adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

QƏRB SANKSİYALARI DAHA DA SƏRTLƏŞDİRƏCƏK...

BABƏK YUSİFOĞLU
49488 | 2014-11-12 01:02
Moskvanın yürütdüyü siyasət üzündən silahlı separatizmdən əziyyət çəkən postsovet məkanındakı dövlətlərin - Azərbaycan, Gürcüstan, Moldova və Ukraynanın danışıqlar yolu ilə pozitiv proselərin başlayacağına olan ümidləri demək olar ki, ən minumum həddədir. Ekspertlərin fikrinə görə, Kiyevin elə prosesin başlanğıcındanca kəskin mövqe tutmasının, Kremllə müzakirələrə başlamamasının ən əsas səbəbi yaşanmış təcrübədən qaynaqlanırdı. Düzdü, Ukrayna bu savaşda ərazisinin müəyyən hissəsinin üzərində nəzarətini itirib, lakin ümidverici şanslarını saxlamaqdadır. Əlbəttə, Qərbin dəstəyi ilə.
Məlum olduğu kimi Rusiyanın bu sonuncu aqresiyasından sonra Qərb Kremlin artıq uzun illər davam edən özbaşınalığının qarşısını almağa qərar verdi. Çünki proseslər artıq NATO-nun sərhədlərini belə təhdid etməyə başlamışdı. Birləşmiş Ştatlar və Avropa Birliyinin tətbiq etdiyi sanksiyaların növbəti mərhələsinin başlayacağı artıq müzakirə masasına çıxarılıb.
Bu günlərdə ABŞ Dövlət Departamentinin nümayəndəsi Cen Psaki bəyan etdi ki, "Ukraynadakı yanğına benzin tökməyi davam etdirərsə" Moskvaya qarşı sanksiyalar daha da sərtləşdiriləcək. O bildirib: "Əgər Rusiya Minsk razılaşmasına və Ukraynada sülhün əldə edilməsi üçün aparılan danışıqlara sadiqdirsə separatçıları dəstəkləməyi, onlara yeni-yeni silahlar göndərməklə oradakı yanğının üzərinə benzin tökməyi durdurmalı və hərbi qulluqçularını, hərbi avadanlıqlarını Ukraynadan çıxarmalıdır".
Böyük Britaniyanın baş naziri Devid Kemeronsa, Moskvanın Ukraynanın Şərqindəki separatçılara silah göndərməkdə davam etdiyini söyləyib. Böyük Britaniyanın hökumət başçısı Rusiyanın bu hərəkətlərinin "bütün Avropa üçün təhlükə" olduğunu söyləyib.
O deyib: "Rusiyanın belə hərəkətləri suveren bir dövlətdəki situasiyanı qarışdırır, həm də onun ərazi bütövlüyünü pozur. Avropada böyük dövlətlər tərəfindən kiçik ölkələrin incidilməsinə göz yummağın nələrə səbəb olduğunu təkarar xatırlatmaq bizə lazım deyil. Əgər Rusiya bu cür siyasətini davam etdirərsə yeni təzyiqlərlə üzləşəcək və ona qarşı bütün dünyanın münasibəti əvvəlki kimi olmayacaq".
Devid Kemeronun sözlərinə görə, sanksiyalar Rusiya iqtisadiyyatına mənfi təsirini göstərməkdədir və Böyük Britaniya daha sərt təzyiqlərin davam etdirilməsinin tərəfdarıdır.
Qarşı tərəfin tətbiq etdiyi sanksiyaların qarşısını almaq, heç olmasa təsirlərini azaltmaq üçün Moskvanın gördüyü tədbirlər ilk məqamlarda müəyyən dərəcə özünü göstərməyə imkan tapmışdısa, artıq hər şey çarəsizliyə doğru gedir. Çünki faktlar göstərir ki, Qərbin göstərdiyi təzyiqlər Rusiya iqtisadiyyatını silkələməyə balayıb. "Levada-mərkəz"in apardığı sorğunun nəticələrini bu günlərdə səhifələrində dərc edən "Vedemosti" vəziyyət barədə müəyyən təsəvvürlər yaradır. Belə ki, avqustla müqayisə edilən göstəricilər çox ciddi siqnallardan xəbər verir. Mağazalarda satılan yeyinti məhsulların qiymətləri üç ay ərzində ikiqat bahalaşıb. Avqustda göstərilən bahalıq faizi 35 faiz idisə bu indi 64 faiz təşkil edir.
Əhalinin özü də situasiyanın getdikcə pisləşəcəyinə inanır. Rus vətəndaşları ehtiyat pullarının sürətlə qiymətdən düşdüyünün fərqindədirlər. İnsanlarin son üç ay ərzində alıcılıq qabiliyyətinin 11-12 faiz azaldığı bildirilir. Maraqlıdır, mərkəzin direktor müavini, ekspert Aleksey Qrajdankinin sözlərinə görə, rus vətəndaşlarının əksəriyyəti bütün bu bahalaşmanın sanksiyalardan qaynaqlandığından xəbərsizdi.
Rusiya İstehlakçılar İttifaqının sədri Petr Şeliş də mövcud vəziyyət haqqında pozitiv düşünməyəyə əsas görmür. Onun fikrincə hələlik hər şey pis görünür. "Dolların və avronun kursuna görə rublla alınan bütün ərzaq məhsulları yalnız bahalaşmağa doğru gedəcək. Qiymətlər ümumiyyətlə 80 faiz yüksələ bilər".
Əlbəttə, bütün bunlar hələ son göstəricilər deyil. Sanksiyalar bir qədər də sərtləşdirilərsə və bu prosesə yeni ölklər də qoşularsa ekspertlərin təhlillərinə heç ehtiyac qalmayacaq. 7-8 ayın içərisində müflisləşən ruslar çox yəqin ki, bunların hesabını soruşmaq zorunda qalacaqlar. Qazaxıstanı, Belorusiyanı, Ermənistanı... başına toplayıb yeni iqtisadi qurum yaratmaqla dünyaya qarşı durmağa ümid edən Rusiyanın vəziyyəti beləliklə doğrudan da çox mürəkkəb görünür...

TƏQVİM / ARXİV