adalet.az header logo
  • Bakı 20°C
13 Noyabr 2014 17:10
11726
ƏDƏBİYYAT
A- A+

Azərbaycan oxucusu nə axtarır? - Sorğu

Çox vaxt qələm adamları oxucu qıtlığından şikayətlənirlər. Oxucuların kitablara biganə münasibətinin onların yaradıcılığına da təsirsiz ötüşmədiyini, stimul çatışmazlığına səbəb olduğunu deyirlər. 
Son vaxtlar cəmiyyətimizdə kitaba maraq artsa da, oxucuların əsasən tərcümə ədəbiyyatına üstünlük verdiyi hiss olunur. Yerli müəlliflərin kitabları həftəsonu keçirilən kitab yarmarkalarında heç bir manata da alıcısını tapmır. Oxucular da öz növbəsində bunu müxtəlif səbəblərlə, əsasən də keyfiyyətli əsərlərin yazılmaması ilə əlaqələndirirlər.


Əslində, Azərbaycan oxucusu nə axtarır?


Adalet.az bununla bağlı tanınmış imzaların fikirlərini öyrənib.


"Azərbaycan oxucusu həyatda arzuladığı hər şeyi ümidsiz bir şəkildə bədii məhsullarda axtarır"


Yazıçı-publisist Əbülfət Mədətoğlu deyir ki, oxucu özünü, görmək istədiklərini axtarır. Onun fikrincə, müasir ədəbi cərəyanların məramsızlığı ucbatından o, heç bir şey tapa bilmir, əliboş qalır: "Azərbaycan oxucusu əslində özünü axtarır. Çünki o, həyatda arzuladığı, görmək, görüb şahid olmaq istədiyi hər şeyi sonda ümidsiz bir şəkildə bədii məhsullarda axtarır. Müasir ədəbiyyatımızdakı "izm"lər və onların nəyi təbliğ etmək istədiyi bəlli olmadığı üçün oxucu burda da əliboş qalır. Buna görə də mən həmişə özümü yazıram. Çünki özüm də oxucuyam. Təvazökarlıqdan uzaq olsa da deyim ki, heç də pis oxucu deyiləm. Çalışıram məni tanıyanları, məni oxuyanları qismən də olsa sevindirə bilim. Onlar məni tapmaqla, özlərini, arzuladıqlarını da tapmış olduqlarına inansınlar".


"Olmayan bir nəsnə nə axtara bilər?"


Nəğməkar şair Baba Vəziroğlu pessimist əhval-ruhiyyəyə köklənib. O hesab edir ki, "Azərbaycan oxucusu" ifadəsi ümumiyyətlə leksikondan çıxarılmalıdır. "Azərbaycanda oxucu var? Oxucu çoxdan rəhmətə gedib, qəbri də əsl müsəlman qəbri kimi çoxdan itib, torpaqla bir olub...
Azərbaycanda dinləyici var, tamaşaçı, şou həvəskarı,çoxlu yazar...var, amma oxucu yoxdu- ona görə də,olmayan bir nəsnə nə axtara bilər,onu nə maraqlandırar,diqqətini nə cəlb eləye bilər?!.
Azərbaycan oxucusunu "qirmizi kitaba" da salmağın faydasi yox,nəsli tamamilə kəsilmiş bir canlını təzədən xəlq eləmək ancaq Allahın qüdrətindədir...
"Allah sizə rəhmət eləsin, ölülər!.."


"Bizim oxucu fikir, ideya deyil, məzmun, süjet ardınca qaçandır"


Yazıçı tərcüməçi Nadir Qocabəyli hesab edir ki, oxucular əsasən süjet ardınca qaçır, onlar üçün ağır fikir yüklü kitablar maraqlı deyil: "Əgər Azərbaycanda çoxsaylı oxucu kütləsi olsaydı və onların nə axtardığı mənə bəlli olsaydı, elə oturub onların axtardığını yazardım. Mənə elə gəlir ki, bizdə ümumi bir şey axtaran çoxsaylı oxucu kütləsi sadəcə yoxdur. Sayı iki-üç mini keçməyən oxucularımızın tərkibi yekcins deyil, ciddi ədəbiyyatla maraqlanan oxucularımız, həm də elə yazardırlar. Sıravi oxucular detektivə, yüngül melodrama, sentimental-seksual mətnlərə üstünlük verirlər. Ümumiyyətlə isə, bizim oxucu fikir, ideya deyil, məzmun, süjet ardınca qaçandır".


"Nə gizlədək... Özümüz yazıb, özümüz oxuyuruq"


Gənc yazar Şərif Ağayar bunu kənar təsirlərlə, əsasən də sosial-ictimai məsələlərlə əlaqələndirir: " Azərbaycan oxucusu oxumaq istəmir. Səbəblər çoxdur. Məsələn, kasıbdır - kitaba pul tapmır, hövsələsizdir -konsentrasiya ola bilmir, tənbəldir - düşünmək istəmir, inamını itirib - çünki tanıdığı yazıçıların çoxunu yaltaq və yalançı görüb.
Çox vaxt müəyyən statistik qənaətlərdə nümunə kimi yalnız Bakını götürürlər. Mən, bölgələrə tez-tez gedirəm. Orda elə əhval-ruhiyyə və elə fərqli həyat var ki, kitab oxuyana dəli kimi baxarlar. Azərbaycanda, məsələn, Həmid Herisçi kimi müəllifin kitabı min tirajla çıxırsa, oxucu yoxdur demək. Nə gizlədək... Özümüz yazıb. özümüz oxuyuruq. Həm də oxuculardan cüda salıblar bizi. Axtaranlar da tapa bilmir. Bakıda neçə kitab mağazası var? Bölgələrdə necə? Vəziyyət çox ağırdır bu sahədə.
Heç kimi qınamaq da olmur. Niyə oxumalıdırlar axı... Oxumaqdan vacib yüzlərlə problemi var adamların. Sağlıq güvəncəsi və sosial təminatı olmayan insan narahat həyatında kitaba səxavətlə yer ayıra bilməz".