adalet.az header logo
  • Bakı 11°C

BAŞIMIZA HARANIN PULUNU TÖKƏK?

OQTAY SALAMOV
23431 | 2007-12-14 03:50
Kimi nə və nə vaxt öldürəcək - deyə bilmərəm, məni mütləq qanmamazlıq öldürəcək. Çox böyük səhv eləyib (ərəblər səhvə "qələt" deyirlər) sovet vaxtında oxudum, o dövrün düşüncəsi ilə düşündüm, indi ortaya çıxan yenilikləri görəndə gözüm buz üstə çıxmış dana gözünə dönür. Sən demə, bu kapitalizm köpəyoğlunun vurma cədvəli də başqa cürüymüş, gəliri də, gəlirinin hesablanması da. Sovet vaxtı deyirdilər ki, ikini ikiyə vuranda dörd eləyir. İndi deyirlər ki, bərkdən vuranda altı eləyir, yavaşdan vuranda üç. O vaxt deyərdilər ki, maaşlar artanda, inkişaf güclü gedəndə firavanlıq olur, varlanırsan. İndi deyirlər ki...
   
   İndi deyilənləri öz sözlərimlə desəm, deyəcəksiniz ki, bəzəyir. Ona görə də sübutalnı-dokumentalnı sitatlarla danışacam. Özü də sitatları məmləkətin qətiyyən zarafat sevməyən, ciddilik etalonu olan bir mənbədən - Milli Bankdan gətirəcəm. Daha dəqiqi, Milli Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun jurnalistlərə verdiyi açıqlamalardan.
   
   İndi sovet dövründə doğulana da, indinin doğum evlərində kreditlə doğulanlara da məlumdur ki, inflyasiya avam dilində əlində olan pulla bazarda olan malın qiymətlərinin tərs mütənasibliyidir. Bu inflyasiya deyilən zəhrimar dünyanın hər yerində var, dünyanın hər yerində çalışırlar ki, inflyasiya qudurub həddini aşmasın. Həddi də belə müəyyənləşdiriblər ki, o, birrəqəmli, yəni 1-9 intervalında cilovlanarsa, dözülməlidir. Oradan o yana keçəndə elə bil maşında benzinin qırmızı işığı "miqat" eləməyə başlayır. Bu da olur ikirəqəmlinin başlanğıc mərhələsində, yəni 10-15 arasında. Bizimki "miqat"dan keçib və dərd orasıdır ki, harada qərarlaşacağını deyə bilən də yoxdur. Bircə onu deyirlər ki, ikirəqəmli olacaq. Ay başınıza dönüm, 99 da ikirəqəmlidir, bu nə oyundur gətirirsiniz başımıza?
   
   Ən dəhşətlisi, əndrabadisi odur ki, inflyasiyanın yüksəlməsini maaş və pensiyaların artması ilə əlaqələndirirlər. Yəni pul çoxalır, mal az olur, qiymət qalxır və başqa hoqqalar.

TƏQVİM / ARXİV