adalet.az header logo
  • Bakı 21°C

Narkomanın əvvəli, "Narkoman"ın sonu

ETİBAR CƏBRAYILOĞLU
28355 | 2014-11-15 01:19




İstedadlı yazıçı-publisist və tərcüməçi, Həsən bəy Zərdabi mükafatı laureatı, "Qızıl Kəlmə" ödülünün sahibi Kamran Nəzirli son illər müxtəlif teatrlarla yaradıcılıq əlaqələri saxlayır. Müəllifin müasir mövzuda yazdığı, barışa bilmədiyimiz mənəvi itkilərimizdən bəhs edən "Şeytan işığı" pyesi bir neçə il öncə Lənkəran Dövlət Dram Teatrında uğurla səhnəyə qoyulub. "Şeytan işığı" teatrın repertuarında möhkəmlənə bilib və yaradıcı kollektivin həm paytaxta, həm də müxtəlif bölgələrə qastrolları zamanı nümayiş etdirilib.
Bu dəfə isə Sumqayıt Dövlət Musiqili Dram Teatrı Kamran Nəzirlinin yaradıcılığına müraciət edib və müəllifin "Narkoman" psixoloji dramını tamaşaçıların ixtiyarına verib.

Çərçivələrdəki
boşluq...

Tamaşaçılara təqdim olunan və premyerası böyük uğurla keçən yeni səhnə əsərinin mövzusu bu gün həyatımızda baş verən, tez-tez rastlaşdığımız hadisələrdən götürülüb. Maddi-mənəvi sərhədləri aşaraq dövrümüzün ən böyük bəlalarından birinə çevrilən narkomaniya gələcəyimizi də təhlükə qarşısında qoyur. Ona görə də nəfsimizi və nəslimizi "ağ ölüm"dən qorumaq ən başlıca vəzifələrimizdən biri olmalıdı.
Ramin (aktyor Cəlal Məmmədov) ali məktəbi qırmızı diplomla bitirsə də iş tapmaqda çətinlik çəkir. Müraciət etdiyi idarələrdəki qarşısına çıxan "yazılmamış qanunlar" ona mane olur. Süni maneələrdən təngə gələn və ruhdan düşən Ramin Zəncirli Oğlanla (Rövşən Əsgərov) rastlaşır. Savadsız, yalnız atasının sərvəti hesabına bütün idarələrin qapısını taybatay açmaq iqtidarında olan Zəncirli Oğlanın qurduğu kef məclisləri Raminin xasiyyətini, hadisələrə baxışını dəyişir. Yeni dostunun təsirinə düşən Ramin üçün belə məclislər artıq həyat tərzinə çevrilir. Qəbul etdiyi narkotik maddələr tezliklə onda həm psixoloji, həm də fiziki asılılıq yaradır.
Ramingilin ailəsində faciəli günlər bundan sonra başlayır. Ramin narkotik maddələr qəbul etmək üçün evdəki əşyaları, hətta anasının və həyat yoldaşının qızıllarını da satmağa məcbur olur. Anası Zinyət xanım (əməkdar artist Növrəstə Həşimova), həyat yoldaşı Nərmin (Şəhla Məmmədova) Ramini əvvəlki həyata qaytarmaq, düşdüyü acınacaqlı durumdan xilas etmək gücündə deyillər. Ürəyi bu dərdə dözməyən ana dünyasını dəyişir, Raminin xanımı isə körpəsini də götürərək evi tərk edir.
Zalda oturan tamaşaçılar Xalq artisti Kamran Quliyevin quruluşunda hazırlanan bu səhnə əsərindəki hadisələrin gedişini, aktyorların təbii və inandırıcı ifasını maraqla izləyir.
Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Əbülfəz Axundov tamaşaya maraqlı səhnə tərtibatı verib. Səhnədə divardan asılan boş çərçivələr narkomaniyaya qurşanan Raminin həyatında və daxili aləmində yaranan boşluqları ifadə edir. Əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədov musiqi tərtibatçısı kimi tamaşanın daha maraqlı alınmasına çalışıb.

... və nikbin ruhlu sonluq

Pyesdəki qəhrəmanlar hamımız üçün müqəddəs sayılan ailə dəyərlərinin qorunması uğrunda mübarizə aparırlar. Bəzən bu mücadilənin faydasız olduğu qənaətinə gəlsələr də, ümidlərini itirmirlər. Elə bu ümid də ailənin dağılmasının qarşısını alır, ailə üzvlərinin keçirdiyi sarsıntı və əzablar arxada qalır.
Bir-birinin ardınca həyatdan çox ağır zərbələr alan Ramin nəhayət ki, səhv yolda olduğunu anlayır və qurşandığı bəladan-narkomaniyadan qurtulmağa özündə güc tapır. Tamaşanın finalında həyat yoldaşı və körpəsi də Raminin yanına qayıdır. "Narkoman" tamaşası nikbin bir sonluqla bitir.
Müxtəlif ruhda böyüyən, fərqli dünyagörüşünə sahib obrazlar sonda başa düşürlər ki, ən böyük dəyər ailədi. Ailənin, bu evdə böyüyən körpənin gələcəyidi. Müəllif və tamaşanın üzərində əməyi olan yaradıcı kollektiv cəmiyyətə məhz bu mesajı vermək istəyirlər. Premyerada iştirak edən tamaşaçıların alqışından belə başa düşüldü ki, həm Kamran Nəzirli, həm də Sumqayıt Dövlət Musiqili Dram Teatrı istəyinə nail olub.
"Narkoman" tamaşasında digər rolları İlqar İbrahimov (Direktor), Sevda Hüseynova (Mətanət), Mətləb Səfərli (Məmməd), Rövşad İlyasov (Həkim) və İradə Zeynalova (Anna Nikolayevna) oynayırlar.

"Narkoman" barədə fikirlər

Ramiz Rövşən:
- Kamran Nəzirli və Sumqayıt Teatrlının kollektivi biz tamaşaçılara maraqlı bir səhnə əsəri təqdim etdilər. Tez-tez deyirik ki, bizim Qarabağ boyda dərdimiz var. Düzdü, Qarabağ problemimiz var, amma biz bu məsələni gec-tez öz xeyrimizə həll edəcəyik. İndi ən böyük problemimiz ailə institutunun qorunması məsələsidir. "Narkoman" tamaşasında da bu məsələ çox vacib bir problem kimi qoyulub. Müəllifi və yaradıcı kollektivi bu uğur münasibəti ilə təbrik edirəm.

Vaqif Bəhmənli:
- Sumqayıt tamaşaçıları bu əsərdə baş verən hadisələri sona qədər maraqla izlədi. Bu, Kamran Nəzirlinin də, tamaşanı hazırlayan insanların da uğurudur. Həqiqətən də teatrın təqdim etdiyi yeni səhnə əsərində ətrafımızda baş verən problemlər, narkomaniyanın törətdiyi bəlalar təsvir olunur. Müasir mövzulu, yüksək səviyyədə hazırlanmış belə tamaşalara səhnəmizin həmişə ehtiyacı var.

Xalq artisti Kamran Quliyev:
- Tale elə gətirib ki, tanınmış yazıçı və dəyərli alim Kamran Nəzirlinin "Narkoman"dan əvvəl səhnəyə qoyulan "Şeytan işığı" pyesinə də mən quruluş vermişəm. Lənkəran Dövlət Dram Teatrında hazırladığımız həmin tamaşa bu gün də uğurla oynanılır.
Kamran Nəzirli ilə ikinci müştərək işimiz olan "Narkoman"ın da səhnə həyatının uzunömürlü olacağına ümid edirəm. Tamaşanın hazırlanmasında əməyi keçən hər kəsə-Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə, Sumqayıt Dövlət Musiqili Dram Teatrının direktoru İslam Həsənova, baş rejissoru, əməkdar artist Firudin Məhərrəmova, bütün yaradıcı və texniki heyətə minnətdarlığımı bildirirəm. Tamaşamızı maraqla qarşıladıqlarına görə sumqayıtlı teatrsevərlərə təşəkkür edirəm.

Sonda onu da xatırladaq ki, teatr "Narkoman"ı Bakı tamaşaçıları qarşısında da oynayacaq.


TƏQVİM / ARXİV