat" qəzetində açdıqları müzakirədə millət vəkili, müstəqil siyasətçi Pənah Hüseyn deyib. Bax, elə belə də deyib: "Ayıbdı!". Bilirsiniz bu, hansı "ayıb"dandı? Hər gün sən yazdığından, mən yazdığımdan. İndi isə Pənah Hüseyn deyir. Bircə fərq ondadı ki, biz hamıya deyirik: "ayıbdı!", lap elə Pənah Hüseynə də. Pənah bəy isə özünü qırağa çəkib bu nidanı yerdə qalanlara tolazlayıb. Öz aramızdı, yaxşı sözdü ha - tolazlayıb. Sadəcə, buralarda çoxdandı işlənmir. Heç kim risq eləyib o birisini tolazlamır. Məsələn, müxalifət bütövlükdə hakimiyyəti, hakimiyyət isə bütövlükdə müxalifəti inkar etmir. Bu ölkədə hakimiyyətlə müxalifət həmrəy çalışır. Bu ölkədə müxalifət də hakimiyyətdədi. Dostlarına "ayıb olsun" - deyən Pənah Hüseyn də bu hakimiyyətin üçüncü qolu hesab edilən parlamentdədirsə, demək, hakimiyyətdədir. "Üçüncü qol" bilirsiniz nə deməkdir? Yəni qulaqlara qurğuşun, hakimiyyətin bir qolu, sonra o birisi qolu yerindən qopsa, üçüncü qol hərəkətə keçir. Deməli, Pənah Hüseyn fərqində olmalıdır ki, o, hakimiyyətin "zapas" qolunu ifa edir. O, hakimiyyətin "zapas"ındadı. Bəh, bəh, nə gözəl səslənir: "Ayıbdı!" Amma yox, bundan da gözəl səslənən söz var. Onu da Pənah Hüseyn deyib: "Fərarilik".
   
   Əladı Pənah bəy, düz tapmısan. Sizin komandanı bu cəmiyyət həmişə fərari kimi tanıyıb. Çox da ki, yazmısan: "Cinayətimiz məğlubiyyətimizdir". Siyasətçilər demiş, sən bu məsələyə bir tərəfdən yanaşmısan. Politoloqlar demiş, sən bu məsələyə ikinci tərəfdən yanaşsaydın da yenə elə biləcəydin ki, cinayətiniz məğlubiyyətinizdir. Biz jurnalistlərsə məsələyə çoxtərəfli yanaşmağın tərəfdarıyıq. Sizin məsələnizə çoxtərəfli yanaşanda məlum olur ki, məğlubiyyətiniz fərariliyinizdir.
   
   Hakimiyyətə gəlmək üçün əvvəlcə hakimiyyətdən getməyin yolunu bilmək lazımdır. Bilmək lazımdır ki, ən böyük ayıb hakimiyyətdən getməkdi. Hakimiyyətdən düşmək olar, hakimiyyətdən yıxılmaq da olar. Amma hakimiyyətdən getmək, olmaz, vallah, olmaz. Sizin komanda hakimiyyətdən düşmədi, yıxılmadı. Sizin komanda hakimiyyətdən getdi. Və həm də elə getdi ki, hamı bu gedişdən anladı:onlar bir daha qayıtmayacaq.
   
   Yenə Pənah Hüseyn. Yenə səs ondan çıxdı. Arif Hacılını təhqir elədi, Həsən Kərimovu təhqir elədi, Əvəz Temirxanı təhqir elədi. Yüz faiz bilirəm ki, heç fərqinə də varmadı.
   
   Nə var e, belə yaşamağa. Heç nəyin fərqində deyilsən. Elçibəyin adına çıxarılan "sən nə çalırsan çal, mən "Heyvagülü" oynayacam" deyimi hələ də müxalifətin baş şüarıdı. Müxalifət yenə də öz havasına oynayır. Oynamaq elə havalanmaqdı. Tərs kimi deyə bilmirik "müxalifət havalanıb". Çünki bu ifadə təhqir sayılır.
   
   Biz nə dediyimizin fərqindəyik. Amma yenə də gərək sonda elə söz deyək ki, təhqirdən də sərt olsun. Belə də ki, bu sözü bir vaxt həmkarımız olan Salam deyib artıq.
   
   
   
   Başıma gələn havadı Sümüyümə düşən hava.

TƏQVİM / ARXİV