DİQQƏT TALONU

ƏBÜLFƏT MƏDƏTOĞLU
38041 | 2014-11-15 01:06


İndi düşünəcəksiniz ki, yenə nostalji hisslərə baş vuracamg keçmişi vərəqləyəcəm. Necə deyərlər, açacam sandığı, tökəcəm pambığıg Təbii ki, belə fikirləşməkdə haqlısınız. Ən azı ona görə ki, dünəndən imtina etmək bugünün bünövrəsini qazmaq, özülsüz bir evdə yaşamaq kimi bir şeydi. İstənilən qasırğa, istənilən titrəyiş, hələ mən zəlzələni demirəm, o evi saman çöpü kimi oynada bilər. Bu mənada bir deyim də var, "keçmişini unudanın gələcəyi də olmur". Mən də məhz həmin o bildiklərimə, keçmişimə söykənib sizinlə bu günün, bu zamanın söhbətini edirəm. Elə bilirəm ki, bu ovqat söhbətləri sizə də nələrisə xatırladacaq, sizin də dünəninizi göz önünə gətirmək, onu yenidən yaşamaq haqqınızı çin edəcək...
Bax beləcə, sizin də, mənim də haqlı olduğumuz bir gerçəyin içində yola çıxırıq - uzun, amma sonu görünən bir yola. Həmin yolun başlanğıcı yaddaşla, xatirələrlə bağlıdı və mən də o yaddaşın gücünə, o xatirələrin köməyinə arxalanıb, güvənib həm özümə, həm də çevrəmə nəyisə demək, nəyisə göstərmək amacındayam. Elə bilirəm ki, bütün bunlar hamımızın, bütövlükdə bu yazını oxuyan hər kəsin bir yarpaq xatirəsini dilə gətirməyə, pıçıldamağa bir növü katalizator kimi səbəb olacaq. Bütün səbəblər istənilən halda həm də bir zərurətdən doğur. O zərurəti ürək tələb edir, ağıl istəyir və ürəyin, ağılın istəyi də əslində qarşısı alınmayan anlamda ağrı-acı vermək gücündə olan bir ehtiyacdı...
Mən hələ çox-çox bundan öncə kitablarımın birinin adını "Ehtiyacın elçi daşı" qoymuşdum. Onda düşünmüşdüm ki, mənim bütün ehtiyaclarım təkcə öz qapımda, öz çevrəmin həyətində qoyulmuş elçi daşının üstündə oturmayıb. O bütövlükdə millətin, cəmiyyətin, dövlətin elçi daşının üzərində növbəsini gözləyir. Təbii ki, mən burda maddi ehtiyacı yox, mənəvi ehtiyacı, ağrılarımın mühafizəsini, dərdlərin əlacını qabartmağa çalışmışdım. Və bunun ardınca da başqa bir kitabımı "Allah, məni unutma" adlandırmışdım. Hətta gənc yazar dostlardan biri zarafatla öz yazılarının birində vurğulamışdı ki, "Əbülfət Mədətoğlu elə bilir ki, Allah onu eşidəcək və onu unutmayacaq". Bu zarafatın özündə mən iki məna görmüşdüm. Birincisi, bir vətəndaş, bir bəndə olaraq mənim öz Allahıma üz tutmağım həm təbiidi, həm də haqqımdı. Amma bütün dünyadakı bəndələrin, hamımızın tək Allahımıza üz tutması da onların haqqıdı. Deməli, bu qədər haqqı olanların içərisində Allahımızın kimi eşidəcəyini, kimi unutmayacağını söyləmək mümkünsüz bir şeydi. Lakin həyatda, yaşamda, yaradıcılıqda, lap elə sağlamlığın özündə hər şey yerli-yerindədisə, hər şey uğurla inkişaf edirsə, deməli, onun müraciəti, onun Allahımıza üz tutması qəbul olunubdu.
Bax, bu mənada mənim də giley-güzar etmək, naşükür olmaq haqqım yoxdu. Və üstəlik Allahımın məni eşitdiyinə, məni mükafatlandırdığına da, məni diqqətdə saxladığına da əminliyimi həmişə bəyan etmişəm. Bunun göstəricisi hədiyyəm olan dərdlərimdi və mən də o dərdləri sevə-sevə vəsf edirəm. Həmişə də vurğulayıram ki:

Dərdin
böyüyü, kiçiyi
olmur...
dərdin
ölçü vahidi
ürəyin tutumudu -
dərd
dadı damağımdan
ağrısı canımdan
heç vaxt getməyən
bir
meyvə tumudu!..

Bax elə bu sevgiylə də, bu inamla da onu da bildirirəm ki:

Sən
təəssüf etmə
heç nəyə
nəsə
baş veribsə -
demək
gərəkdi!
Və əslində
mənə görə
tale özü də
bir növü çörəkdi...
kim necə bacarırsa
o cür də
qazanır,
həzm edir...
Bax,
həmin o zamanın içində
hər şey -
hətta ömür də
əriyib gedir...
Sən
təəssüf etmə
olanın,
gedənin
arxasınca
bir iynə ucu boyda belə
getmə!..
hələ
özünü toparla

"əlvida!" söylə
düşünülmüş şəkildə
bilə-bilə...

***

Yazılan hər bir söz içdən gələndə, ruhdan qidalananda ən daş ürəkli insanın belə primitiv şəkildə desəm, heç olmasa tükünü tərpədir, qəlbinə iynə ucu boyda təsir edir. Ona görə də həmin o duyğulu, anlaşılan, içdən gələn yazılar, sözlər havada qalmır. Elə bil küləksiz bir şəraitdə ağacdan yarpaq necə qopub düşürsə və onun budaqlara, yerdə hansısa bir cismə, nəhayət, torpağının özünə toxunanda çıxardığı səs həssas adamların diqqətindən yayınmır. Bəzən bunu hərə bir cürə məna da verir, don da geyindirir. Şəxsən mən küləksiz, mehsiz havadan qopub düşən yarpağın həmin o səsini ağacın ahına bənzədirəm. Mənə elə gəlir ki, ağac hansısa bir dərdin ağırlığından, hansısa yükə dözümsüzlüyünü ifadə edəndə bir dəli "ah" çəkir və o dəli "ah" da qopub torpağa düşən bir yarpaq olur...
İndi payızdı, xəzəl vaxtıdı. Səhərlər şəhərimizin mərkəzi yerlərindən biri olan Akademiyanın həyətindəki parkda gəzirəm. Əl boyda yarpaqlar elə asta-asta qopub düşür ki, sanki yarpaq yağışıdı. Bu çinar yarpaqları, dediyim həmin o "ah"ı hər səhər mənə eşitdirir və mən də o "ah"ın yükü altında ömrün payızını ilin sonuna tərəf çəkib aparıram, özü də bilirəm ki, qarşıda qış var. Onu aşmaq, ondan keçmək özü də bir tale yazısı, özü də bir ömür payı və nəhayət özü də bir Tanrı iradəsidi. Yəni keçib-keçməmək təkcə mənim istəyim deyil, mənim cəhdim deyil. O istəyi, o cəhdi gerçəkləşdirmək gücü yalnız Allaha aiddi. Belə olan şəraitdə mən özümdən xəbərsiz daha çox poetik düşüncəyə qapılıb qalıram. Lap obrazlı desəm, özümü, duyğularımı, ürəyimi şeirə tapındırıram.

Səhərin yuxusunu
Ərit kirpiklərində...
Axıtma göz yaşını-
Kirit kirpiklərində...

Yaddaşına işıq sal
Xatirələrlə danış...
Onda bu şəhər sənə -
Tanış gələcək, tanış...

Neçə tini, döngəni
Adbaad sayacaqsan...
Xəzərin pıçıltısın -
Yaxından duyacaqsan...

İşıqforda dayanan
Dilənçi qadın belə
Düşəcəkdi yadına-
Düşəcək çox şey hələ!..

Arxadakı zamanı
Xatırlamaqla dirilt!
Özün kiridiyin tək-
Gülüm, məni də kirit!..

***

Nədənsə sözün urvatdan düşdüyü indiki vaxtda adamların bir-birinə diqqəti də kasadlaşıb. Az qala azalıb, azalıb sonra... Sonra da sovet dönəmində bəzi məhsullarda olduğu kimi, yəqin o da talonla olacaq. Özü də iri hərflərlə üst yazısı olan talonla, yəni "Diqqət Talonu"! Bilmirəm, bu talonu kim paylayacaq, hansı idarə məşğul olacaq o işlə, ya bu məsələdə imtiyaz olacaq, olmayacaq... Amma bir şeyi bilirəm ki, buna tələbat gerçəkləşəcək. Çünki azalan diqqət insanların etinasızlığını, laqeydliyini, hətta gərəkizliyini hər gün daha çox göyərdir, şaxələndirir... Bir qəribə bitki var, yəqin adını, dadını bilirsiniz. Pərpətöyünü deyirəm! Onun qəribəliyi ondadı ki, bir toxumu külək, meh hara aparıb atdısa, orda da dərhal cücərəcək. Düzdü, çayır da belədi, amma pərpətöyün toxumu bir atalar məsəlində də özünü təsdiqləyib. Deyirlər ki, filankəs pərpətöyün toxumu kimi tez dağılıb özündən çıxır...
Bax, bu mənada indi həmin o diqqətin get-gedə tükənməsi və günlərin bir günü talonla olması mənim inancıma görə labüddü. Düşünürəm ki, bu məsələdə mən tək deyiləm, ən azı beş-on həmfikrim var. Onlardan biri ürəyimin ən yaxını olan sənsən. Yəqin ki, etiraz etməzsən və hətta etiraf edərsən ki, bu gün o diqqətsizliyin ucbatından nə qədər ürəklər sınır, nə qədər fikirlər haçalanır, nə qədər incikliklər baş verir. Bunların olmaması, baş verməməsi üçün isə sadəcə dediyim o diqqət məvhumu, anlayışı bir xan çinar kimi boy göstərir...
İllər öncə bir hadisənin şahidi olmuşdum. O vaxt çox yaxın olan iki dost kiçik bir diqqətsizliyin üzündən yollarını ayırdılar. Belə baxanda bu, bəlkə də bir güzəşt etməyi, bağışlamağı bacarmamağın nəticəsi idi, amma mən sonralar təkrar-təkrar həmin o məsələni özüm üçün də, elə onların özləri ilə birlikdə də, təbii ki, ayrı-ayrılıqda müzakirə edib belə bir yekun qərara gəldim ki, həqiqətən diqqətsizlik çox incəlikləri alt-üst etmək gücündədi. Elə incəlikləri ki, onu illərlə, ömür xərcləməklə qazanıb qoruyursan. Amma sonda...

İçini didəndə xatirələrim
Soyuq baş daşını
Qucaqla, ağla...
Gizlədib hamıdan göz yaşlarını
Çəkil bir bucağa -
Bucaqda ağla...

Üstünə bir bəlli tarix yazdığın
Şəkillər içindən kəsib, asdığın
O şəxsin həniri hopmuş yastığın
Ətrindən məst olub-
O çağla ağla...

Özündən uzaq tut qəmi, xiffəti
Unut ayrılığa olan nifrəti...
Dəfn elə, biryolluq sən Əbülfəti-
Onun yandırdığı ocaqda ağla...

... Bəli, bütün bu gəzişmələrdən, söz baş-başa qalmaların və onun yaşatdıqlarının içindən üzü dünənə boylanıram. Orada nələr, kimlər yoxdu... oradan nələrlə, kimlərlə çıxıb gəlmişəm... oradan nələri, kimləri gətirmişəm... Bax, bütün bunları bir özüm, bir Allahım bildiyi anda, amma yenə də sənə üz tutmaq, səndən soruşmaq istəyirəm:
- Mən Diqqət Talonuna ehtiyac olacağını söyləyəndə yanılmadım ki? Və ümumiyyətlə, bu yazını yazmağım kiminsə diqqətini çəkə biləcəkmi?..




TƏQVİM / ARXİV