SƏSiN GƏLSiN...

ƏBÜLFƏT MƏDƏTOĞLU
28375 | 2007-12-14 03:50
Vallah, deyəsən mənim işim bir Allaha qalıb. Kimin barəsində yaxşı düşünürəm, yaxşı danışıram, elə bil dönüb olur ilan-qurbağa, əqrəb. Və həmin o yaxşı dediyim, yazdığım dönüb olur əcaib bir şey və vurub çıxır kəllə çarxa. Ortaya əməlli-başlı dilxorçuluq düşür. Ona görə də həmişə fikirləşirəm ki, daha qurtardı yaxşı yazılar da, yaxşı sözlər də, yaxşı fikirlər də. Hamı kimi, necə deyərlər, palaza bürün - üzr istəyirəm indi palaz yoxdur, "daroşka" var, özü də hərəsi bir naxışda, bir qiymətdə - "daroşka"ya bürün, elnən sürün. Nə fərqlən, nə də pis görün. Yoxsa gündə on dəfə qanqaraçılığa tuş gəlməyin nə özümə, nə də başqalarına heç bir faydası yoxdur. Odur ki, hamı kimi olmaq lazımdır. Yəni...
   
   Bu balaca məmləkətdə az qala hər kəndə bir partiya düşür, hər obaya da QHT. Ona görə də partiyalardan, QHT-lərdən yazanda çalışmaq lazımdır ki, tərəfsiz olasan. Heç kimin sözünü, göyçəyini deməyəsən. Yoxsa o "göyçək" söz səni əməlli-başlı damğalayar. Elə bilərlər sən də o partiyanın üzvüsən, təəssübkeşisən və yaxud da başqanı ilə kəndçisən. Bu mənada mən bütün partiyaların, bütün QHT-lərin hamısına eyni cür yanaşmaq mövqeyindən çıxış edərək bir məqama aydınlıq gətirmək istəyirəm, daha doğrusu, münasibətimi ortaya qoyuram. Belə ki, məmləkətimizdə Müsavat adını daşıyan iki partiya var. Biri qədimdi, biri müasir. Birincilər özlərini ötən əsrlə bağlayır, ikincilər bu günümüzlə. Hərəsinin öz nizamnaməsi, öz proqramı, öz qəzeti, öz başqanı. Amma di gəl ki, ayrı-ayrılıqda bunların gördükləri işlərə, qəbul etdikləri qərarlara müştəri gözü ilə baxanda adam çaşbaş qalır. Bilirsiniz niyə?..
   
   Bir qəribə atalar sözü var ey, deyirlər ki, filankəslər elə bil bir almanın iki üzüdür. İndi bu müsavatlar da nə eləyirsə, hansı addımı atırsa, sanki bir-biriylə öcəşir. Müsavatın başqanı güzgüyə baxanda Müasir Müsavatın da başqanı saçını darayır. İsa bəy hər hansı bir açıqlama verib münasibət bildirəndən 5 dəqiqə sonra Hafiz Hacıyevin eyni mövzuda bəyanatı agentliklər vasitəsilə yayılır ölkəyə. Əgər bu gün İsa Qəmbərin hardasa mətbuat konfransı və yaxud müsahibəsi səslənibsə, mətbuata çıxıbsa, demək, ertəsi günü də həmin mətbu orqanda Müasir Müsavatın da mövqeyi şərh olunur. Bilmirəm bunun arxasında nə dayanır, amma mənə elə gəlir ki, Hafiz müəllim İsa bəylə bir növ yarışır. Sanki deyir ki, "harda sən varsan, orda varam mən".
   
   Bax, götürək seçki məsələlərini. Xatırlayırsınızsa parlamentə seçkilər zamanı əməlli-başlı istirahət etdik. Allah Hafiz Hacıyevin canını sağ eləsin. AXCP-dən Əli Kərimli, Müsavatdan İsa Qəmbər televiziyada görünəndən bir az sonra Hafiz müəllim çıxırdı ekrana və başlayırdı "Kərimov Əli və Qəmbərov İsa"dan əməlli-başlı faktlar söyləməyə. Açırdı gözümüzü, təzələyirdi yaddaşımızı. Bizi sevdiyindən imkan vermirdi ki, "Kərimov Əliylə Qəmbərov İsanın" dediklərinə uyaq. Kişi kimi də axıra kimi dediyinin üstündə durdu.
   
   Lap elə qarşıdakı prezident seçkiləri ərəfəsinə diqqət yetirək. Artıq bəllidir ki, Müsavat divanı İsa Qəmbərin prezidentliyə namizəd məsələsini qətiləşdirib. Yəni İsa bəy prezident olmaq istəyir. Bax, bu xəbərlə bağlı Hafiz Hacıyev də özünəməxsus ciddiliklə bir açıqlama verib və bildirib ki, o da prezident olacaq. Bu fikri Hafiz müəllimin partiyasından mətbuata ötürən sözçüsü onu da əlavə edib ki, "Hafiz Hacıyevin namizədliyini partiya üzvləri irəli sürüb". Nə gözəl, nə qəşəng... Deməli, bu seçkidə də darıxmayacağıq. İnşallah, teledebat günlərini öyrənəndən sonra şəxsən mən Hafiz müəllimin çıxışı olan günlərdə heç bir tədbirdə, mərasimdə iştirak etməyəcəm.

TƏQVİM / ARXİV