adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

DüZ YOL GEDƏN "PiYADALARDIR"

ƏBÜLFƏT MƏDƏTOĞLU
42257 | 2007-12-16 21:13
Bu dəfəki qonağımız əslində heç bir təqdimata ehtiyacı olmayan, özünə tamaşaçı və oxucu auditoriyası qazanmış jurnalist Etibar Babayevdir. ə
   
   
   
   -Salam Etibar müəllim, necəsiniz?
   
   -Sağ olun.
   
   - Sizcə zaman mütləq sahibdir, yoxsa söz?
   
   -Söz də zamanından asılı olaraq haldan-hala düşür. Məncə, vaxtında deyilən söz hamımıza sahibdir.
   
   -Bəs, onda niyə hamımız zamanı gözləyirik?
   
   - Ona görə ki, vaxtında deyilməyən sözün çox vaxt mənası düz anlaşılmır, kəsəri olmur. Nə biz əbədiyik, nə zəmanə. Əbədi olan öz axarıyla gedən zamandır. Bizim bəzən özümüzü də, yaxından tanıdığımız adamları da, ayrı-ayrı məvhumları, anlayışları da zaman yox, zəmanə dəyişir.
   
   -Mən bu sualı elə-belə vermədim. Sizi kənardan müşahidə edən bir həmkarınız kimi, bir Azərbaycan vətəndaşı kimi, mənə elə gəlir ki, siz bu zamanla paralel yol getmək istəməyən ziyalısınız. Bunu mən nə qədər dəqiq bilirəm?
   
   -Zamana, zəmanəyə sığmamaq dahilərə aid xüsusiyyətdir. Mən bu siyahıya düşməyi heç yuxumda da özümə arzulamamışam. Çünki bu istək mənim üçün həddindən artıq böyük olardı. Mən sıradan bir insanam. Coxları kimi, öz ömür payımı zəmanənin qayğılarına dözməklə, adətən təməl qaydalarına uymaqla, müəyyən kompromislərə getməklə yaşayıram. Amma, bu işdə bir balans da olmalıdır. Hər şeyin özünə görə ölçü həddi var. Gündəlik məişət qayğilarından üstdə duran əxlaq, mənəviyyat anlayışı, vətəndaş məsuliyyəti var. İnanıram ki, genetik olaraq, onlar hər kəsin içindədir. Amma, kimlərinsə içində bərk mürgü vurur. Allahin bəxş etdiyi həyat adlı nemətdə hərənin daxilində özünə görə yaşam manıfesti də mövcuddur. Bax, o əmanəti gərək zəmanəyə təslim etməyəsən .Əsrlər boyu zamanı adlaya-adlaya gələn, ilkin mənasını heç vaxt dəyişməyən anlayışlara içindəki şeytanın düzəlişlər etməsinə imkan verməyəsən. Çətin də olsa, insan kimi yaşamağın yolu budur. Zəmanə insanı qocalda bilər, alçalda bilməz. İnsanı ucaldan da, alçaldan da içindəki qüvvədir. Mən hər zaman çalışmışam ki, ömür kitabımın redaktəsini Şeytana etibar etməyim.
   
   -İçindəki Şeytana tabe olmamaq üçün ən vacib şərt nədir?
   
   - Məncə, əqidədir, tərbiyədir, əxlaqdır,mənəvi dəyərlərdir.
   
   -Mənə elə gəlir ki, bizdə mənəvi dəyərlərdə erroziya baş alıb gedir.
   
   - Hər bir xalqın ən böyük sərvəti mənəvi dəyərləridir. Bugun heç kəs demir ki, Nizami, Fizuli dövründə nə qadər pambıq yığılıb, yaxud taxıl əkilib. Xalqın tarixi keçmışındən danışanda onun maddi deyil,mənəvi sərvət daşıyıcıları yada düşür. Adları çəkilən mənəvi çıraqların işığında biz əsrləri adlayıb bu günümüzdən ötməklə gələcəyə gedirik. İndi bizim iqtisadiyyatımız güclənir. İnanırıq ki, yaxın gələcəkdə məmləkətimiz daha da qüdrətlənəcək. Əvvəl pul yox idi, indi pul coxluğundan ehtiyatlanırıq. Bəziləri deyir respublikaya pul axını başlayanda inflyasiya artacaq. Mən bu sahədə mütəxəssis olmasam da, belə düşünürəm ki, Holland sindromunun qarşısı alına bilər. Bunun üçün kifayət qədər ağıllı, qabiliyyətlı iqtisadçılarımız, güclü dövlətimiz var. Bilə-bilə ki, belə bir bəla gəlir, "palaza bürün, elnən sürün" deyib gözləməzlər ki. Təhlükənin qarşısını təcili almaq lazımdır.Bu məsələdə də, nə qədər qəribə görünsə də, söz sahblərindən, mütəxəssislərdən iqtisadi biliklərdən də cox, mənəvi kamillik, sağlam vətəndaşlıq mövqeyi, milli maraqları qorumaq qeyrəti tələb olunur. Ona görə də hər şeydən əvvəl sizin dediyiniz milli-mənəvi dəyərlərimizi erroziyadan qorumağı bacalmalıyıq.
   
   -Etibar müəllim, siz peşəkar jurnalistsiniz, televiziyaçısınız. Axı, məndən soruşmadan televizor aləmi qatır bir-birinə.
   
   - Təəssüf ki, dediklərinizdə müəyyən həqiqət var. SSRİ dövründə yazılı və elektron KİV dövlətin əlində idi. Ciddi senzura vardı. Tamaşaçıların iki seçənəyi vardı: Moskvadan yaylınlanan Mərkəzi televiziyaya, bir də AzTV. Onlar da vahid Sovet ideologiyanın daşıyıcısı kimi, kütlələrə böyük təsir gücünə malik idi və etiraf edək ki, bu vasitədən məharətlə istifadə olunurdu. Televiziyaların yeganə maliyyələşmə qaynağı da dövlət büdcəsi idi.Texniki-təhcizat məsələləri mərkəzləşdirilmış şəkildə həll olardı. Müstəqil KİV müstəqillik dövrünün məhsuludur. İndi senzura da yoxdur. Teleradio şirkətləri coxalıb. Onlara dövlət nəzarəti yeni yaradılan Milli Teleradio Şurasına tapşırılıb. Şura tərəfindən ara-sıra monitorinq keçırilir, iradları, nöqsanları aradan qaldırmaq üçün müvafiq tədbirlər görürlür. Bir yandan deyirik mətbuata, televiziyaya, radioya dövlət nəzarəti olmasın. Digər tərəfdən də deyirik ki, şərəf və ləyaqətimiz müstəqil qəzet səhifələrində, efirdə təhqir olunur. Müstəqiləm deyib, hərə nə istəsə çap etdirsə, kimi istəsə təhqir atəşinə tutsa, demokratiyanın deyil, hərcmərcliyin təntənəsinə gəlib çıxarıq. Bir yandan məişət tullantılarını çöplüyə atırıqsa, digər tərəfdən ideoloji və mənəvi zibili evə gətirməli deyilik. Bu zəhərlənmənin sonrakı aqibəti ağır nəticələr verə bilər. Kanallar coxluğunda bizi düşündürən, yetişdirən, maarifləndirən, əyləndirən kanalları özümüz seçməliyik. Bir neçə kanalı ailə dostumuz elan etməliyik. Şübhəsiz ki, bizi ən cox maraqlandıran bizə ən yaxın olmalı Azərbaycan televiziyalarıdır. Mənə elə gəlir ki, geniş rəqabət meydanında duruş gətirmək üçün yaxın vaxtlarda yerli televiziyaları ciddi imtahanlar gözləyir.
   
   -Etibar müəllim, biz sovet dönəmində sizin dediyiniz kimi, bir ideya ilə yaşayırdıq. Amma mənə elə gəlir ki, bugün bizim ideyamız da yoxdur, biz nə ilə yaşayırıq?
   
   - İdeyamız yoxdur demək, məncə düz olmaz. İdeyamız da var, milli ideologiyamız da. Biz bir keçıd dövrü yaşadıq. Təəssüf ki, onu hələ də tam başa vurmamışıq. Bİr ictimai-siyasi formasiyadan başqasına adladıq. Şübhəsiz ki, bu proses ağrılı-itkili olacaqdı. Bu qarışıq, dolaşıq yollarla addımlayarkən sırada ən geridə qalan mənəvi dəyərlər oldu.

TƏQVİM / ARXİV