adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

QURBANLIQ

17260 | 2007-12-16 21:13
Rus-gürcü filosofu Merab Mamardaşvilinin olduqca maraqlı bir əqli eksperimentini yada salmaq istəyirəm. O, Lev Tolstoyun "ölüm mənasızdır" sözlərini böyük yazıçının mətnindən götürüb, yəni buradakı konteksdən ayırıb əvəzində özünün fikirlərini qurur. Nəyə görə ölüm mənasızdır? Ona görə ki, insan gözlənilmədən, axmaq təsadüf nəticəsində ölə bilər. Onda belə çıxır ki, həyatın özü də mənasızdır. Sən nə qədər böyük fikirlər, möhtəşəm ideyalara bağlı planlar qursan belə beşcə dəqiqədən sonra bütün bunlar ən ağlasığmaz təsadüf nəticəsində yarımçıq nağıla çevrilə bilər. Ölümün bizim həyatımızda ağalığından və bunun nəticəsində mənasızlıqdan bizi görəsən nə isə xilas edə bilərmi?
   
   Əlbəttə, bəşər tarixi boyunca daim təkrarlanan bu sualla əlaqədar çox fikirlər var. Bəzən bu fikirlər müxtəlif mədəniyyətlərin, müxtəlif dini, teoloji baxışların əsasını təşkil edir. Bəziləri deyir ki, təsadüfi və axmaq ölümün, yaxud ağac kimi qocalıb çürümənin əlindən qurtulmaq üçün insan böyük ideyalar uğrunda yaşamalı, lazım gələndə onlar uğrunda həlak olmalıdır. Bu olacaq gözəl ölüm! Nə qədər bu fikir düz olsa da axmaq təsadüf hər an bizi haqlaya bilər. Elə hadisə baş verə bilər ki, böyük ideyalar qalar bir kənarda, sən köntöy bir səbəb üzündən ölə bilərsən. Məsələn, müharibə vaxtı həlledici döyüşdən əvvəl səni ağcaqanad dişləyib öldürə bilər, yaxud sudan zəhərlənib qarınağrısına düşə bilərsən və döyüşə bilməyib elə bir addımlıqdaca həlak olarsan. Başqa dini-fəlsəfi görüşlərə görə dünyanın böyüklüyü elə onun belə axmaq təsadüflərdən ibarət olmasındadır. Hər an dünya sənin istəyindən asılı olmayaraq dəyişir və sən bu daim dəyişən dünyanın təsadüfən doğulan və təsadüfən ölən zərrələrindən biri olursan. Belə görüşlər, məsələn, dzen-buddizmdə insan, hətta Buddanın özü kiçildilir, dünyanın dəyişmə qanunları isə böyüdülür.
   
   Amma gəlin rus-gürcü filosofundan hələ ayrılmayaq. Mamardaşvilinin fikrincə bizim həyatımızda bizdən qat-qat böyük hadisələr olur. Özü də hər bir adamın həyatında, yaxud tarixində belə hadisələr var. Sadəcə bu hadisələri gərək dərk edəsən, dərk etmək də azdır, bunun ardınca onları da ümumiləşdirib, cəmləşdirib onun daxilində yaşadığın barədə düşünəsən. Əgər bu düşüncə ilə yaşamırsansa, deməli, sən artıq ölmüsən. Varsan, yatırsan, durursan, yeyirsən, gəzirsən, amma əslində canlı meyitsən.
   
    Söhbət hansı hadisədən gedir? Bu hadisə nə vaxtsa olub, lakin bitməyib. Hər bir toplunun həyatında elə hadisələr olur ki, onlar bitməyir. O hadisələr bitmədən sən ölə bilərsən. Yəni hadisənin özünü unudub canlı meyidə çevriləcəksən. Məsələn, bizim həyatımızda bitməyən hadisə Qarabağ, Azərbaycanın iyirmi faiz torpaqlarının işğalıdır. Ermənilər üçün belə hadisə 1915-ci ildə Türkiyədə baş verən hadisələrdir. Onlar bunu soyqırım adlandırır və deyəsən, dünyanın yarısından çoxunu buna inandıra biliblər. Yalan, ya doğru, onlar bu hadisənin içində yaşayırlar. Amerikada son vaxtlara qədər XIX əsrdə baş verən Vətəndaş Müharibəsi və bu hadisədə cənubun məğlub olması hadisəsinin daxilində yaşayan insanlar, ziyalılar, yazıçılar var idi. Folkner yazır ki, onlar üçün məğlubiyyəti qələbəyə çevirmək, döyüşə hazır dayanmış topların həqiqətindən başqa heç nə yoxdur. Katoliklər İsa Məsihin çarmıxa çəkilməsindən onun yenidən gələcəyi həqiqəti ilə yaşayır və bunu bir hadisə kimi götürüb onun daxilində yaşayırlar.
   
    Deməli, hadisə. Biz hər dəfə özümüzü bu hadisənin içində dərk etdikcə onu yaşayırıq. Ümumiyyətlə, yaşamaq özünü özündən böyük hadisənin daxilində hiss etmək deməkdir. Əgər belə bir hadisə yoxdursa, deməli sən, yaxud siz, yaxud bütün xalq ölüdür.
   
   Doğrudur, filosof öz müşahidəsini öz bildiyi, özünə yaxın misalların üzərində aparır. Amma mənim üçün çox maraqlıdır ki, onun misal gətirdiyi hadisələrlə on rəqəmi bağlıdır. Müsəlmanlarda buna Aşura deyirlər. İsa Məsihin çarmıxa çəkilməsi, Yuli Sezarın İmperiya yaratmaq uğrunda qoşunla Rubikon çayını keçməsi... hər iki hadisə müxtəlif ayların onuncu günü, Aşura günündə baş verir.
   
   Bizim zəvvarlar Zilhüccə ayı Məkkəni ziyarətə gedirlər. Bu ayın onuncu günündə qurban kəsirlər. Mərasim İbrahim peyğəmbərin İsmayıl peyğəmbəri qurban kəsməsi və bu məqamda cənab Cəbrayılın ona Allahdan xəbər gətirməsi ilə bağlıdır. Hər il müsəlmanlar bu böyük hadisəni yaşayırlar. Bu mərasim insanları təsadüfi və axmaq ölümdən qoruyur. Mərasimi icra etməklə yanaşı bir çox möminlər bu hadisənin içində yaşadıqlarını həmçinin dərk edirlər. Mərasimi yerinə yetirib qurtarmaqla iş bitmir.Əksinə, hər şey bundan sonra başlayır. Məşhur bir İslam alimi yazır ki, həcc ziyarəti bundan daha böyük yola çıxmaq üçün işarədir. Kimsə bu işarəni görür, kimsə görməyib geri qayıdır.
   
   Qurbanlıq haqqında müxtəlif etiqadlarda müxtəlif düşüncələr mövcuddur. Bu, ilk növbədə bizim gördüyümüz aləmdən intəhasız dərəcədə böyük bir aləmin olduğunu və bu aləmləri iradəsi daxilində saxlayan İlahi qüvvənin varlığına təsdiqdir. Qurbanlıq fikirlə əməlin vəhdətidir. Hər bir fikir (əgər doğrudan da fikirdirsə) öz təsdiqi üçün əməl tələb edir. Fikir əməldə, əməl fikirdə əks olunmalıdır. Bunların ayrı-ayrılıqda olması mümkün deyil. Əgər mümkündürsə, deməli, nə isə başqa şeydir, nə əməldir, nə də fikir. Təsadüfdür. Hətta kiməsə yaxşılıq eləmisənsə, bu sənin əqidəndən gəlmirsə, təsadüfdür. Sabah səndən tələb olunanda həmin əməli etməyəcəksən. Bu yaxşı əməldən səni min bir bəhanə saxlayacaq. Ən böyük əməl isə qurban vermək, yaxud qurban verməyə hazırlıqdır.
   
   Mən dindar deyiləm. Din haqqında geniş danışmağa nə savadım çatar, nə də bu haqda oxuduqlarım, əlimdə olan məlumatlar kifayət edər. Amma Yaradan mənə görmək, daha doğrusu, görə bilmək qabiliyyəti verib. Mən bu gün ətrafımda daşdan başqa heç nə görmürəm. Daş da, tikinti də əməldir. Amma bu əməlin simmetrik qarşılığında fikir durmur. Deməli, bu qədər daşın hamısı təsadüfdür. Məgər belə deyil? Daş fikir doğura bilərmi? Yox! Fikir daş doğura bilərmi? Hə!
   
   Biz Qurbanlığı, yəni Zilhiccənin onuncu gününü, Aşuranı bayram edirik. Amma qurbanlığa hazırıqmı? Bəlkə hə, bəlkə də yox. Mən özüm üçün buna birmənalı cavab verə bilmirəm. Yəqin ki, mənim kimi çoxları da belə düşünür. Əgər hər il bunu bayram ediriksə, deməli, biz bu hadisənin içində yaşayırıq. Deməli, biz bu hadisənin həqiqətini dərk etməliyik. Əks təqdirdə bunu bayram etməyin, bu qədər xərc töküb ziyarət etməyin sonu yalnız fikirlə təsdiqlənməyən əməl olacaq. Belə əməl isə bizi ölümün təsadüfiliyindən qurtara bilməz.
   
   Nəyəsə hələ yetişməmişiksə, deməli, qarşıda hələ vaxtımız və imkanımız var. Qarşıdan gələn Qurban bayramınız mübarək.

TƏQVİM / ARXİV