adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

QIŞ QARPIZI

OQTAY SALAMOV
21577 | 2007-12-13 07:27
Nədən şerimizin baş qəhrəmanı
   
   Gah İrandan gəlir, gah da Turandan?..
   
   Səməd Vurğun
   
   
   
   Qurtardı, bitdi. İranı indi məmləkət yerinə qoymurlar, Turanın adı da itib. İndi şerimizin də, nəsrimizin də, elə siyasətimizin də baş qəhrəmanları ABŞ-dan gəlirlər. Bunlar azmış kimi, məsələlərimizi də aparıb Amerikada müzakirə eləyirlər. Və biz də buna bəh-bəh deyirik, uğur sayırıq. Bir çox politoloq və ekspertlərimiz belə mövzuları elə gözəl bəzəyirlər (maşallah, bəzəmək üzrə nəinki regionda, elə dünyada da birinci yerin bizə məxsus olduğunu ancaq təvazökarlıqdan elan eləmirik), elə şıqşıq kağıza büküb verirlər ki, adam az qalır elə kağızlı yesin. Amma bu dəfə elə "konfet" də ABŞ-dan gəlib, şıqşıq kağızı da. İkicə gün gözləyin, politoloqlarımız reklamına başlayacaqlar.
   
   Bəri başdan deyim ki, bu məsələdə mən ancaq öz ağlım kəsəni fərdi fikir kimi bölüşürəm. Ola bilsin ki, mənim gördüyüm aysberqin təpəsidi, amma elə bu təpəsi də bəs edir ki, o zonadan bacardıqca uzaq olaq. Bizimki "Titanik"in yanında kağız gəmiyə bənzəyir, onun aysberqin yaxınlığında nə işi var?.. Artıq hamınızın məlumatı var ki, Vaşinqtonun "Mayfolwers" otelində "Azərbaycan-Türkiyə-ABŞ münasibətləri və bu münasibətlərin Avroasiya üçün vacibliyi" mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransın kifayət qədər ciddi qurumlar - Hudzon Universitetinin Avroasiya Siyasəti Mərkəzi, Azərbaycan-Türkiyə İş Adamları Birliyi və Con Hopkins Universitetinin Orta Asiya-Qafqaz Universiteti tərəfindən təkşil olunduğunu da bilməmiş deyilsiniz. Tədbirdə hər üç ölkənin siyasi və biznes elitasının nümayəndələrinin iştirak etdiyini də bilməlisiniz. Müzakirə olunan məsələlərin ciddiliyinə şübhə olmamalıdır. Məni maraqlandıran, hələ istəsəniz narahat edən məsələ tamam başqa bir şeydir.
   
   Fikir vermişəm, bizə nə isə sırımaq istəyəndə, ziyanımıza olan bir planı ortaya qoyanda başlayırlar əvvəlcə bizi tərifləyib qoltuğumuza qarpız verməyə: ay belə inkişaf eləmisiniz, ay aparıcı dövlətə çevrilmisiniz, ay örnəksiniz, sizdən yoxdu... Biz də tərif üçün sinov gedən millət, qollarımızı bir az da qaldırırıq ki, qarpızları cüt-cüt qoysunlar. Qarpızdan ucuz nə var ki, onlar lap üç-üç qoyurlar. Sonra qulağımızın dibinə elə bir qapaz vururlar ki, gözümüzdən od çıxır, amma cavab verə bilmirik, qoltuğumuzda qarpız var axı, qolumuzu tərpətsək düşər, qalarıq qarpızsız.
   
   Bu konfransda deyəsən qoltuğumuza qış qarpızı veriblər deyən lap xoşhal olmuşuq, qışda qarpız bir qəpiyə dəyməsə də, baha olur axı. ABŞ dövlət katibinin Avropa və Asiya məsələləri üzrə müavini Daniel Frid Azərcaycanı o ki var tərifləyib, onun regionda oynadığı rolu qiymətləndirib və deyib ki, Azərbaycanın inkişafı Orta Asiya dövlətləri üçün nümunə ola bilər. Kim deyə bilər ki, pis sözlərdir, kimin canına sarı yağ kimi yayılmaz? Amma gəlin bir balaca baxış bucağını dəyişək: Orta Asiya dövlətləri o qədər zəifdir ki, Azərbaycan, lap elə ABŞ onlara nümunə olsun? Nə ilə? Tarixi deyirsən - ABŞ-dan qədimdi, dövlətçiliyi deyirsən - qədimdi, inkişafı deyirsən - heç kimdən geri qalmırlar. Zəmanə bizləri elə öyrədib ki, indi səsləndirilən rəqəmlərə, statistikaya yox, ekrandan camaatın sifət ifadələrinə, geyimlərinə, şəhərlərinə, küçələrindəki maşınlara baxıb inkişafın dərəcəsini müəyyənləşdiririk. Son dövrlərdə Orta Asiyanın cənnətə bənzədiyini, adamların razı sifətlərini, əhval-ruhiyyələrini görmürsünüz?
   
   Amerikanın başı-...ayağı 250-300 il tarixi var, Avropada oğru-quldur, başkəsənlər, ata-analarını tanımayanlar yığışıb oraya bir dövlət qurublar. Buxarada, Xarəzmdə olan abidələrin yaşı 2500 illə ölçülür. Azərbaycan ABŞ-ın yanında ən qədim dövlətlərdən biri sayılmalıdır. İndi hansısa Daniel bizə dərs verir, bizi bizə tanıtmaq istəyir. Özü də gizli fitil qoymaqla, ən azından qısqanclıq yaratmaqla.
   
   Daha incə bir məqama diqqət yetirin: Daniel Frid deyir: "Əldə olunan yeniliklərin 17 milyon azərbaycanlının yaşadığı İranda da islahatların aparılmasına təkan verəcəyinə inanıram". Bizimkilər reaksiya vermirlər, onların fikirləri "ABŞ, Azərbaycan və Türkiyə strateji tərəfdaşlıq qura bilərlər" laylasının yanındadır. Frid burada da qarpızı verəndən sonra şapalağı vurur: "Amma bu tərəfdaşlıq Vaşinqtonun Rusiyanın regionda maraqlarına qarşı çıxmaq niyyəti kimi qəbul edilməməlidir. Bizim Rusiyanın bölgədəki maraqlarına qarşı çıxmaq fikrimiz yoxdur". Deməli, bu strateji tərəfdarlığı da qurmaq fmkriniz yoxdur, qarpızdır verirsiniz qoltuğumuza. Qayıdaq əsas məsələyə: Daniel Frid İranda 17 milyon azərbaycanlının yaşadığını haradan götürüb? Əgər bu belədirsə, bizim mənbələrin 40 milyon, hətta 50 milyonu haradan götürülüb? Yox, belə deyilsə, bəs niyə Fridin söz arasına soxub millətin sayını azaltmağına cavab vermirik?
   
   Sözsüz ki, "Mayfolwers" konfransı təhlil olunacaq, bəlkə adına bir "tarixi" epitet də yapışdırılaraq Azərbaycanın ən böyük uğurlarından biri kimi təqdim də olunacaq. Hətta Daniel Fridin "Azərbaycan Avropa qitəsinə qaz nəql edəcək alternativ subyekt kimi starteji əhəmiyyətə malik ölkədir" sözlərini şüar kimi şəhərin görməli yerlərindən asacağımızı da istisna eləmirəm. İnanın ki, Daniel bəyin "Azərbaycan neft və qazla zəngin digər ölkələrin səhvlərini təkrarlamamalıdır" cümləsini cib dəftərçəmə köçürəndə riqqətdən gözlərim də yaşardı. Amma neynəyim ki, bu qış qarpızı bunların hamısından yekə oldu. Qarpızımız mübarək!

TƏQVİM / ARXİV