Çətin suallara Bakıda tapılan cavablar

ETİBAR CƏBRAYILOĞLU
67058 | 2014-11-08 01:50




Dörd il öncə paytaxtımızda maraqlı bir ənənənin əsası qoyuldu. Bakı Beynəlxalq Teatr Konfransı yüksək səviyyədə təşkil edildi və qısa bir müddət ərzində geniş əks-səda doğura bildi.
Həmin ənənə bu gün də uğurla davam edir. Noyabrın 5-də və 6-da III Bakı Beynəlxalq Teatr Konfransı keçirildi. Dünyanın tanınmış teatr xadimləri, incəsənətin bu növünü tədqiq edən alimlər yenidən paytaxtımızda bir araya gələrək faydalı müzakirələr apardılar, onları narahat edən suallara cavab tapmağa çalışdılar.

Dünyadakı teatr
prosesinə baxış,
nazirdən nikbin çıxış

Mədəniyyət və Turizm Nazirliyinin, Milli Elmlər Akademiyası və Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə keçirilən III Bakı Beynəlxalq Konfransı noyabrın 5-də öz işinə başladı. Dövlət Musiqili Teatrında keçirilən bu nüfuzlu tədbirdə 40-dan çox ölkəni təmsil edən 100-dən çox tanınmış teatr xadimi- rejissor və aktyorlar, dramaturq və tənqidçilər, teatr rəssamları və xoreoqraflar bir araya gəldi. Müxtəlif ölkələrdən gələn forumun iştirakçıları müasir dünyada teatr qarşısında duran məsələləri müzakirə etdilər.
III Bakı Beynəlxalq Teatr Konfransında ABŞ, Böyük Britaniya, Türkiyə, Fransa, Almaniya, Rusiya, İtaliya, Yunanıstan, Hindistan, Kanada, Gürcüstan, Estoniya, Kuba, Mərakeş, Avstraliya, İspaniya, Hollandiya, İrlandiya kimi ölkələrdən gələn nümayəndələrin iştirak etməsi tədbirin ildən-ilə nüfuzunun artmasını sübut edən amillərdəndir.
"Teatr sənətinin multikulturizm-unversal dəyərlər sistemində yeri" mövzusuna həsr edilən tədbiri giriş sözü ilə açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qonaqları və iştirakçıları salamladı. Son illər Azərbaycanın sürətlə inkişaf etdiyini, bütün sahələrdə böyük uğurlar qazandığını deyən nazir mədəniyyətə, incəsənətə dövlət qayğısının artdığını diqqətə çatdırtdı. Nazir bildirdi ki, teatr sənətinin davamlı inkişafını təmin etmək məqsədilə mühüm dövlət sənədləri qəbul olunub və bu proqramlar uğurla həyata keçirilir.
Əbülfəs Qarayev 140 illik tarixi olan peşəkar Azərbaycan teatrının bu gün dünya mədəniyyətində gedən proseslərə fəal inteqrasiya olunduğunu xüsusi qeyd etdi. Nazir teatr kollektivlərimizin nüfuzlu beynəlxalq festivallarda uğurla iştirak etdiyini, müntəzəm qastrol səfərlərində olduğunu, tanınmış teatrların paytaxtımızda tez-tez tamaşalar göstərdiyini bildirdi.
Mədəniyyət və turizm naziri konfrans iştirakçılarının diqqətini bir məsələyə də yönəltdi. O, qeyd etdi ki, Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasəti nəticəsində mədəniyyət ocaqları da ziyan çəkib, bəzi rayonlarımızdakı dövlət teatrları qaçqın həyatı yaşamağa və çətin şəraitdə fəaliyyət göstərməyə məcbur olublar.
Əbülfəs Qarayev III Bakı Beynəlxalq Teatr Konfransını ölkəmizin mədəni həyatında mühüm hadisə kimi xarakterizə etdi, ənənəvi forumun uzun illər davam edəcəyini bildirdi.
Sonra çıxış üçün söz millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayevə verildi. III Bakı Beynəlxalq Teatr Konfransının aktual mövzuya həsr edildiyini diqqətə çatdıran dövlət müşaviri bildirdi ki, bu gün Azərbaycan multkultural bir məkana çevrilib. Onun sözlərinə görə, multikulturalizm anlayışı həm bəşəri, həm də milli dəyərlərin eyni vaxtda mövcud olması kimi səciyyələnir və bunu əyani surətdə həyata keçirən ən gözəl məkan məhz teatrdır.
Konfransda çıxış edən Beynəlxalq Kukla Teatrları Assosiasiyasının (UNİMA) Baş katibi Jak Trüdo tədbirin əhəmiyyətini xüsusi vurğuladı, forumda teatr sənəti qarşısında ümumi çağırışların müzakirə ediləcəyini diqqətə çatdırdı.
Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyasının (ASSİTEJ) prezidenti İvet Hardi
Bakıdakı görüş və müzakirələrin dünya teatr prosesinə öz müsbət təsirini göstərəcəyinə inandığını bildirdi.
Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının Baş katibi Mişel Vais Azərbaycandan olan həmkarlarının təmsil etdiyi qurumun işində həmişə fəallıq göstərdiyini qeyd etdi, foruma uğurlar arzuladı. Beynəlxalq Teatr Rəssamları, Memarları və Texniki İşçiləri Təşkilatının prezidenti Luis Yansen belə görüş və müzakirələrin yaradıcı mühit üçün önəmini vurğuladı. Beynəlxalq Teatr Tədqiqatçıları Federasiyası İdarə Heyətinin üzvü Boris Daussa-Pastor Azərbaycan paytaxtında keçirilən belə bir nüfuzlu tədbirdə iştirakdan qürur duyduğunu ifadə etdi.
Açılış mərasimindəki çıxışlar bitəndən sonra forum bölmə iclasları ilə işini davam etdirdi.

Görüşlər, vidalar
unudulmayır

III Bakı Beynəlxalq Teatr Konfransının plenar iclaslarında çox əhəmiyyətli məsələlər müzakirə olundu, faydalı fikir mübadiləsi aparıldı. İlk iclasda dünya teatrlarının müasir estetik problemləri müzakirəyə çıxarıldı. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru, professor Məryəm Əlizadənin və tanınmış teatr rəssamı İosif Yusupovun (ABŞ) moderatorluğu ilə keçən müzakirələrdə dünyanın ünlü teatr və kino rejissoru Kşiştof Zanussi (Polşa), professor Tapati Qupta (Hindistan), Piter Qoldfarb (ABŞ) və başqaları fikirlərini bölüşdülər.
Növbəti plenar iclas isə teatr sənətində multikulturalizm məsələlərinə həsr edilmişdi. Azərbaycan Akademik Milli Dram Teatrının direktoru, professor İsrafil İsrafilovun və İrina Qoqoberidzenin (Gürcüstan) moderatorluğu ilə keçən iclasda da qızğın müzakirələr aparıldı. Anna Liza Rossi (İtaliya), Rişard Pettifer (Avstraliya), Sarit Kofman-Simon (İsrail), Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, professor Azərpaşa Nemətov, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vidadi Qafarlı, Marina Dmitrevskaya (Rusiya), Salem əl-Məzuri (Qətər) və başqaları müzakirələrdə fəal iştirak etdilər.
İki gün ərzində forum iştirakçıları müxtəlif mövzular ətrafında fikir mübadiləsi apardılar, müasir teatrın aktual problemlərini müzakirə etdilər. 40-dan çox ölkəni təmsil edən qonaqlar teatrlarımızda oynanılan tamaşalara baxdılar və paytaxtımızın tarixi məkanlarını gəzmək imkanı əldə etdilər. III Bakı Beynəlxalq Teatr Konfransı Azərbaycanla tanışlıq, dünya teatrlarındakı prosesləri öyrənmək və müzakirə etmək üçün gözəl bir fürsət oldu. Həmkarlar və həmfikirlər arasında münasibətləri bir qədər də yaxınlaşdırdı, bir körpü rolunu oynadı.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin tədbirin açılış mərasimində dediyi kimi, teatr Azərbaycanda estetik və mənəvi missiya daşımaqla geniş kütlələrə nüfuz etməyi bacaran ən önəmli incəsənət növlərindən biridir. Bu konfrans Azərbaycan dövlətinin mədəni inteqrasiya, multikulturalizm, tolerantlıq kimi qlobal dəyərlərin inkişafına həssas münasibətinin əyani sübutudu. Çünki dövlətimizin mədəniyyət siyasətində əsas məqsədi xalqlar, millətlər arasında körpülər qurmaq vəzifəsi və müxtəlif irqə, dinə və dilə mənsub insanları humanist fəlsəfə ətrafında birləşdirmək amilidir.



TƏQVİM / ARXİV