adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

O, ÜRƏYİMDƏ QEYDİYYATDADI

ƏBÜLFƏT MƏDƏTOĞLU
71035 | 2014-11-13 01:35
Hər kəsin tanıdığı insan

"İçimdə olan adamlar" silsiləsindən


Hamının bildiyi və mənim hələ lap kiçik yaşlarımdan yaddaşıma yazdığım bir deyim var: "Deyilən, yazılan söz yadigardı". Bu mənada hələ 80-ci illərdən oxuyub, hələ də təkrar-təkrar oxuyub şərqi tanımaqda özüm üçün çox mükəmməl bir tanıtım əsəri olan "Altı il Dəclə Fərat sahillərində" kitabını hələ də unutmamışam. Ümumiyyətlə, həmin illərdə ən çox oxuduğum səyahətnamə xarakterli kitablar idi. Onların arasında Nəbi Xəzrinin, həmçinin gündoğar ölkə adlanan Yaponiya barəsində səhv etmirəmsə Həsən Seyidbəylinin əsərini bu gün də təkrar oxumaqdan necə deyərlər, vaz keçmərəm. Çünki bu qəbildən olan əsərlərdə təkcə bədii sözün, publisistikanın gücünü yox, həm də tarixin, coğrafiyanın səhifələrini də tanımaq, görmək mümkündü. Mən də məhz dedektivdən çox bədii və həm də real təsir gücü olan kitablarda, əsərlərdə nədənsə həm də özümü, öz duyğularımı, öz istək və arzularımı görmüşəm, axtarmışam. Bütün bunlar təbii ki, sözə olan sevgimdən qaynaqlanıbdı.
Hə, yadigar olan sözlər içərsinidə öz yeri, öz çəkisi olan həmin o "Altı il Dəclə Fərat sahillərində" kitabını indi təsadüfən xatırlatmıram. Neçə gündü fikrimdə, ürəyimdə o kitabın müəllifi ilə üz-üzəyəm. Onun özünün xəbəri olmadan onunla danışıram, onunla söhbət edirəm. Hətta iç dünyamda ondan sorular da sorub, cavablar da alıram. Mən söhbət əsnasında sorularıma verilən cavabda həmin o həlim, son dərəcə ruhu oxşayan, dinləyicinin, yəni şəxsən mənim ağrılarıma məlhəm olan, içimdəki atəşə su çiləyən və nəhayət, bütünlüklə məni duyğusal bir dünyaya çəkib aparan o səsi eşidirəm. Yəqin bu səsin sahibini tanıyanlar mənimlə razı olar və onlar da etiraf edərlər ki, bu səs həlim olduğu qədər də mehriban və bir o qədər də qətiyyətlidir. Çünki mən onunla hər bir söhbətimdə həmin o qətiyyətin şahidi olmuşam. Bu insan münasibət bildirdiyi hər bir məsələdə konkretliyi və qətiyyəti ilə mənim yadımda qalıbdı. İstər hansısa bir əsər barəsində, istər hansısa bir mətbu orqan haqqında, istər vəzifədə olan, olmayan insanlar barəsində o, eyni templə, eyni istək və səmimiyyətlə fikrini bildirməkdən çəkinmir. Yəni bu insan, barəsində fikir söylədiyi adamın sanki içini görür. Ona görə də sözü, fikri birbaşa "onluğa" dəyir. İlk anda ola bilsin ki, kimsə həmin fikrlə daxilən razılaşmasın və susun. Amma çox qısa bir zamandan sonra yanıldığını şübhəsiz anlayacaq və deməli, mənim barəsində yazdığım bu insanın səsinin və sözünün həlimliyi və qətiliyi bir daha özünü təsdiq etmiş olacaqdı.
Bəli, öncə kitabını oxuyub və o kitab vasitəsiylə də iç dünyamda öz yerini tutan professor Qəzənfər Paşayevlə ilk tanışlığım belə başladı. Sonra onun daha çox "Ədəbiyyat və incəsənət" (indiki "Ədəbiyyat" qəzeti - Ə.M.) oxumağa başladım. Bir etiraf da edim ki, həmin qəzet söz adamlarının ən çox üz tutduğu ünvanlardan biri idi. İllər ötdü və necə deyərlər, günlərin birində mən televizordan seyr edib yazıları ilə baş-başa qaldığım Qəzənfər müəllimlə həyatda da qarşılaşdım. Bilmirəm, hörmətli professorun xatirəsində qalıb, yoxsa yox, amma mən indiki kimi yaddaşıma köçürmüşəm. Rəhmətlik xalq şairi Hüseyn Arif Aşıqlar Birliyində tədbir keçirirdi. Xalq şairi böyük ustadım Zəlimxan Yaqub da həmin tədbirdə idi. Böyük aktyorumuz, əvəzsiz Mikayıl Mirzə də, daha kimlər var idi o tədbirdə, bir-bir xatırlayıram. Onda Tovuzdan, Qazaxdan, Borçalıdan gəlmiş ustad sənətkarlar da əyləşmişdilər ön cərgədə. Bax, mən Qəzənfər müəllimi ilk dəfə həmin tədbirdə gördüm. Bu orta boylu, həlim səsli insanın hamı ilə mehriban görüşməsi, hamının ona əl uzatması diqqətimdən yayınmadı. Mənə elə gəldi ki, ordakı aşıqların da, söz-sənət adamlarının hamısı Qəzənfər müəllimi özlərinə ən doğma adam sayırlar. Zaman mənim bu təxminimi təsdiq etdi, yanılmadığımı gördü. Özü də təkcə hərəkətdə, danışıqda, davranışda yox, həm də ortaya qoyulan yazılarda, kitablarda gördüm bunu. Bir daha əmin oldum ki, bu orta boylu, amma Azərbaycandan da böyük ürəyi olan Qəzənfər müəllim sən demə sənətin, sözün, xüsusilə folklorun həm bilicisidi, həm də dəli-divanəsi, təhqiqatçısı, araşdırıcısı.
Bu ilk tanışlıq qiyabi oldu. Mən ona yaxınlaşıb nə isə soruşmağa, nə isə deməyə cürət etmədim. Amma bu tarixi anı yaddaşıma köçürdüm və bildim ki, özü də tam əminliklə bildim ki, Azərbaycanın bir işıqlı insanı, bir aydını öz kitabı ilə ürəyimdə tutduğu yeri əməlli-başlı möhkəmlətdi, necə deyərlər, daimi etdi. Hətta obrazlı desəm, Qəzənfər Paşayev ürəyimdə daimi qeydiyyata düşdü.
Görünür, bizim üz-üzə gəlib görüşmək, həmsöhbət olmağımız üçün bir zaman gərək imiş. Çünki mən zamanla hesablaşmağı, zamanın burulğanından keçib getməyi artıq çox-çox əvvəldən, yəni Qarabağ olayları başlayandan birmənalı qəbul etmişdim və özüm üçün daxili bir əmr də vermişdim. Qət etmişdim ki, taleyimdə olan nə varsa, onların hamısını könüllü qəbul edib, sevə-sevə oxşayıb, sevə-sevə də yaşayacam. Bax, bu mənada qarşılaşdığım hadisələri də, insanları da bir növü tale payı kimi, alın yazısı kimi dəyərləndirmişəm. Həmin o tarixi görüşdən sonra Qəzənfər müəllimlə bir zaman əksiyində mütləq həmsöhbət olacağımıza içimdə şübhə yeri olmamışdı və bu həqiqətən də baş verdi. Günlərin birində "Azərbaycan" nəşriyyatının 6-cı mərtəbəsində onunla qarşılaşdım. Qəzənfər müəllim "Ədalət" qəzetinə qonaq gəlmişdi. Mən ona yaxınlaşıb özümü təqdim etməyə hazırlaşdığım və tərəddüd içində olduğum həmin o anda mərhum həmkarım Pərviz Əliyev qəflətən hardansa ortaya çıxdı və ciddi bir görkəm alıb iri addımlarla Qəzənfər müəllimə yaxınlaşıb ərkyana əlini sıxdı, hal-xoş etdi və sonra da məni Qəzənfər müəllimə təqdim etdi.
O təbəssüm bu gün də gözlərimin önündədi - Qəzənfər müəllimin təbəssümünü deyirəm. Düz gözlərinin içinə baxdım və lap gözlərinin dibindən gələn o təbəssümdə inanın ki, son dərəcə ruhu oxşayan bir istilik və səmimiyyət hakim kəsilmişdi. Aydınca görünürdü ki, ürəkdən qaynaqlanır bu təbəssüm. Elə o təbəssümlə də bu böyük ziyalı, bu dəyərli alim, bu tanınmış yazıçı-publisist əlini mənə tərəf uzatdı:
- Oxuyuram səni. İmzanı yaxşı tanıyıram. Ürəkdən yazırsan.
Bütün bu sözlər və o səmimiyyət ömrümün ən böyük hədiyyələrindən biridi. Yazı adamı kimi mənim həyatda ən böyük umacağım diqqət olubdu. Hətta şeirlərimin birində də bu barədə yazmışam ki, "Mənim istədiyim bir adi diqqət, Onu əsirgəmə, onu kəm etmə".
Bilmirəm, nədəndi mən diqqət xəstəsiyəm. Hər kəsin bir hobbisi, bir yaralı yeri olur. Mənim də xəstəliyim diqqətdi. Nə isə...
Özünüz təsəvvür edin, barəmdə söylənən, daha doğrusu, yazıma verilən həmin o qiymət məni sevindirdiyi qədər çaşdırmışdı. Az qala Qəzənfər müəllimi otağa dəvət etməyi də unutmuşdum. Yenə də Pərviz qabağa düşdü. Qəzənfər müəllimi mənim otağıma dəvət etdi. Xeyli həmsöhbət olduq və Qəzənfər müəllim Aqil Abbasla görüşmək istədiyini, redaksiyamıza təqdim etmək üçün yazı gətirdiyini bildirdi. Məmnuniyyətlə yazını qəbul etdim və elə növbəti gün də həmin yazı Aqil müəllimin tapşırığı ilə "Ədalət"də çap olundu. İndi o vaxtdan 20 ilə yaxın vaxt ötür. Artıq mən bu insanın ölkə mətbuatında çap olunan bütün yazıları ilə yanaşı əksər kitablarını, hətta tərtib etdiyi, çapa hazırladığı əsərlərinin xeyli hissəsini oxumuşam. Demək olar tez-tez zəngləşirik, xeyirdə-şərdə görüşürük, tədbirlərdə qarşılaşırıq. Bütün bunların hamısı da onun iç dünyamda olan yerini hər gün bir az da əbədi, bir az da sarsılmaz edir. Bir etiraf da edim ki, bu görüşlərin, bu söhbətlərin hər birində mən Qəzənfər müəllimdən yeni nə isə öyrənirəm. Çünki bu insan istənilən suala məmnuniyyətlə cavab verir, istənilən bilgini çox rahatlıqla bölüşür. Mən ağlıma gətirə bilmirəm ki, onun qədər azad fikirli, düşüncələrini bölüşə bilən, sözünü söyləməkdə xəsislik etməyən ikinci bir adam olsun. Üstəlik o, hər kəsə, həmyaşıdına da, özündən yaşca kiçiyə də, lap bu gün yazı-pozuya başlayan adama da eyni səmimiyyətlə, eyni diqqətlə yer ayırır. Tutaq ki, Anar barəsində yazdığı sevgiylə Azər Turan barəsində də, Vaqif Bəhmənli barəsində də, Yusif Nəğməkar barəsində də və digərləri barəsində də yazır, fikir söyləyir, münasibət bildirir.
Mən Qəzənfər müəllimi bir də ona görə çox istəyirəm ki, o, qələmi ilə mənə Kərkükü sevdirdi. Onun İraqla bağlı, burada yaşayan türkmənlərlə bağlı hər bir araşdırması, hər bir yazısı, hər bir təqdimatı sözün həqiqi mənasında məni o yerlərə qiyabi ziyarətə apardı. Füzulinin məzarından qaynaqlanan, Nəsiminin ruhundan don geyinən Kərkük bayatıları, atalar sözləri, deyimləri bu ədəbiyyatın yaradıcıları, bugünkü varisləri. Bütün bunları mən Qəzənfər müəllimin qələmindən tanıdım və sevə-sevə oxudum. Bu günün özündə də onun Kərküklə bağlılığı, həmin təhqiqat işlərini davam etdirməsi, Onları Azərbaycan oxucusuna tanıtması çox sevindirici haldı.
O ki, qaldı bu alimin, bu kişinin böyük hərflərlə yazılan İNSANlığına, bu barədə mənim düşüncələrim, mənim içimdə yazılanlar yəqin ki, çoxlarının düşüncəsində və içində yazılıb və yazılmaqda da davam edir. Ona görə də mən sadəcə bircə söz söyləmək, bir fikri ifadə etmək istəyirəm:
- Qəzənfər Paşayev elm, ədəbiyyat, söz adamı olduğu qədər də el-oba, camaat adamıdı. O, hər kəsin yerini bilən, dəyərləndirən və hər kəsin də gözünün önündə dayanmağı bacaran insandı.
Bu qənaətimdə yanılmadığıma tam əminəm və elə o əminliklə də bir daha vurğulayıram ki, o mənim ürəyimdə daimi qeydiyyatdadı.



TƏQVİM / ARXİV