BELƏ BİR ŞAİR VARDI: TAHİR QURBAN

VAQİF YUSİFLİ
51548 | 2014-11-15 01:22






Belə bir şair vardı: Tahir Qurban. Ədəbi aləmdə şimşək kimi çaxdı və sonra daha görünmədi. 1977-ci ildə "Ulduz" jurnalında onun bir neçə şeiri çap olundu və bu şeirlərlə Tahir qısa bir müddətdə sensasiya yaratdı. Vəssalam. Sonra Tahir Qurbanın imzasına heç yerdə rast gəlmədik. İxtisasca həkim idi. Amma özünə də amansızcasına divan tutdu, xəstəliyinin qarşısını almadı və 2003-cü ildə, əlli altı yaşında dünyasını dəyişdi.
Çox təəssüf ki, onun bütün şeirləri ilə tanış deyildim. Amma gözəl şairimiz Zakir Fəxri şəxsi təşəbbüs göstərib Tahirin şeirlərini topladı. Bu şeirlər və Tahir Qurban haqqında xatirələr Zakirin tərtibi ilə "Yaddaşımda bitən ağac" kitabında üzümüzə gülümsədi. Bu kitabda 21 şeiri toplanıb. Cəmi 21 şeir. Amma 21 yox, lap 5 şeiri belə Tahirə ŞAİR söyləməyə mənə haqq verir. Şeirlərin kəmiyyəti yox, bədii keyfiyyəti, Poeziya kimi dərk olunması imkan verir ki, oxuculara ŞAİR TAHİR QURBANdan söz açım.
Öncə onun "Buhenvald... Salasrils..." şeiri ilə tanış olaq. O illərdə bu mövzu çox dəbdə idi, amma Tahir Qurbanın şeiri son dərəcə orijinal idi. Şeir başdan-ayağa metaforalar, bənzərsiz təşbihlər üzərində qurulmuşdu.

Burda günəş doğa, daşa nur indi,
Ürəklər tənhalıq adası kimi.
Bu yerdə kölgələr düşünün indi,
Düşünür Hamletin atası kimi.

Bir isti yara tək açılıb səhər,
Meşə ağrıların gileylərindir.
Soyuq qəbirlərdən qalxıb ölülər
Uzaq obaların ocaqlarında
Donmuş əllərini isidir indi.

Yumsan gözlərini, titrəyər ürək
Güllələr açılar hardasa min-min.
Yaralı igidlər nar ağacı tək,
Gözünün içində çiçəklər sənin.

Kiminsə qəlbində qışqırıb qanı,
Ulduzlar gözünü birdən qıyıblar.
Bir durna qatarı yol azıb donar,
Yetim anaların qolları üstə.

Burda günəş doğa, daşa nur indi,
Sular zəmilərin xatası kimi.
Bu yerdə kölgələr düşünür indi,
Düşünür Hamletin atası kimi.

İstəmədim bu şeirdən yarımçıq misal gətirim, bütöv təqdim elədim ki, özünüz bu şeirin poetik gözəlliyilə tanış olasınız. Yetmişinci illərdə yazılıb bu şeir, o illərin yenilikçi ruhu ilə qələmə alınan nümunələrindəndir. Bizim novator şairlərimiz öz şeirlərində belə ələ, dilə gəlməyən metaforalarla, təşbihlərlə, təzadlarla oxucuları diksindirərdilər və maksimum dərəcədə şablondan, məlum stereotiplərdən qaçardılar - Əli Kərim, Fikrət Qoca, Vaqif Səmədoğlu, İsa İsmayılzadə, Ələkbər Salahzadə, Məmməd İsmayıl, Nüsrət Kəsəmənli, Tofiq Abdin, Camal Yusifzadə, Ramiz Rövşən, Vaqif Bayatlı kimi... Tahir Qurban da bu poetik zəmində yetişib formalaşmışdı.
Tahir Qurban müasir Azərbaycan şeirinin "fikir poeziyası" deyilən bir cərəyanın nümayəndəsi idi, onun şeirləri düşünən, dünyaya tamam fərqli bir baxışla boylanan şairin qələmindən çıxıb. Amma bu düşünən insan həm də başdan-ayağa hiss, həyəcan, duyğular əsiri idi. Fikirləşirsən ki, bir-birindən tutumlu və sərrast deyilən bu poetik obrazlar hardan gəlir? Tahir bunları düşünərəkmi yaradır, yoxsa əvvəlcədən hazırdı beyində?
O, şeirlərində təbiəti gözlənilməz metaforalarla elə təsvir edirdi ki, buna yalnız heyrətlənirdin və poetik yükü dopdolu misraları, ayrı-ayrı bəndləri oxuduqca dahi Füzulini xatırlayırdı. Budur, "Gecə qar yağır" şeirindən bir parçaya diqqət edin:

Gecəyə qar yağır-ay işığı tək,
Göylər əriyibdir, dağlar enibdir.
Qara itimiz də ləpirləriylə
Bizim qapımıza zəncirlənibdir.

Dərə qəribsəyir, dağ qəribsəyir,
Gileylər, mahnalar sıxır qəlbimi.
Gecə qar yağanda yata bilməyir,
Kədərli Çaplinə oxşayan meşə.

Yağır meşələrin ağ susuzluğu
Uzaq dərələrdə uyuyb külək.
Taxta çarpayıya yuxusuzluğum
Sərilib, əzilmiş döşəkağıtək.

"Naməlum əsgər" şeirində:

Ay səma, sinəndə bir ulduz batır,
Ay dəniz, qayalar axır qum kimi.
Ay torpaq,
qoynunda bir igid yatır,
Yatır
bərəkətli bir toxum kimi.

Payızı çiyninə alıb küləklər,
Ötür bulaqlar da hardasa dil-dil.
Qanlı şinelini soyunan əsgər,
Torpağı əyninə geyib elə bil.

"Ulduz" jurnalında, eləcə də "Azərbaycan"da beş-on şeiri çap olundu və Tahir Qurban daha redaksiyalara üz tutmadı. İllər keçdi, gözləyirdik ki, o, yenə şeirə qayıdacaq, amma qayıtmadı. Doxsanıncı illərdə mən Masallıda çıxan "Qala" qəzetində "Hardasan, Tahir qurban?" adlı bir yazı çap elətdirdim. O yazıda Tahiri yaxşı tanıyan, onun istedadını yüksək qiymətləndirən bir neçə şairik ürək sözlərini də təqdim etmişdim. Onları bir daha təkrar edirəm.
Ələkbər Salahzadə: Tahir son dərəcə istedadlı şairdir. Amma hansı səbəbdənsə şeiri atıb. Belə istedadlar meydandan çəkiləndə, istedadsızlar mütləq meydan sulamalıdırlar. Qəzet və jurnallar üzünü sensasiya tiplərinə yox, Tahir kimilərin şeirlərinə tutmalıdır.
Ağacavad Əlizadə: Tahiri qınamağa daha çox mənim haqqım var. Üstündə zəhmətim olub, şeirlərinin çapına kömək eləmişəm. "Azərbaycan" jurnalında müharibə mövzusu ilə bağlı bir şeir getməliydi. Mən müəlliflərini nişan vermədən (onların içərisində bir xalq şairi də vardı) beş şeiri redaksiyada oxudum. Hamısı Tahirin şeirini (naməlum əsgərə həsr olunmuşdu) bəyəndi. Mənə elə gəlir, haçansa Tahir şeirə qayıdacaq.
Vaqif Nəsib: Şeir yazanda gərək bir çox şairlər Tahirin şeirlərini yada salsınlar. Bilsinlər ki, dünyada bu cür qüvvətli şeirlərin qabağında duruş gətirmək çətindir. Ancaq bu cür şeirlərin sahibi poeziyadan üzülüşə bilərdi, bu, əslində, məzmunsuz şairlərə, dadsız-duzsuz şeirlərə öz vaxtında qaldırılmış bir üsyandır. Mən onun daha şeir yazmasına və ya yaza bilməməyim və yazmadığım kimi inanmıram.
Sabir Rüstəmxanlı: Tahir son dərəcə səmimi, lakin çox danışmağı, öz duyğularını hər dəqiqə açıb ortaya tökməyi xoşlamayan, ciddi, təvazökar, şəxsiyyətini qoruyan, oturuşu-duruşuyla elə ilk görüşdəcə ətrafdakıların diqqətini cəlb edən bir gəncdi. Tahiri mənə sevdirən xarakterindəki sadaladığım cəhətlərlə yanaşı, yüksək ədəbi zövqü idi. Tibb Universitetində oxusa da, ədəbi prosesləri diqqətlə izləyirdi. Dünya ədəbiyyatının seçmə nümunələrini oxumuşdu və yeni meydana çıxan əsərlər barədə mülahizələriylə həmişə başqalarından seçilirdi... Tahirin qeyri-adi düşüncə tərzi vardı. Bir neçə şeirini dinləmək yetərli idi ki, onun anadan şair doğulduğuna inanasan".
Allahverdi Məmmədli: Tahir Qurbanı heç kimi unutmayıb. Beş-on şeirlə özünə kiçik bir cığır açdı. Havaxtsa böyük poeziya yoluna qovuşacağını həsrətlə gözləyən o cığır hələ indi də Tahiri soraqlayır.
İstəyirəm Tahir Qurbanın "Kor çalğıçı" şeirindən söz açım. Bu şeirdə müharibədə gözlərini itirmiş bir kor çalğıçının obrazı yaradılıb. Assosiativ təfəkkürün bəhrəsidir bu şeir.

Yanar bu kədərə dərə də, düz də,
Ağ saçlar kövrələr ağ bulud kimi.
Gedər bir gitara çiyninin üstə,
Gedər, acı dolu bir tabut kimi.

Onun əllərindən nurlu əl hanı,
Onun barmaqları beş şam, beş alov.
Gecələr yandırıb barmaqlarını,
Oturar əlinin işığında o.

Gör nələr yadıma düşər burdaca:
Bir nəğmə Xatını yanıb odlara -
Çıxıb od içindən xatınlı qoca,
Qolları üstündə yanıq gitara.

Tahirin şeirləri poetika baxımından doğma heca şeirimizin strukturuna söykənir. Əlbəttə, təkcə forma baxımından yox. Fikrimcə, bu şeirləri o, sərbəstdə də yaza bilərdi. Amma inanmıram ki, bu tərzdə qüvvətli, bənzərsiz metaforalarla bəzənəydi. Əsas budur ki, bizim klassik poziyada (xüsusilə Füzulidə) olduğu kimi burada da hər bənddə, az qala hər misrada oxucunu heyrətləndirmək inadı var. Bu, yaradıcılığın ən çətin yoludur. İndi bəzi müəlliflər (daha çox "postmodern" şairlər) deyirlər ki, dünya poeziyasına ancaq sərbəst şeirlə çıxmaq olar. Yanlış fikirdi, birtərəflidir. Ən yaxşı şeirlə çıxmaq olar (istər sərbəst olsun, istərsə heca!)
Daha bir şeirindən misal gətirmək istəyirəm. "Atam üçün". Bu şeirdə ATA obrazı ilə rastlaşmırıq, sadəcə OĞUL atasına üz tutur, dünya, insanlar, aylı gecə, ulduzlar, dəniz haqqında assosiativ düşüncələrini izhar edir:

Kiminsə səsində donun gülüşü,
Dünya dağlarının güney yeri ağ...
Yanan ocaqların odu gümüşü,
Sönmüş ocaqların kösövləri ağ.

Ulduzlar döyünür pəncərələrdə,
Baxışım, baxışım üşüyür bir az.
Aylı gecələrdə, ağ gecələrdə
Dünya ağ yalana oxşayır bir az.

Bu aylı gecədə bir ağ bulud var,
Yağışı sevincə, dərdə yağası.
Dəyməmiş alçatək turş bir ümid var,
Bir də
bir hamilə gəlin yuxusu.

Ovcuma sığınıb, qızınır dəniz,
Zülmətlə işığın qarışığında.
Dayanıb durmuşuq gün-günorta biz-
Dünya-gün işığında,
Ürəyim-ay işığında.

Tahirin şeirlərini oxuyursan, sonuncu misradan sonra bir də əvvələ qayıdırsan, hisslərin, duyğuların necə rəsm olunduğunu heyrətlə seyr edirsən. Fikirləşirsən ki, bu mövzunu Tahir ancaq bu cür poetik enerji ilə yükləyə bilərdi.
İki sevən insan arasındakı ayrılığı, bu ayrılığın yaratdığı sıxıntını nümayiş etdirə biləcək onlarla, bəlkə yüzlərlə şeirin adını çəkmək olar. Amma Tahir Qurbanın "Məni gözləyirsən" şeiri bu mövzuda yenidir (təkcə o illər üçün yox, bu gün üçün də).

Qatarlar bir ovuc qara daş kimi,
Kim bilir, bəlkə də dönər yuxuna.
Yuxuna məktublar qonar quş kimi,
bütün təyyarələr enər yuxuna,

Sənin harayında min od, min ocaq
Səsində buludlar hönkürəcəkdir.
Mavi gözlərinə dəniz dolacaq,
dibində yosunlar göyərəkdir.

Məni görəcəksən baxsan hayana
Baxıb görəcəksən, göyərəcəksən.
Gözlərin qapansa,
barmaqlarına
Bir kor əlifbası öyrədəcəksən.

Tahirin ölümündən on il keçir. Onu unutmayanların sırası da get-gedə seyrəlir. Çox istərdim ki, onun şeirləri toplanıb bir araya gəlsin, bir kitab halına salınsın və təbii ki, bugünkü poeziyamızda Tahir Qurbanın şeirləri qəriblik çəkməyəcək. O şeirləri sevəcəklər.




TƏQVİM / ARXİV