adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

İŞƏ VELOSİPEDLƏ GEDƏN KİŞİLƏR

VƏSİLƏ USUBOVA
26437 | 2014-11-08 01:43



Mənim iş yoldaşım çox ağıllıdı. O qədər ağıllı ki, hər söhbətimizdən bir yazı hazırlamaq olar, əgər mən tənbəllik etməsəm. Zövqlərimiz oxşardı-televizorda ancaq seçmə bədii filmlərə, bir də intellektual verilişlərə baxırıq. Səhər də mütləq özünü otağıma çatdırıb (əgər onu iş dalınca göndərməsələr) təəssüratlarını bölüşməlidi...
Bu dəfə mən onu qabaqlayıram:
- Ötən axşam bir filmə baxırdım... Təsəvvür elə, kişini səfir göndərirlər, ancaq evlənmək istədiyi qadının keçmişinə görə onu seçim qarşısında qoyurlar. Bilirsən, o neylədi?!. "Vəzifədən xoşbəxtlik yaxşıdı" deyib qadını seçdi...
- Belə şeylər bizlik deyil, Vəsilə. Özünü yorma. Bilirsən bunu hansı kişilər edir? İşə velosipedlə gedib-gələn kişilər... Bizlərdən belə şeyləri gözləmə...
İş yoldaşımın qəribə məntiqi xoşuma gəlir. Deməli, onun ağlıynan qürurlanmaqda haqlıyammış...
O kişi bilirdi ki, vəzifə ömürlük deyil. Sevimli qadına qovuşmaq isə bir ömürlük xoşbəxtlik deməkdi...
Bizim Zaursa Təhminəni bir "Volqa"nın açarına satdı...
Onlar qadının ipək dəsmalını elə nazikcəsinə qaldırıb özünə verirlər ki, bu anın təəssüratı uzun müddət yaddan çıxmır...
Bizimkilər deyir, əyil özün götür, mən götürsəm, söz olar...

***

Ömrünü at belində keçirən ərənlər haqqında nostalji söhbətlər çoxumuzun dilinin əzbəridi. Tarix müəllimimiz deyirdi, monqollar at minməyə o qədər vərdiş eləmişdilər ki, çadırdan çadıra da at belində gedirdilər. O kişilər elə at belində sevir, gəlini də atla gətirirdilər. Lazım gəldikdə sevdikləri qadını başqasının əlindən alırdılar. Qadın ərdə olsa belə. Zərif məxluqu ancaq sevmək və qorumaq lazımdı; onların həyat tərzi beləydi. Qadını mühakimə eləmək kimsənin ağlına da gəlmirdi. (Görünür, təkcə qaliblər deyil, gözəllər də mühakimə olunmur). O, davaya, ölümə, müharibəyə səbəb olurdu, ancaq yenə əvəzsizdi, toxunulmazdı. "Troya" filmində də belədi, Çingiz xan haqqındakı filmdə də... Filmləri izlədikcə nə Yelenanı, nə də Çingiz xanın anasını qınayan, mühakimə edən birisini görmədim. Bu nədi?! Qadını yüksək, qiymətli bilməkmi, yoxsa, dövrün öz əxlaq qanunlarımı?!
İndi isə... bir qadının acığına bir ailəni gülləbaran eləyirlər...
Son zamanlar kürəkənlər Əzrayıl donunda məmləkəti dolaşmaqdadı... Nə "dayan" deyən var, nə də qızının şikayətlərinə, göz yaşlarına məhəl qoyan. Yaxşı bəhanə tapıblar; guya ailə basılmaz qaladı, kimsə ona barmağını da uzada bilməz. Ərə gedən qızın üzünə geriyə dönən yolları birdəfəlik bağlayırlar. "Sənin o evdən meyitin çıxa bilər" cümləsini plakata çevirib asıblar başlarının üstündən. Zülmə, təhqirə dözən, qapaz yeyən gəlinlərə hamı "bərəkallah" deyir. Ər evində günü qara olanlar dərdlərini analarına belə deyə bilmirlər. Mən yuxarıda "son zamanlar" ifadəsini işlətdim. Əslində, bu işlərin kökü çox dərinlərdədi. Hələ Sovet dövründə, qadınların kişilərlə bərabər hüquqlara malik olduğunu dünyaya car çəkdiyimiz zamanlarda da düşdüyü ailədə zorakılığa, şiddətə məruz qalan neçə-neçə gəlin özünü yandırmaqla, sirkə içməklə həyatına qəsd edirdi. Doxsanıncı illərin əvvəlində rayonumuzda tükürpərdici bir hadisə olmuşdu. İki uşağın atası ailəni ehtiyac içində buraxıb Rusiyaya getmişdi. Burada da qayınana iki uşağıyla birgə gəlinə gün vermirdi. Dönə-dönə doğmalarına sığınmaq istəyən cavan qadını öz ata-anası da qəbul eləmirdi. Axırıncı dəfə ata evinin qapısı üzünə bağlanan gəlin ağılagəlməz çıxış yolu tapdı: uşağın birini kürəyinə bağlayıb, o birini də sinəsinə sıxaraq özünü Kürə atdı...
Bu qədər doğmaların içində iki körpəyə, bir anaya sahib çıxan olmamışdı...
Bizimçün ən dəhşətli sürprizləri öz doğmalarımız hazırlayır... Çətin gündə, dar ayaqda kimlərin bizə sahib çıxacağını, yanımızda olacağını heç birimiz bilmirik...
İnsanın ən etibarlı dostu da, sirdaşı da elə onun özüdü... Ürəyimizdən başqa dərd ortağımız yoxdu... Deməli, möhkəm olmaqdan başqa çarəmiz yoxdu...
Qızlarımız öz talelərinə sahib çıxmağı bacarmırlar...
Çoxları da köləliyi könüllü seçirlər...
İşlədiyim idarəyə müxtəlif taleli, müxtəlif niyyətli qadınlar gəlir. Aralarında dərdlərini mənə etibar edənləri çox olur. Özünü taleyin qurbanı kimi qələmə vermək yaxşı bəhanədi, ancaq pis çıxış yoludu. Öz gücsüzlüyünü, öz taleyinə biganəliyini sığortalamaqçındı. Düşünürəm, görəsən, bunlar taleyə meydan oxumağı nə zaman öyrənəcəklər?! Bəlkə də sərt mövqe tuturam. Axı, hamıdan eyni cəsarəti, dünyagörüşü, sərbəstliyi tələb eləmək olmur. Pis adamla rastlaşacağından da kimsə sığortalanmayıb. Bir məlumatda oxumuşam ki, Yer üzündə nikaha girənlərin yüzdə yetmişi xəyal qırıqlığına uğrayır. Hər adamla bir damın altında yaşamaq, ömrü paylaşmaq mümkün deyil. Adamları tanımaq çox çətindi. Bəzən bir ömür də kifayət eləmir. Amma hər kəsin yaxşını pisdən ayırmaq, ağı qaradan seçmək imkanı var. Və zamanı gələndə bunu eləmək lazımdı. Ömrümüzü, günümüzü qaraldanları həyatımızdan uzaqlaşdırmağı bacarmalıyıq... Həm də bu məqamda ilk və son söz ancaq özümüzə məxsusdu. Özü-özünə kömək eləməyi bacarmayanı, yaxud bunu istəməyəni kimsə xilas edə bilmir...
Bu günlərdə "Düşmənlə bir yataqda" filminə bir də baxdım. (İlahi! Mən O Qadını elə özəl başa düşürəm ki... Başına gəlməyənlər çətin anlayar bunu...) Ərinin zülmündən güclə qaçıb canını qurtaran (əslində, bu da təsadüf nəticəsində baş verir) film qəhrəmanı avtobusda bir yaşlı qadına yaşadıqlarını danışmalı olur. Bunun, guya başqasının başına gəldiyini desə də, məsələni anlayan yol yoldaşı niyə ona kiminsə kömək eləmədiyini soruşur. Gözləri yol çəkən qadın: "Bu işdə adama kimsə kömək edə bilmir" cavabını verir.
Mənsə razı deyiləm. Belələrinə kömək etmək olar, ancaq tale yiyəsi özü möhkəm olmalı, sözünün üstündə durmalıdı. Gündə bir qərara gəlməməlidi...
Hərdən özüm də tərəddüd edirəm. Axı, bu yazıqlar dərdlərini kimə desinlər?! Kim anlayacaq onları, ya da anlamağa həvəs göstərəcək?! Xaçpərəstlər doğmaları, yaxınları olmayanda kilsəyə gedib dərdlərini keşişə danışırlar. Onlar buna günah çıxarmaq deyirlər. (Deyirəm, görəsən, bizim mollalara sirr vermək olar? Səhərisi bütün ətrafda səni barmaqnan göstərməzlər ki?!.)
Nə qədər ki, bəlanın içindəsən, kimsə səni eşitmək, anlamaq istəmir. Elə ki, faciə baş verir, onda da hamı düşür üstünə ki, niyə vaxtında bir çarə qılmırdın, dərdini kimsəyə demirdin?!
Telekanallarımızda da elə bəsit müzakirələr aparırlar ki, bilmirsən, güləsən, yoxsa ağlayasan. Axı, biz bu mərhələləri çoxdan keçmişik. Gəlin-qayınana, ərin arvadı döyməsi, ailədə kimin sözünün keçməsi, nə bilim, daha nələr, nələr... Həm də kimlər bizə yol göstərir... Ərinin başında qoz sındıranlar ərə hörmətdən, qayınanasını adam yerinə qoymayanlar necə itaətkar gəlin olmasından danışır. Tamaşaçıya bu qədər hörmətsizlik eləmək, gözünün içinə bunca yalanlar söyləmək daha hansı millətlərdə var, görəsən?!
***
Bu günlərdə velosiped məsələsinə bir də qayıtdıq. Əlində qəzet qapıdan girdi:
- Yadındadı, filmdən danışanda sənə bir söz demişdim ey. İndi qulaq as: Fransanın Belçikadakı səfiri səlahiyyət müddəti bitdikdən sonra vətəninə velosipedlə dönür...
Hə... mənim iş yoldaşım çox ağıllıdı. O qədər ağıllı ki, bir söhbətiynən mənə bu yazını yazdırdı...
Ancaq onun şəxsi maşını yoxdu...
İşə velosipedlə gəlib-getməyə isə hələ ürək eləmir...




TƏQVİM / ARXİV