adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

"QUM SAATI"

ƏBÜLFƏT MƏDƏTOĞLU
19795 | 2014-11-14 09:42
Bir həftə olar ki, stolumun üstündə bir kitab var və bu kitabın mətbəə qoxusu hələ canımdan çəkilməyib. Amma mən o qoxunu artıq ciyərlərimə çəkə bilmişəm, özü də bir neçə dəfə. Əvvəlcə sadəcə vərəqləmişəm, sonra yazıların fəsillərinə diqqət yetirmişəm və nəhayət...
Bu kitab həmkarım, eloğlum, bir zaman birlikdə "Araz" qəzetində çalışdığım və özümə çox munis bildiyim Oqtay müəllimin yeni əsəridi. Daha doğrusu, obrazlı desəm, onun dünyaya gələn yeni söz övladıdı. Və bu kitab çox maraqlı bir tərtibata malikdi. Üz qabığı adama xüsusilə qaçqınlıq, torpaq itkisi yaşayan adama kövrək notları xatırladır, həzin bir duyğuları, ilıq bir pıçıltıları ələyir onu oxuyan hər kəsin üstünə. Və mən həmin o ovqatın içində qələminə yaxşı bələd olduğum Oqtay müəllimin barəsində professor, şair Ənvər Əhmədin giriş yazısını oxuyuram. Ön sözdən daha çox müəllifi və kitabı birbaşa oxucuya təqdim edən Ənvər Əhməd həmişə olduğu kimi, bu dəfə də böyük səxavətlə sözə qızırqanmadan ürəyini açıb və Oqtay Ərgünəşin bu yeni kitabını səxavətlə ictimai fikrə təqdim edib.
Bir neçə bölümdən ibarət olan "Qum saatı" kitabı əvvəldə dediyim kimi tərtibat baxımından çox maraqlıdı. Yəni müəllif oxucunu yormamağı öncədən nəzərə alıb. Hekayələrini, deyimlərini, publisist yazılarını elə sıralayıb ki, bu düzülüş bir növü fırlanır. Biri digərini əvəzləyə-əvəzləyə oxucunu haldan-halad salır, zamandan-zamana keçirir və müxtəlif notlar üstündə kökləyir.
Mənim üçün bir məqam da xüsusi olaraq yaddaşıma həkk olundu. Belə ki, mən bu kitab barəsində yazmaq qərarına gələndə bütün Azərbaycanı sevindirən, ruhunu dirçəldən bir xəbər eşitdim. Yəni cəbhədə düşmən vertalyotunun vurulması və onun da bir xəbər kimi mənim "Ədalət" qəzetində növbətçi olduğum sayda dərc edilməsi əhvalımı əməlli-başlı yüksəltmişdi. O yüksələn əhvalıma kitabdakı "Osmanlı beşatılanı" hekayəsi də bir növü mükafat oldu. Qeyrətli bir vətən oğlunun babasından qalan Osmanlı beşatılanı ilə Qarabağda, eləcə də Tuğ kəndində qəddarlıqla ad çıxaran bir rus zabitini məhv etməsi və buna görə də baş verəcək qalmaqalı gözünün önünə gətirməməsi doğrudan-doğruya Qarabağ müharibəsinin önəmli faktlarından biridi və bu bədiləşən fakt neçə-neçə qəhrəmanlığın bir hekayədə ifadəsidi.
Kitabın adı ilə həmahəng olan, yəni kitabın adına çevrilən kinopovest xalqımızın qəhrəman kəşfiyyatçılarına həsr olunub. Bu kinopovestdə müəllif ordumuzun, bütövlükdə silahlı qüvvələrimizin indiki durumunu, hazırlığını, malik olduğu maddi-texniki bazanı, üstəlik də kökdən gələn sücaətini sadə, həm də son dərəcə dinamik bir şəkildə oxucuya çatdırır. Düşmənin arxasına keçmək, necə deyərlər, səngərin o üzündən gərəkli olan tapşırıqları yerinə yetirib müxtəlif vasitələrlə qorunan, hətta kənar dövlətlərin də bir növü iştirakçısı olduğu, həm də şərait yaratdığı bir təxribatın qarşısını zərgər dəqiqliyi ilə almaq Azərbaycan kəşfiyyatçılarına müəssər olur. Bu əməliyyatı hazırlayan ordu qərargahı bütün tapşırıq boyu hadisələri izləyən, əməliyyatın başlanmasına göstəriş verən və onun uğurlu sonluğunu məmnunluqla qəbul edən yüksək zabit heyəti, o cümlədən Ali Baş Komandan obrazı bu kinopovestdə Oqtay Ərgünəş qələmiylə kifayət qədər anlaşılan, hətta göz önündə canlanan bir şəkildə sərgilənibdi. Kinopovesti oxuduqca həmin o hadisələrin bütün mənzərəsi elə kino lenti kimi də gözlərin önündən gəlib keçir.
Kitabda milli-mənəvi dəyərlərlə bağlı publisist yazı, jurnalistikamızın ön cərgədə olan ustadlardan olan Əli İldırımoğlu fenomeni, həmçinin tarix, zaman gerçəkliklərini oxucuya çatdıran yazılar günümüzün real mənzərəsinin təqdimatıdı. Yəni bu publisist yazılarda ifadə olunan bütün fikirlər hamımızın istəkləri ilə həm səsləşir, həm də onu tamamlayır.
"Qum saatı" kitabı ilə bağlı qeydlərimi diqqətə çatdırarkən onu da vurğulamalıyam ki, bu kitabdakı deyimlər, aforizmlər ilk baxışda çox sadədi. Məsələn, "yurd yeri, ocaq daşı" və yaxud "halallıq - insanlıqdı, həyatın gözəlliyidir", "şəxsiyyəti nurlandıran insanın gözəl qəlbidir", "tamah insanı haqq yolundan sapındırar", "korazehin müəllim nadan yetişdirər" və s. Bu nümunələri ona görə diqqətə çatdırıram ki, bəlkə də bizim hər birimiz ayrı-ayrılıqda bu sözləri, bu fikirləri primitiv bir formada dilə gətirmişik. Lakin Oqtay Ərgünəş həmin o hamımızın verdiyi o sözləri bir növü cilalayıb yerli-yerində anlaşılan, qəbul olunan aforizmlərə çevirib. Ümumiyyətlə, bu kitabı müəllif valideynlərinin - atasının, anasının ruhuna həsr edibdi. Onların xatirəsini bu kitabla bir daha yada salıb və onun "Elin atası, evin anası" epitafiyası məhz hər iki valideynin dilindən qopub oğulun, yəni yazıçı-publisist Oqtay Ərgünəşin ürəyində, yaddaşında yaşayan deyimlərin cümlələrə çevrilib bir-birini tamamlayan yazıya çevrilməsidi. Bütövlükdə həmin o dialoq formasında olan, amma əslində isə hər biri ayrı-ayrılıqda bitkin bir fikri ifadə edən bu epitafiya yazı nümunəsi kimi də orijinaldı.
Bax, bu qısa, amma tələsik və isti qeydlərimlə mən dəyərli həmkarımı, əzizim Oqtay Ərgünəşin "Qum saatı" kitabını sizin də diqqətinizə çatdırıram. Oxuyun, bilirəm ki, mütləq mənimlə razılaşacaqsınız.

TƏQVİM / ARXİV