adalet.az header logo
  • Bakı 12°C

QIRMIZI İP

VƏSİLƏ USUBOVA
20782 | 2014-11-15 01:14



Batmaqda olan Günəşin sarımtıl, zəif şüaları pəncərədən otağıma dolur. Günəş öz yatağına tələsir. Daha bir payız günü ömrünü başa vurur. Zamanın sayğacı işləyir və görünməz əl bizim də ömrümüzdən bir günü Kainatın arxivinə ötürür. "Kainatın arxivi" deyəndə özümüzə təsəlli verirəm. Bu dünyada heç nəyin itmədiyinə, yaşadığımız ömürdən bizdən sonra da nələrinsə qalacağına inandırmaq istəyirəm...
Yaxşı ki, insanın yalançı təsəlliləri var və bu əsassız, bəzən özünün də inanmadığı xəyallarla aradabir könlünü ovuda bilir. Günlərin qısalıb, gecələrin uzandığı bu payız günlərində mənim də qəribə məşğulluqlarım peyda olur. Məsələn, hərdənbir köhnə qəzetləri (çox da köhnələri yox) qarşıma töküb vərəqləməyi sevirəm. Bir zaman gözdən qaçırdığım maraqlı parçaları tapıb oxuyuram və bundan ayrıca zövq alıram. Görünür, fikirlərin, deyimlərin də üstündən aylar, illər keçməlidi ki, daha da dəqiqləşsin, şirinləşsin, təzə məna, məzmun qazansın...
Qəzetlərin birində rastladığım cümlə əməlli-başlı qəlbimi titrətdi: "Qismətində görüşmək olan şəxslər arasında zamandan və məkandan asılı olmayaraq görünməz qırmızı ip var. İp gərilə və ya boşala bilər, amma qırıla bilməz..."
Necə olub ki, bu mənim ağlıma gəlməyib?! Necə olub ki, bu yaşadək o Qırmızı İpin varlığından xəbər tutmamışam?! Mümkün olan işdimi?! Qırmızı iplə mənə bağlanan şəxs kimdisə, mənim arzuladığım və gözlədiyim kəs deyil. Hamı kimi mənim də arzularımdan və gözləntilərimdən xəbərim var. İçimdəki əbədi həsrətin, nisgilin, canımdakı sızıltının səbəbini də bilirəm. Onlardan gileyli də deyiləm. Bəlkə də ömrümü dolduran, başqalarından fərqləndirən də elə bunlardı. Amma əminəm ki, qırmızı ipdən bizim heç birimizin xəbərimiz yoxdu. Onun nə zaman gərildiyini və boşaldığını da hiss eləmirik. O, nəsə ilahi bir bağdı və bəndə deyilən varlığın əli çatan yerdə deyil. Yaxşı ki, elə belədi. Yoxsa, onun da başına oyun açardıq. Kəsərikmi, qısaldarıqmı, boşaldarıqmı-bilmirəm. Onu bilirəm ki, biz insanların əl yetirə bilmədiyi şeylər daha salamatdı, daha bakirədi...
Bəs, niyə o ip qırmızıdı?! Bəlkə qırmızıda bir işıq, ürəyi isidən hərarət var?!
Bir də... axı, qırmızı həm də qadağaların, olmazların rəngidi...
İndi mən hansına inanım?! Bəlkə heç bu barədə düşünməyim?! Yox, deyəsən, bacarmayacam. Elə şeylər var ki, adam onları özünə qadağan edə bilmir. Necə düşünməyim ki, o cümləni oxuyan andan fikrim o Qırmızı İpin yanındadı?! Xəyalən artıq o ipin ucundan tutmuşam və... yol gedirəm. Qismətimdə görüşmək olan O Şəxsə tərəf gedirəm. Çox xəyallar qururam, çox şirin şeylər barədə düşünürəm. Keçmə mənim də bu xəyalpərəstliyimdən. Ağlım kəsəndən burulğanından qurtula bilmədiyim dadlı gözləntilərimdən. Bu günəcən bircəsi də çin olmayıb, mənsə hələ inadımdayam...
Bu gündən belə düşüncələrimi heç xəyal da saymayacam. Onlara inanacam, onlardan güc alacam...
Axı, o qırmızı ip məni həm də həyata bağlayır. Mən heç onun sonuna çatmaq da istəmirəm. Gözləmək hər şeydən yaxşıdı. Gözləməkdə güc var, sirli cazibə var. Gözləmək ömrü uzadır. Gözləməkdə məğlubiyyət yoxdu...
Qorxum bircə şeydəndi. O köhnə qəzetdə mən başqa bir cümlə də oxudum, axı. "Zamandan başqa itirilən hər şeyi tapmaq mümkündü..." lap adamın nəfəsi kəsilir. Bütün günümüz itkilərlə keçir, desəm, qınamayın məni. Bayaqdan təsvir elədiyim payız Günəşinin qürubu itki deyilmi?! Bir də geri dönməyəcək, təkrarlanmayacaq, yaşanmayacaq bir günün itkisi... Qoynunda nələri apardı... Oturub düşünsən, nə qədər qədirbilməz olduğunu anlarsan. Heç nəynən ölçülməyəcək vaxtın qədirbilməzi...
Bir şeyi tapanda nə qədər sevinirsənsə, o qədər də qorxu girir qəlbinə. Həmin o tapdığını itirmək qorxusu. Mənim adım itirdikləri qazandıqlarından çox olanların siyahısındadı. Bunu bilirəm, ancaq dəyişməkdə acizəm. Bilirəm, qorxum da heç nəyi dəyişdirməyəcək. Ancaq arzularımdan da vaz keçə bilmirəm. Deyirəm, nə olardı, o Qırmızı İp həqiqət olaydı. Qoy uzandıqca uzansın, gərilsin, boşalsın, ancaq qırılmasın!
Bilirsiniz O Şəxs mənə nəyə görə lazımdı?!
Heç nə istəməyəcəm ondan...
Sadəcə bir nağıl danışacam ona...
Qıpqırmızı bir nağıl...
Bir də onu deyəcəm ki, mən elə uşaqlıqdan qırmızı rəngi sevmişəm...



TƏQVİM / ARXİV