adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

İCTİMAİ QURĞUMUZDA BOY

SEYFƏDDİN ALTAYLI
76526 | 2014-11-08 01:55

Bugünkü yazımda yenə biz Türklərin ictimai qurğusuna yönəlib boyla bağlı fikirlərimi oxucularla bölüşmək arzusundayam. Məqsədim tarix dərsi keçmək deyil, ancaq yeni nəsillərə bir faktı, ulu babalarımızın keçdiyi tarixi yolda bu milləti nə cür təşkilatlandırdıqları və bunun sayəsində də indiki vaxta qədər alnı açıq üzü ağ gətirib çıxardıqlarını yada salmaqdır.
Türk millətinin ictimai qurğusu haqda alimlər müxtəlif vaxtlarda çeşidli təsniflər aparıblar. Hər tədqiqatçı isə öz sahəsinin əhatə dairəsindən eşiyə çıxabilməyib və axtarış apardığı vaxta vəya Türk tayfasına baxıb ictimai qurğumuza ad qoyub. Ümumiyyətlə aparılan təsniflər və adlandırmalar bir birini tutmur; lakin Türklüğə ad verən Göytürklər və onların tarixi, ictimai qurğu yönündən tarixi qeydlərdə yol verilən səhvləri aradan götürəbiləcək qüdrətdədir.
Göytürk dövləti, onu yaradan Türk adlı tayfanın adını özünə dövlət adı kimi götürüb və Türk adlı tayfaya qohum olan digər tayfaların adı da siyasə mənada Türk olub, boy adı dövlət adına çəvrilərək siyasi məna qazanıb. Yəni "Türk", mənsubu olduğumuz millətin etnik adı yox siyasi adıdır. Yaddan çıxarmayaq ki, Türk adlanan xalqların və tayfaların tamamı qan qohumluğu ilə bir birinə bağlıdır.
əslində bilinən tarixə görə dünyada yaranan ilk Türk dövlətinin adının Aratta olduğu və həmin dövlətin mərkəzi Urmiyə gölü olmaqla Azərbaycan və Şərqi, Cənubişərqi Anadolu torpaqları üstündə yarandığı, sərhədlərinin də Şimali Azərbaycanın Kür-Araz məntəqəsini də əhatə etmək şərtilə Dağlıq Qarabağa kimi gedib çıxdığı artıq bugünkü dövrdə sirr deyil.
Türk ictimai qurğusunda xüsusi önəmə malik, hətta mikro mənada Türkün dövləti deyəbiləcəğimiz ailədən bir pillə sonraki ictimai qurğunun adı uruqdur. Kəndimizdə Bayat tayfasına mənsub bir qohumumuzun həyat yoldaşı İgdirin Göyçəli kəndindəndi və adı Uruq idi. Çox qəribədir, indiyə kimi İgdir mahalında və Qars tərəfində Uruq adını daşıyan ikinci bir şəxsə çox cəhd göstərsəm də rast gələbilmədim. Çox güman ki, Uruq Xanımın ailəsi qədim dövrlərdəki ictimai qurğuda uruq pilləsində idi və bu adı nəsilbə nəsil saxladılar, axırda da onu həmin qadına ad kimi verdilər. Türklərdə bu cür adətlər vardır.
Boy, Türk ictimai nizamında üçüncü pillədə dayanır. Ailə və uruqlar, yəni soylar bir araya gəldiği vaxt boy yaranırdı. Boyun başında isə, daxili əməkdaşlığı qorumaq, haqq və ədaləti bərpa etmək üçün bəy unvanlı bir məsul şəxs vardı. Boy, canlı və daimi inkişafda olan siyasi bir varlıqdı. Özünə məxsus torpağa və hərbi qüvvəyə malikdi. Boya məxsus hər mülkün və heyvanların üstündə, onları digərlərindən fərqləndirmək məqsədiylə vurulan müəyyən işarələr, damğalar vardı. Boyun rəhbərliyini yeridən bəyin dini funksiyası yoxdu, onsuz da ən qədim vaxtlardan bəri Türk dövlət xadimləri eyni zamanda dini rəhbərlik vəzifəsini ifa etməyib. Ulu babalarımız tarix boyu dini işlərlə dövlət işlərini bir birinə qarışdırmayıb. Bəs indi necə, bu gələnəyə əməl edirikəəə
Qədim Türklərdə boy adları, boyun siyasi vəya ictimai xüsusiyyətini büruzə verirdi. Türkiyənin ən görkəmli mədəniyyət tarixçisi və mənim müəllimim olan mərhum Prof. Dr. İbrahim Kafəsoğluna görə boy adları belədir.
-Hərbi təşkilat va unvanlarıyla bağlı boy adları: Çor, Yula, Külbəy, Qapan, Yabaqu, Çəpni, Taryan, İgdir, Köbök, Yeney.
-Hərbi siyasi hadisələrin təsirində yaranmış boy adları: Xəzər, Uyğur, Sabar, Qabar, Kəsi, Bolqar.
-Şöhrətli, varlı, böyük mənasına gələn boy adları: Bayandur, Bayat (Boyat), Tabqaç, Çavuldur.
-İnsan mənasına gələn boy adları: Ağaçəri, Kumeri, Hun, Magyar.
-Coğrafi durum və təbiət hadisələrilə bağlı boy adları: Karluq, Boran, Kürd, Arqun, Arqı.
-Möhkəmlik, güc, cəsarət və fəzilət mənasına gələn boy adları: Türk, Qayı, Qaran, Kəngər, ərdəm, Qınıq.
Boylar birliğində iştirak edənlərin sayına görə ad almaları isə belədir: On Ox, Doqquz Oğuz, On Uyğur, Üç Karluq, 30 Oqur kimi.
Oğuz (Uk-uz) sözünün özü isə, birbirinə bağlanıb siyasi bir təşkilat quran Türk boyları mənasındadır. Bütün bunlar bizə göstərir ki, Türk boyları adlarını şəxslərdən almayıbdır. Bu gələnək çox daha sonraları ictimai qurğumuza daxil olub, yəni ərəb və farslarla ünsiyyətdə olandan sonra.
Boy bəyləri xalq içində düzlüğü, cəsarəti, dözümü, təmkini və bacarığı ilə nam qazanmış şəxsiyyətlərin arasından seçilirdi. Boy bəylərini səçən münsiflər həyəti, ailə və soyların nümayəndələrindən təşkil tapırdı. Xalqın məhəbbətini itirən boy bəyi, bəylikdən istefaya çıxmaq məcburiyyətindəydi. Bugünkü kimi adı xalqın nəzərində oğruya, nə bilim nəyə çıxmış şəxslər rəhbər vəzifələrə çıxabilməzdi, xalqımızın qədim vaxtlarda qazandığı demokratiya anlayışı ona icazə verməzdi. İşə baxın ki, bizim mifoloji çağlardan üzü bəri həyata keçirdiklərimizi bugün qərblilər mənimsəyib və bizə demokratiya dərsi keçirlər. Bir şirkətin yiyəsinin özünü qonaq etdiyi xəbəri qəzetlərdə yayılan kimi qərbli bir dövlətin prezidenti istefaya çıxmadıg!ə İngiltərədə bir nazirin bankdan götürdüyü kreditin sələminin bank işçisinin səhvi ilə daha az faizlə hesablanması və bu səhv başa düşülən kimi həmin nazirin səhvə yol verilən qədər məbləği banka təhvil vərməsinə baxmayaraq, iş mətbuatda əks etdikdə nazirin "siyasi adıma ləkə düşdü" fikrindən hərəkətlə istefaya çıxması hamıya məlumdur. Bəs Türk dünyasında necəəəə
Bir digər məsələ isə, Türklər hansı boya mənsubdursa və harda yaşayıbsa öz adlarını o coğrafi məkanın hərhansı bir yerinə veriblər və oranın toponiminə öz möhürlərini basıblar. Bugün Azərbaycan:::ın Güneyində vəya Qüzeyində bu cür yerlərə hər tərəfdə rast gələbilərik, eləcə də Anadolu torpaqlarında. Xəzər, adını Xəzər Türklərindən götürüb. Saatlı, Sak Türklərinin adını min illərdir daşıyır. Girdman, Tərtər, Qarqar, Şəki, Gəncə, Zəngi, Zəngibasar, Türkiyədə Ağrı (arqu adından), İgdir, Qacar, Ankara (Anqora adından), Qars (Karsak adından) və s. Bu adlar isə ilkin növbədə yada düşənlərdir. Məsələn Urmu gölünün adı, eramızdan qabaq 24. əsrdə bu mahalda yaşamış Urmu tayfasının adını daşıyır və bu hövzə Türklərin bilinən tarixinin ən qədim dövlətinin, yəni Aratta dövlətinin yarandığı məkandır. Boyat, əhmədli, əfşar, Muğan, Təkəli, Qacar, Təbriz (Tavar Türk boyunun adından) kimi adlardan minlərləsini sayabilərik.
Hər Türk boyu vəya tayfası bir yerdən özgə bir yerə köçübdürsə, köçüb getdiyi yerə daha əvvəlcə yaşadığı yerlərin adlarını da götürüb təzə məskunlaşdığı yerlərə aparıbdır. Nümunə üçün Sabarları götürək. Eradan qabaq 2400 illərində Akkad şahı Sarqon Mesopotamiyada yaşayan Subar Türklərinə hücum çəkir və onların dövlətinin tənəzzülünə səbəb olur. Sabarlar da Akkadların hakimiyyəti altında yaşamağa dözəbilmir və başlarını götürüb gedirlər. Gedərkən də iki hissəyə bölünürlər. Bir hissəsi üzünü Türküstana, Sibirə tutur və getdikləri yerə də öz adlarını qoyurlar. İndiki Sibir adı həmin Sabar Türklərinin adını min illərdir daşıyır. Sabarların bir digər hissəsi isə Türkiyə:::nin indiki Bitlis və Diyarbəkir vilayətləri arasında məskunlaşırlar. O vaxtlar buralar Mitannilərin əlindəydi. Mitannilər onlara dəyib toxunmurlar və Eradan qabaq 13. əsrdə Mitanni dövlətinin süqutu nəticəsində Arme, Kulmeri və Turku adlı bəylikləri yaradırlar. Çox güman ki, Turku adlı bu tayfa da bir müddət sonra üzünü Orta Asiyaya tutub və Orxun-Yenisey ətrafında Göytürk dövlətini yaradıb onu imperiyaya çeviribdir.
Mənim fikrimcə gənç araşdırmaçılarımız yaşadığı yerlərin ən qədim adlarıyla bağlı araşdırmalar aparmalı və onların tarixi ictimai kökünün əsl mənasını açmağa çalışmalıdır. Bir digər mövzu isə xüsusilə işğal altındakı torpaqlarımızın və Güney Azərbaycandakı yer-yurd adlarımızın itib batmasına icazə vərilməməlidir, yazıcılarımız o adları tez-tez əsərlərində dilə gətirməli və yeni nəsillərin yaddaşına həkk etməlidir. Xüsusilə Güney Azərbaycan toponimləri, oralarda məskunlaşmış, bəyliklər və dövlətlər yaratmış, tarixin özündən də qədim olan Türk tayfalarının, boylarının adlarını daşıyır. Bu yer adları yığılmalı, onlar ətrafında yaranmış zərb məsəllər, nağıllar, əfsanələr yazıya köçürülməlidi. Yadımızdan çıxarmayaq ki, ulu dastanımız Dədə Qorqud da, dilimizin ən əsaslı mənbəi, Türkcənin müqəddəs kitabı olan Divanı Lüğət it Türk də bu cür yaradılıb. Ulu babalarımızın adlarının qənimlərimiz tərəfindən korlanmasına icazə verməməliyik.



TƏQVİM / ARXİV