adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

İLK VƏ SON OĞURLUQ

MƏMMƏD DƏMİRÇİOĞLU
35847 | 2014-11-08 01:39







Doğrudan da öz ümidimə qalsaydı bu gidi dünyada yaşaya bilməzdim. Qurban olduğum Allahım məni elə xatalardan, bəlalardan saxlayıb ki,..
Çox-çox sonralar yazdığım şeirlərin birində bunu belə deyə bilmişəm:

...Bir sözdüm, bir qara sazdım,
Gəlib bu dünyada azdım.
Mənə qalsa bacarmazdım,
Allahdı məni yaşadan

... Qapımızın otu xeyli uzanmışdı Balaca olmağıma baxmayaraq atamın ot biçməsinə heyranlıqla tamaşa edərdim. Hər dəfə qolunu açıb kərəntini fışqırtı ilə çəkib ifcin-ifcin yehrə vurmasını görüb, onun kimi ot biçmək həvəsinə düşürdüm.
Bu gün o fürsət əlimə düşmüşdü. Məhəd əmimin oğlu Ayazla yanaşı durub qapımızın otunu biçərək yehrələyirdik.
Ayaz sağ tərəfimdə idi. Kərəntisinin qabağına keçən iri doydavanını kəsə bilməyən Ayaz, var gücü ilə kərəntini birdə fırlatdı. Doydavanı enli yarpaqlı, qalın özəkli, adam boyu qalxan iri bir otdu. Onu böyük adamlar kərənti ilə bir dəfəyə biçə bilmirlər. Ayaz üçüncü cəhdi daha hirslə etdi və boşa çıxan kərəntinin ucu ağzıma girdi. Ağzımdan sellənən qanı görən Ayaz kərəntini atıb evə qaçdı.
Qolumdan tutub məni evə gətirdilər. Ağzımı açıb baxdılar, kərəntinin kəsdiyi yeri görə bilmədilər. Hamı mat qalmışdı ki, kərənti bunun harasını kəsib ki, ağzından bu qədər qan tökülür?
Birdən anam üst dodağımı qaldıranda-Vayy! - deyib qışqırdı. Kərəntinin ucu üst dodağımın altından girib, gözümün altına qədər deşmişdi. Kərəntinin çapdığı yer üzdən görünməsə də az keçməmiş, onsuz da Özbək gözünə oxşayan gözüm şişib yumulmağa başladı. Hamı deyirdi ki, bunu Allah saxlayıb. Nədi ki, boğazı armud sapağı boydadı, kərənti bir az aşağıdan ötsəydi başını bədənindən üzə bilərdi...
Gözümün şişi və qaraltısı təzəcə getmişdi, atam məni də özüylə çölə apardı. O, Çilpaq dağın ətəyindəki talada biçdiyi otu yehrələrdən yığaraq bir neçə balaca tapıl qoymuşdu. Tapılları xotmalayib iki iri tay düzəltdi və məni yanına çağırdi:
- Atam, (atasının adını daşıdığım üçün çox zaman mənə belə müraciət edərdi) Qəşəmi (uzunqulağımızın adı beləydi) hörükdən aç, gətir bura - deyib, möhkəmcə sıxdığı xotmanın uçuna bağladığı kəndiri o birisi xotmaya ilməklədi. Sonra xotmanın birini qaldıraraq ip ilə uzunqulağın palanına bərkitdi və ikinci tayı da qıdıraraq bir-birinə çataqladı.
Atam məni iki tayın ortasında oturdaraq təkbaşına kəndə göndərməli idi. Çoban olduğundan sürüləri buraxa bilməzdi və uşaq olmağıma baxmayaraq, biçdiyi otu aparmaq üçün məni təkbaşına buraxmaq məcburiyyətində qalmışdı. Əslində bu səfər birinci səfərim deyildi və mən yolu təkbaşına getməkdən qorxmurdum. Əksinə, özümü kişi hesab edirdim və içimdə bir qürur hissi baş qaldırırdı. Amma bu gecə baş verən əhvalat olmasaydı:
Atam, hava qaralana yaxın sürünü haylayaraq yataq yerinə gətirib, ağaclarla kəcilmiş xalxala doldurardı. Gecə isə xalxalın yanındaca yapıncısına bürünüb yatardı. Bu gecə mən də atamla gecələyib, səhər tezdən biçdiyi otu kəndə aparmalı idim.
Hava qaralana yaxın sürünü xalxala tərəf haylayan atamın yanından bir addım da aralanmırdim. Elə bu ara sürü qəfildən hürküşərək pərən-pərən düşdü. Sürüyə hücum edən canavarı öz gözlərimlə gördüm və etiraf edim ki, qanım bədənimdə dondu. Atam hay-haray salıb itləri qısqırdı. Canavar təpənin arxasından qəfil çıxdığı kimi, qəfil də geriyə dönüb gözdən itdi. İri qoyun itləri hürə-hürə canavarın arxasınca götürüldülər. Şükür ki, sürüyə ziyan dəyməmişdi.
Atam qoyunlardan sağdığı südü ocaq üstündə qaynadaraq, mis cəmin icində doğramac etdi. Yeməkdən sonra yerimizi rahlamağa baçladı. Mən yapıncıya bürübmüşdüm, atam isə iri bir çatını ətrafımıza dolayırdı.
- Bu çatı nəyə lazımdı? sualıma - İlanlar çatıdan qorxur, bala. Belə edirəm ki, gecə bizə yaxın gəlməsinlər - deyə cavab verdi. Canavarın parlaq gözləri hələ də gözümün önündə idi. İndi də bu ilan məsələsi ortalığa çıxdı və atamın qoltuğuna sığınaraq nə vaxt yuxuya getdiyimi bilmədim...
Atam xotmaları möhkəmcə bağladıqdan sonra məni qucağına alaraq xotmaların ortasında oturtdu:
- Dərdin alem, qorxub eləmersən ki?-deyib mənə ürək-dirək verdi. - Gündüzlər canavar olmur. Onlar gündüz balaca uşaqdan da qorxurlar. Qəşəm yolu tanıyır, sən eləcə üstündə möhkəm otur, özü səni evə aparıb çıxaracaq - deyib, məni yola saldı. Bir xeyli getdikdən sonra geri qanrıldım. Atam arxamca hələ də baxırdı.
Qəşəmin belində yırğalana-yırğalana getdikcə keçirdiyim o qorxunc gecəni, atamın qoynunda necə ranat yatdıqımı düşünürdüm. Adətən tər iyisindən heç kimin xoşu gəlmir. Amma mən o gecə atamın qoltuğuna sığınarkən onun tər iyisi o qədər xoşuma gəlmişdi ki, indiyə qədər də ondan xoş bir ətirə rast gəlməmişəm...
Həftədə bir dəfə kəndimizə kino gəlirdi. Qazaxdan gələn, köhnə təciliyardım maşınına oxşayan kino maşını kəndə qədəm qoyan kimi" düd-düd, düd-dü-düt"- siqnal səsiylə uşaqlı, böyüklü hamını sevindirərdi.
"Uraaa! Kino gəldi!" - deyərək maşının dalınca kəndin başına qədər qaçardıq.
Kino verənlərin birinin adı Komisar, birini adı isə Yusqaydı.(Əslində Yusif idi). Yusqa, çaldığı siqnalı bəs etmirmiş kimi:
- Qırx bir-qırx beşdi, Qır ha qırdı! - deyib, müharibəli kino olduğunu camaata bildirərək kinonu mətdəndirirdi. O zaman müharibəli kinolar çox dəbdəydi. Amma camaat kasıb olduğundan kinoya bilet almaq hər adamın işi deyildi. Pulsuz isə heç kimi kinoya buraxmırdılar.
Siqnal səsini eşidən anam bilirdi ki, - ay ciji, qurban olun ikicə yumurta ver, kinoya gedim - deyərək əl-ayağına düşəcəkdim. Kinoya giriş isə 20 qəpik olduğundan iki yumurta bəs edirdi ki qaçım Fatmama mamın yanına.
Məhəd əmimin arvadı Fatma mamam Rustaviyə alverə getdiyindən yumurtanı camaatdan 10 qəpiyə alıb, orada 20 qəpiyə satardı, oradan da qənd, çay və s. ərzaq məhsulları (xüsusilə "prima" siqaretləri) alıb gətirər, beləcə xırda alverlə məşğul olardı. Yaxşı yadımdadı, Fatma mamın yanındaca oturub bir ovuc semiçqaya bir sumka yumurtanı kağıza bükərdik.
Fatma mamam Rustavidən gələndə o qədər yüklənirdi ki, haqqında bir lətifə də düzəltmişdilər:
Guya ki, çiynlərindən ağır sumkaları çataqlayıb aşırmış, hər əlində isə iki-üç sumka daşıyan Fatma mamamı görən bir gürcü - "Bacı, bacı, bunu da dişinə götür" - deyib yolun qırağına atılmış beton dirəyi göstəribmiş...
Artıq iki gün idi ki, Qasım babam gildəydim. Məhəmməd dayım da istirahət üçün Rustavidən atası evinə gəlmişdi. (Qasım babamın böyük oğlu idi. O da babam kimi qaradinməz idi) Ondan ona görə çox xoşum gəlirdi ki, divardan asdığı sazı endirərək sinəsinə basıb gözəl havalar çalırdı və o saz çalarkən çənəsinin altını kəsdirıb gözümü ondan çəkə bilmirdim. Onun da məndən sazı sevdiyimçün xoşu gəlirdi. (Bu yerdəcə qeyd edim ki, Məhəmməd dayım həm gözəl şeir yazırdı, həm də rəssamlar kimi kətan üzərində yağlı boya ilə gəzəl şəkillər çəkirdi).
O, sazı çaldıqca sol qoluna bağladığı nikelli saatı par-par yanırdı. Sepi də gümüşü olan bu saata təkcə əl vurmaq üçün bəlkə həyatımdan da keçərdim. Dayım isə ancaq yatanda qolundan açardı bu möcüzəli dünya gözəlini. Mən ömrümdə birinci dəfəydi ki, saat görürdüm. Dayımın qolundan asılmış o parlaq saat mənim üçün əl çatmaz bir möcüzəydi.
Səhər tezdən yuxudan duran Məhəmməd dayım, adəti üzrə şehli otları ayaqlaya-ayaqlaya yamyaşl bağa girib meyvələrdən dərib yeyər, sonra isə suyu dum-duru göz yaşı kimi olan arxın başında yuyunardı, səhər yeməyini yeyəndən sonra taburetin üstünə qoyduğu saatını biləyinə bağlayardı.
Düşünürdüm ki, bu vaxt ərzində fikrimdə tutduğum niyyətimə nail ola bilərəm.
Budur, gözlədiyim həmin an gəlib çıxmışdı. Ertəsi günü qərarımı qətiləşdirdim. Dayım bağa girən kimi özümü onun otağına saldım. Birbaşa saata toxunmağa cəsarət etmədim. Başımı əyib, səsinə qulaq asdım. Çıq-çıq-çıq... - bu səsləri qulaqlarımla eşidirdim. Həmin anda ürəyim saatın səsindən də bərk döyünürdü. Sonra saatı ehmallıca əlimə götürdüm. İlahi, saat artıq mənim əlimdə idi. O mənim idi.
Bircə an da olsa gecikməz olmazdı. Ora-bura baxdım. Hər kəs bir işlə məşğul idi, kim idi məni izləyən? "Asta qaçan namərtdi" - deyib, sürüşüb aradan çıxdım.
Bir saatlıq yolu 15 dəqiqəyə, özümü kəndin ayağına çatdırmışdim. Saatı cibimdən çıxarıb xeyli tamaşa etdikdən sonra qoluma bağlamaq istədim. Amma biləyim o qədər nazik idi ki, saat sürüşüb qolumdan düşürdü. Belə olduqda qolumun yuxarısına bağladım. Orada da durmayıb sürüşdü. Hirsimdən az qalırdım ağlayam. Axır ki, bir şey fikirləşə bildim və saatı ayağımın bud hissəsinə bağladım. Dizimdən yuxarıda saat kip oturmuşdu.
Sonra, fəxrlə tay-tuşlarıma bildirdim ki, saatım var. Pəçəvənd şalvarımın yellənən balağını yuxarı qaldıraraq par-par yanan saatı uşaqlara göstərdim və bu gözəlliyi görənlərin ağzı açıla qaldı:
- Hardan aldın? - deyərək sualı sual üstündən yağdıran həmyaşıdlarıma - Dayım bağışlayıb - deyərək lovğalanmağa başladım.
Elə bu ara kino maşınının siqnal səsi gəlməyə başladı." Düd-düd,düd-dü-düd, düd-düd, düd-dü-düd..." Bir andaca saat yadımdan çıxdı və kino pulu haqda düşünməyə başladım. Kino pulu tapmaq isə ən müşkül məsələ idi. Bütün yalvarışlarıma baxmayaraq iki həftədən bir anamdan ikicə dənə yumurta qopara bilirdim. Başqa vaxt isə qaçdı-qovdu əməliyyatını yaşayırdım.
Kəndin klubu məktəbə yaxın idi. Pəncərələri yerdən xeyli hündür olduğundan ora çıxmaq çox çətin olurdu. Pulu olmayan uşaqlar kinonun başlamasını gözləyirdilər və işıq sönən kimi şüşələri qırılmış rəncərədən tappıltı ilə içəri tullanırdılar. Kinoçu Yusqa tapa bilməsin deyə pəncərədən düşən kimi hərəmiz bir skamyanın altına girib gizlənirdik. Yusqa isə əlindəki fanarla tapdığının boynundan tutub çölə vızıldadırdı, tapa bilmədikləri isə ayaq üstündə filmə baxanlara qoşulurdular.
Gizlənmək üçün yaxşı yer tapdığımdan Yusqa məni tapa bilmirdi. Pəncərədən içəri düşən kimi özümü səhnəyə qalxan piləkanın altına soxurdum. Sonralar Yusqa məni də tutb çölə vızıldatdı və demək olar ki, pəncərədən düşənlərin çoxunu tanımağa başladı. Bu səbəbdən biletsiz içəri girməyə başqa yollar axtarırdıq...
Kinoçu Yusqa bu dəfə: - "İndeysqi, indeysqi" deyərək həm qışqırır, həm də siqnal verərək kəndə hay-haray salmışdı.
Hind filimləri müharibəli filmlərdən da çox sevildiyindən, Hind filmi gələndə camaatın çoxusu yer olmadığından filmə ayaq üstə cə baxardılar.
Kino maşını ötdükdən sonra əmim oğlu Əmirxan mənə yaxınlaşıb:
- Əmioğlu, gəlsən saatı mənə satasan,- dedi. - Onsuz da sənin qoluna böyükdü, kim saatı ayağına bağlayır, gülərlər sənə.- O cibindən 20 qəpik çıxarıb mənə uzatdı. - Bu da sənin kino pulun, sat onu mənə.
İki yol ayrıcında qalmışdım. Hind kinosundan da keçə bilmirdim, saatdan da. Xeyli tərəddüddən sonra əmioğluyla sövdələşdik və saatı 20 qəpiyə satdım Əmirxana.
Elə bu ara qapımızdan Məhəmməd dayımın səsini eşitdim:
- A Güllü, sənin o oğru pişiyin hanı? Tez ol onu tapıb mənə ver!
- Nolub a Məhəmməd?! Bir başa sal görüm nə olub?.
- Nə olacaq, oğlun saatımı cilizləyib qaçıb.
- Booy, booy!!, - anamın hay-harayı aşağı məhləni başına götürdü. Qaçıb gizlənmək istəsəm də bacarmadım. Bir himə bənd olan qonşular məni tutub anamın əlinə verdilər.
Aman Allah, məni heç kim anamın əlindən ala bilmirdi. Oxlovlar endikcə kürəyimdən yaloy qalıxırdı. Dünya-aləm başıma hərlənirdi
- Hanı saat?! Hanı, tez ol çıxar, yoxsa əlimdə öləcəksən- deyərək oxlovla kürəyimi ala qançır eləmiş anamın hirsi soyumaq bilmirdi.
- Əmirxana satmışam, 20 qəpiyə satmışam, - deyəndə özünü saxlaya bilməyən Məhəmməd dayım pıqqıldayaraq güldü və məni anamın əlindən aldı. Nəbi əmimin qorxusundan Əmirxan dərhal saatı dayıma uzadıb 20 qəpiyini tələb etdi.
- Pulu neynəmisən? - deyib anam əlini yamalıqlı şalvarımın cibinə salaraq 20 qəpikliyi çıxarıb Əmirxana uzatdı.
Beləcə... Həmin gün, günüm də qara gəldi, Hind kinosu da...
Çox-çox sonralar anam o günləri xatırlayaraq: - "Kaş əllərim qırılaydı, onda səni elə döyməyəydim, - demişdi. Mən isə - can ana, o oğurluq mənim ilk və son oğurluğum oldu. Hər dəfə əlimi harama uzatmaq istəyəndə o günü xatırlayıram - deyib, əllərindən öpdüm.



TƏQVİM / ARXİV