adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
15 Noyabr 2014 19:40
4171
GÜNDƏM
A- A+

İlham Əliyev orduya göstəriş verdi

Noyabrın 15-də Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Şəmkir hərbi birliyinin hərbi şəhərciyi ərazisində yeni inşa olunmuş qərargah binasının açılışında iştirak edib. 


Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib.

Dövlət başçısı hərbi hissənin ərazisində yeni inşa edilən qərargah binasında yaradılan şəraitlə tanış olub.

Üçmərtəbəli bina ordu birliyinin tabeliyindəki birləşmə və hissələrin idarə olunması, idarə heyətinin generalları, zabit və gizirlərin xidmət aparmaları üçün təyin olunub və burada 76 xidməti otaq var. Yeni qərargahda taktiki siniflər, çertyoj və kompyuter otaqları, rabitə qovşağı və digər otaqlar yaradılıb. Ordu korpusunun rabitə sistemi də müasir tələblərə uyğun qurulub.

Sonra Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev operativ müşavirə keçirib.

Müşavirədə müdafiə naziri Zakir Həsənov Azərbaycan-Ermənistan sərhədi boyu və təmas xəttindəki vəziyyət barədə məruzə edib.

İlham Əliyev bu yaxınlarda Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttini pozması ilə bağlı təxribatı pisləyib və Azərbaycan Silahlı Qüvvələri tərəfindən bu təxribatın qarşısının uğurla alınmasını yüksək qiymətləndirib. Dövlət başçısı güclü döyüş qabiliyyətinə malik olan Silahlı Qüvvələrin bundan sonra da düşmənin hər hansı bir təxribatına layiqli cavab verəcəyinə əmin olduğunu bildirib. Prezident vəziyyətlə bağlı müvafiq göstərişlərini verib.

Daha sonra dövlət başçısına hərbi qulluqçuların yay-qış geyim formaları göstərilib. Bildirilib ki, pilot variantda hazırlanan və hərbi hissələrdə istənilən iqlim şəraitində sınaqdan keçirilən yeni formalar yüksək dözümlülüyü və davamlılığı ilə fərqlənir. Eyni zamanda, hərbi qulluqçuların yataq şəraiti yaxşılaşdırılıb, köhnə tip əsgər çarpayıları müasir bir və ikimərtəbəli çarpayılarla əvəz olunub. Hazırda stasionar və çöl şəraitində yerləşən hərbi hissələrdə hamam-camaşırxana və məişət otaqlarının avadanlığının yeniləri ilə əvəz olunması istiqamətində müvafiq işlər görülür.

Burada hərbi qulluqçular üçün nəzərdə tutulan 50 xidməti mənzildən ibarət, tam təmirli beşmərtəbəli yaşayış binası da inşa olunub.