adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

ADAMI çÖRƏKLƏ DƏ SINAYARLAR, LAP ACLIQLA DA

OQTAY SALAMOV
18990 | 2007-12-18 05:14
O hansı atalardır ki, "adamı çörəklə sınamazlar" məsəlini, o hansı analardır ki, "Allah adamı çörəklə sınamasın" diləyini dilə gətiriblər? Köhnəliyin ən bariz nümunələridirlər, yaxşı ki, indiki zamanda məsəl oxuyan, diləyə baxan yoxdur, yoxsa adam keçmişinə baxıb utana bilər. Yaxşı ki, indi heç nəyə baxan, heç kimə qulaq asan yoxdur, nə it yiyəsini tanıyır, nə də yiyəsi itini. İt də azaddır, yiyəsi də. Hamı bu günlə yaşayır, daha sabah haqda düşünmək dəbdə deyil, Allahın Kərimliyinə də şübhə edirlər, kərimliyi özlərində görmək xülyasına düşüblər. Və yaxşı ki, bunları ürəyinə salıb özlərinə dərd eləyən yoxdur, yoxsa xəstəxanalarda, qəbiristanlıqlarda da "probka"lar yaranar, körpü-mörpü də kömək eləməz...
   
   Bakı (Bakı deyəndə Azərbaycan düşünməyi öyrənməyənlər ancaq köhnə bakılılardır) Yeni ili qarşılamağa hazırlaşır. Bu il bayrama xərclənən pulları çörəkçilərə kompensasiya kimi versələr, gələn il Bakıda (Azərbaycanda) çörək müftə ola bilər. Murad Dadaşov deyir ki, hələ tarix bu bayramdakı qədər sürprizlərlə, təmtəraqla qarşılaşmayıb, bəlkə heç qarşılaşmadı da. Məlumatlar gəlir ki, şəhərdə 25 böyük yolka (əvvəllər milad ağacı, şam, küknar-zad yazardılar) quraşdırılacaq. Ən böyüyünü də "Azadlıq" meydanında quracaqlar ki, dünyaya azadlığımızı nümayiş etdirə bilək. Düz 25 metr (8 mərtəbəli evdən də hündür) hündürlükdə Azadlıq sübutu! Qoy istəməyənlərin gözünə dağ çəkək. Düzdür, keçən il baş yolkamızı neftimizin şərəfinə "Azneft" meydanında qurmuşduq və onu da külək aşırmışdı, azadlığımızın dayanıqlığı şübhə altına düşmüşdü, amma bu il qabaqlayıcı tədbirlər görmüşük, qəti qorxusu yoxdur. İstəsək bayram günləri küləyin əsməsini də qadağan eləyərik, erməni-zad döyül ki, sözümüzü vecinə almasın...
   
   Erməni demişkən, Türkiyədə fəaliyyət göstərən 212 Milli Qeyri- Hökumət Təşkilatının qərarı ilə 2008-ci il Türkiyədə, Azərbaycanda, Şimali Kipr Türk Cümhuriyyətində və Kərkükdə "Qarabağda İnsan haqları İli" elan olunub. Bizim QHT-lər də qrant davası döyürlər. Hələ qoy dövlət yardımını da görsünlər, gör onda nələr edəcəklər. Nə deyirsiniz, Azərbaycanın adının bu türk QHT-lərinin bu siyahısında qalmasına razılıq verəkmi?
   
   Ermənistanda Azərbaycan həftəsi keçirilir. Təklif edirəm ki, Ordumuzu da götürüb gedək həmin həftənin əvəzinə Ermənistanda Azərbaycan əsri keçirək, nə deyirsiniz? Bilirəm, populist təklifdir, xam xəyaldır. Amma bizə o qədər belə təkliflər verilib ki, nağıllar danışılıb ki, onda da susmusunuz, indi də susun... Sizi ən çox narahat edən o olsun ki, ABŞ-a vizaların qiyməti qalxır, neynəyəcəyik? Keçən il (söhbət indi içində yaşadığımız ildən gedir, hələ bilmək olmaz ki, ona kimlər "keçən il" deyə biləcəklər) hələ Qurban bayramı və Yeni il bahalaşması hesablanmadan, rəsmi məlumatlara görə, kərə yağı 56 faiz, bitki yağı 46 faiz, buğda unu 42 faiz bahalaşıb. Çörəkdi, bu il 48 faiz bahalaşıb, gələn il də bahalaşacağı dəqiq gözlənilir - nə olsun ki, hələ yaşamırıq? İnşallah, ölənə qədər də yaşayacağıq!..
   
   Əsas ümiddir, ümidvarlıqdır. Bax, Serj Sarkisyan dedi ki, gələn ilin fevralının 19-na qədər, yəni Ermənistanda prezident seçkilərinə qədər Azərbaycanla ilkin razılıq əldə oluna bilər və yeni təkliflər mənim (yəni onun) razılığımla təqdim olunub. Bizim XİN-in sözçüsü Xəzər İbrahim deyib ki, bu sözləri deməklə Sarkisyanın nəyi nəzərdə tutduğunu bilmir, amma danışıqlar prosesinin irəli getməsi üçün Ermənistan konstruktiv mövqe tutmalıdır. Yəni onlar seçkilər ərəfəsində həmişə belə bəyanatlar verirlər, lakin bu bəyanatlar sonradan həyatda öz əksini tapmır. (Keçmə bu diplomat dilindən, əşi, denən sözlərinin dalından qaçırlar, tüpürdüklərini yalayırlar dəə). Sonra da deyir ki, "ona görə də rəsmi Bakı bu dəfə Ermənistan rəhbərliyinin verdiyi bəyanatları yerinə yetirəcəyinə ümidvar olduğunu bildirir". Niyə ay rəis, nə dəyişdi ki, ümidvar oluruq? Yəni deyə bilmərik ki, bu dəfə də dediklərinizi yerinə yetirməyəcəyinizə əminik?
   
   Ruslar istəmirlər ki, Az.TV Rusiyada yayımlansın. Qorxurlar ki, əhalisi bizim kimi nikbin və ümidli olar. Cavanlar gəlib Az.TV-ini elə cavanlaşdırıblar, elə dövrə uyğunlaşdırıblar ki, indi o rusların gözünə Az.TV yox, Çox.TV kimi görünür, eto im nado?..
   
   Bu il Şaxta babalar da adambaşına 36 manat dövlət rüsumu ödəməlidirlər. Santa-Klauslar və mollalar haqda məlumat verilmir. Amma mollalar işəmuzd rüsum versələr, büdcəmizin gəlirləri gözgörəsi dərəcədə artar, ölənlərin sayı bilirsiniz nə qədərdir?!. Müğənnilər də Yeni il gecəsi nə qədər qazanmaq istədiklərini açıqlayıblar. İstəkləri baş tutsa, gələn ilin dövlət büdcəsində pensiyaları artırmaq mümkün olacaq.
   
   Qayıdaq yazının başlığına. Bizim dözümlü və səbrli xalq olduğumuz dünyaya bəllidir. İndi bizi sınağa çəkirlər ki, daha nə cür xalq adını, ayıb da olsa, qabağımıza yapışdırsınlar, üzə çıxarsınlar. Yavaş-yavaş çıxarırlar da. Biz məğrur xalqıq, aclığımızı, kasıblığımızı heç kəsə bildirmərik. Bu sınaqdan da tam üzüağ çıxa bilsək, bəşəriyyətin necə ac bayram edə biləcəyi haqda dissertasiyalar müdafiə ediləcək, alimlər ordusunun sayı artacaq. Bizə başqa daha nə lazımdır ki?..
   
   
   
   P.S. Mənə bir tapmaca deyiblər, cavabını çətinliklə tapmışam. Siz də özünüzü sınayın: -Paaart! Pırt, part, pırt... Heç nə, vızqırt... Özünüzü yormayın, cavabı çox bahalı şeydir: Salyut!
   
   

TƏQVİM / ARXİV