adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

AY CAMAAT, BU TOY KİMİNDİR?

QƏZƏNFƏR PAŞAYEV
28809 | 2014-11-14 09:41
İllərlə öncə rayonumuza, beş il bir yerdə ali təhsil aldığım, qonşu kənddən olan dostumun toyuna getmişdim. Toyda qəribə bir hadisənin şahidi oldum. Toy başlayan kimi kəndin ağsaqqallarından biri ayağa qalxaraq dedi: 
- Ağsaqqalsız, böyüksüz nə ev, nə də kənd olsun. Gəlin ilk badələrimizi kəndimizin, yolgöstərəni, xeyirxahı sovxoz direktorumuzun sağlığına qaldıraq. Qoy bundan sonra bu bir ənənəyə çevrilsin.
Tamadamız çaşbaş qalmışdı. 

Adətən toyda birinci sağlıq bəylə-gəlinin şəninə deyilir. Uzun illər onun kənddə kolxoz sədri, sovxoz direktoru işlədiyindən, həqiqətən də böyük hörmətə, etirama layiq olduğundan, nəinki rayonumuzda, eləcə də Respublikada yaxşı tanındığından, adlı-sanlı təsərrüfat rəhbəri olduğundan etiraz edən olmadı. Belə bir adam haqqında məqamında xoş söz demək, yada salmaq insafdandır. Ən azından ona görə ki, özü toylara getməsə də, xeyirdə, şərdə imkansız ailələrə yağ, düyü, bir erkək göndərirdi. Bununla belə, dostumun toyunda müşahidə etdiyim mənzərə tamadamız kimi məni də çaşbaş salmışdı. Bu toyda yaltaqlığın son həddini gördüm.

Bilmirəm, bəlkə də içdikləri cecə arağı da öz işini görürdü. Kənd üzümçülük sovxozu olduğundan cecə arağı çəkib ucuz qiymətə toylara verən araqçəkənlər peyda olmuşdu. Demək olar ki, əksər toylarda cecə arağı verilirdi. Kənddə deyirdilər ki, cecə arağı adamı tez hallandırır, ağlını başından alır. Yarızarafat onu da deyirdilər ki, dağ havasının, bulaq suyunun, bal kimi üzümün, başqa meyvələrin, kərə yağın, yağlı pendirin, qaymağın, balın və sairlərin qabağında əzrail bizə yaxın düşə bilməz. Bizim axırımıza çıxsa cecə arağı çıxacaq. Bunu özləri etiraf etsələr də cecə arağını su kimi içirdilər. Çoxu harada olduğunu belə unutmuşdu. Sovxoz direktorunun onların tərifinə heç bir ehtiyacı olmadığı halda, yerindən duran, hətta iki cümləni dalbadal düzməyi bacarmayan savadsız adamlar belə onun sağlığına badə qaldırırdı. Sanki yarışa girmişdilər. Sən demə ilk sağlıq, necə deyərlər jurnal imiş, film qabaqdaymış.

Fikrə getmişdim. Elə bil yenidən kəşf etdim ki, dünya bina olandan bəşər övladına xas olan təriflə yaltaqlıq əkiz doğulub. 
Elə bu vaxt içkidən turp kimi qızarmış orta yaşlı şişman bir kişi ayağa qalxdı və kağız salfetlə üz-gözünün tərini silərək ucadan:
- Ay camaat, siz çörəyi dizi üstündə olan qədirbilməzsiniz. Sizə çörək verəni unudursunuz. O boyda kişi haqqında boğazdan yuxarı danışırsınız. Haqqında sağlıq deyəndə yerinizdə oturub içirsiniz. Adam kişi olar. Elə bir kişinin sağlığına gərək ayaqüstə içək. Qoy eşitsin və agah olsun ki, onu dünyada canından artıq istəyən kişilər var - dedi.
Bəylə tamadadan başqa hamı ayağa qalxdı. Şişman kişi içkini axıra kimi başına çəkib özündən razı halda badəni ağzı üstə masanın üstünə qoydu. Bu, kənd yerlərində sağlığına badə qaldırılana hörmət, etiram və məhəbbət əlaməti kimi qiymətləndirilirmiş. Mənə belə gəldi ki, böyük yaradan onu yeyib-içmək və yaltaqlıq üçün yaradıb.
Məclis yerbəyer olandan sonra bəy ayağa qalxdı və üzünü məclisdəkilərə tutaraq təmkinlə dedi:

- Ay camaat, bu toy kimindir?
Bilmirəm məclisdəkilər onu başa düşdü, yoxsa yox.

TƏQVİM / ARXİV