adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

ATAMA TOYMU EDİRƏM?

QƏZƏNFƏR PAŞAYEV
24262 | 2014-11-14 08:40
Toy və yaş mərasimlərində yer alan yersiz israfçılıq, bədxərclik barədə qəzet və televiziya kanallarında gedən müzakirələr yadıma 35 il bundan əvvəl olmuş hadisəni saldı. Tanınmış şair Rasim Kərimlinin (təəssüf ki, qloballaşma dağıdıcı fəsadları ilə həyatımıza daxil olduğu zəmanəmizdə bir çox gözəl şairlər kimi, o da unudulmağa üz tutmuşdur) atası Ədil kişi dünyasını dəyişmişdi (1980). Yay tətili vaxtına düşdüyündən "həm ticarət, həm ziyarət" - deyərək iki-üç nəfər Bakıdan kəndimizə - Tovuz rayonunun Düzqırıqlı kəndinə getdik. Rasim müəllimgilin həyətində tut ağacının kölgəsində oturub çay içirdik. Şair bağayarpağından dəmlənmiş çay içirdi. Sən demə bağayarpağı qəbzin dərmanı imiş. Bu əsnada iki nəfər əlində siyahı yanımıza gəldi. Üzlərini Rasim müəllimə tutaraq dedilər ki, üç gündən sonra Ədil qağanın yeddisidir. Son borcumuzu urvatla yerinə yetirməliyik. Ona görə də indidən tədarük görməliyik.
- Allah atanıza rəhmət eləsin, düz deyirsiniz - deyə Rasim müəllim razılığını bildirdi. Nə etməliyik?
- Bir sisterni bulaq suyu gətirilməlidir. Filan qədər edir. Sistern suyu buz kimi saxlayır, həm əldə-ayaqda işlənər, həm də camaat içib Ədil qağaya rəhmət oxuyar.
- Aydındır. Qiymətini yox, nə lazımdır onu deyin - Rasim müəllim sözə qarışdı.
- Adam çox gələcək.Odur ki, bazardan yağlı qoyun pendiri, göy-göyərti, pomidor, xiyar, mer-meyvə alınmalıdır.
- Pendir və göy-göyərti üçün yuxa alınmalıdır.
Rasim müəllim təəccüblə dilləndi:
- Pendir və göy-göyərtini zavod çörəyilə yemək olmazmı?
- Adət belədir. Yeri gəlmişkən, xeyli zavod çörəyi də almalıyıq. Bozartma, yarpaq və kələm dolması, plov (aş) verəcəyik. Plov üçün yağ və düyü almalıyıq. Bozartma, dolma və aşqaraya bir cöngə, 5-6 erkək bəs edər. Dolma üçün tənək yarpağı və kələm almalıyıq. Adətən dovğa veririk. Dovğa üçün bazardan ispanaq alınmalıdır. Dovğa və yarpaq dolması üçün üç-dörd bidon qatıq almalıyıq. Yas yerində gərək şərbət olsun, halva olsun. Halva və şərbət üçün un, yağ və pesok (şəkər tozu) olmalıdır. Yay vaxtıdır, çay çox işlənəcək. Bazardan üstündə fil şəkli olan hind çayı, limon, qənd və Moskva konfeti almalıyıq.
- Mənə belə gəldi ki, onlar Rasim Kərimlinin yaxınlarda kitabı çıxdığını və pulu olduğunu güman edirdilər. Doğrudan da Sovet dönəmində onun kitabları çap olunur və az-çox qonorar alırdı. Ailəsi də böyük deyildi. Oğlanları İlqarla Eldar hələ məktəbdə oxuyurdular. BDU-nun filologiya fakültəsində beş il bir yerdə oxuduğu həyat yoldaşı Zəminə Cavanşir adlı-sanlı "Gənclik" nəşriyyatında redaktor işləyirdi. Kənddə çoxları Rasim müəllimi varlı hesab edirdi. Həm Elmlər Akademiyasında işləyir, həm Dillər İnstitutunda dərs deyir, həm də kitabları çap olunanda qonorar alır. Deməli imkanlıdır. Fikirləşmirdilər ki, bir ayağı şikəst olan şairin imkanı olsaydı, niyə iki yerdə işləyirdi.
- Əslində şəkər və başqa xəstəliklərdən əziyyət çəkən Rasim müəllimin pulu dava-dərmana, xeyrə-şərə, pal-paltara və dolanışığa ancaq çatırdı.
Onlar siyahını oxuduqca Rasim müəllim bir yana, biz də narahatlıq keçirirdik. Rasim müəllim sanki fikrə getmişdi. Birdən özünə gələrək narazılıqla dedi:
- Azərbaycan çayı olmazmı? Biz Bakıda Azərbaycan çayı içirik.
- Məclisdə Azərbaycan çayini yaxşi tutmurlar. Bir də ki, axı biz dedik. Gərək Ədil qağanın yeddisini urvatla verək.
- Ay qurban olum, qağam ömründə belə şeylər görməyib. Üstündə fil şəkli olan hind çayının və Moskva konfetinin nə olduğunu bilməyib. Əlinin zəhməti ilə dolanışığını torpaqdan, əkin-biçindən zorla çıxarıb. Xeyir ola, indi kişi belə böyük urvata mindi.
- Rasim müəllim, biz kəndimizin adəti ilə hərəkət edirik.
Şair özünü zorla saxlayırdı.
- Oxuyun görək kəndimizdə daha nə adətimiz var?
- Dediyimiz kimi yay vaxtıdır, suya tələbat böyük olacaq. Əgər filan qədər mineral su da alsaq, məclisi yaxşı yola verə biləcəyik.
- Araq da, xanəndələr də olacaqmı? Aşıqların hamısı dostlarımdır, onları da dəvət edəkmi? - deyə Rasim müəllim qışqırdı. Səsi həyəti başına götürmüşdü. Onu çətinliklə sakitləşdirdik. Özünə gələndən sonra əl dəsmalı ilə üz-gözünün tərini silərək dedi:
- Zalım uşağı, mən atama toymu edirəm?

TƏQVİM / ARXİV