BU DA MƏN...

İRADƏ TUNCAY
66373 | 2014-11-07 14:42

Heç öz həyatınızı yazmağı düşündünüzmü? Ya da məsələni belə qoyum – yəqin çoxumuz öz bioqrafiyasını yazmaq istəyər . Kimi bəzəyib-düzəyər – böyük bir şəcərə düzəldər (indi əksəriyyət bəy oğlu bəy keçmişiylə öyündüyü kimi), kimi öz faciəli günləri üçün hamıdan göz yaşı payı umar... Sizə deyim ki, hər birimizin ömründə , günündə faciəylə məzhəkə yanaşı, qonşu yaşayıb. Cəhd eləyin xatırlamağa – görəcəksiz ki, haqlıyam.

***

Həmişə düşündürdü məni—nəyə görəsən təbii fəlakətlərdənmi, ya savaşlardanmı, ya hər hansı bir səbəbdən şəhərlər xaraba qalanda məhz həmin yerdə yox, bir az aralıda, ya da tamam başqa yerdə məskunlaşır insanlar??? Niyə oraları təmizləyib də yenisin yaratmaq istəmirlər??? Xarabanın xatirələri də xarabadı, viranədi... Yeniliyə ümid yox... Həmin cığırlar dəyişməz qalır hər zaman... Olacaqlara çarə yoxdu... Tamam, bunu bildik.... Olmayacaqlara da vasitə yoxdu... Neyləyirsən elə... Çox dəqiqdi və sınanmışdı... Mən anadan olandan heç dəyişmir. Hər gecənin bir sabahı olur. Hələ ki olur....

***

Çoxdan oxumuşdum (düzdü, dəfələrlə), amma yaddaşımda hətta sözbəsöz qalıb. Serb dramaturqu Bronislav Nuşiçin "Özbioqrafiyam” əsərini deyirəm. Bioqrafiyasına belə sarkazm və ironiya ilə yanaşa biləcək tək-tək insan ola bilər. Əsərin yazılma səbəbi isə çox sadədi: yazıçını Akademiyaya üzv seçmirlər. Və o da öz hikkəsini, əsəbini tökür bu əsərə. Kim desə ki, zəhmətinin dəyərsiz olması ona təsir eləmir – yalan danışacaq. Həm də axı, ətrafda nə qədər ilan -qurbağa bu təltiflərdən yararlanırkən, sənə niyə belə münasibət olması... Nə isə... Nuşıç bunları o qədər gözəl təsvir edib ki....Həm də bu əsəri öz dilimizdə oxumuşam, dünya ədəbiyyatından oxuduğum çoxsaylı əsərlərdən fərqli olaraq. Seyfəddin Dağlının tərcüməsində. Nəfis, sərrast , dəqiq... Elə bil müəllifin dilində oxuyurdum... Ruhu şad olsun , yadınza saldım ki, bu adda yazıçımız olub...

***

Həəəə, niyə yadıma düşdü bu əsər? Gəlim mətləbə... Bu yarımçıq yubileyim ərəfəsində hikkəmi, əsəbimi belə sarkazmla ifadə edəcək bir əsər yazmaq istərdim təbii... Amma əsər qalsın bir az sonraya. Bunları yazmaq boynumun borcu, hələlik altına girə bilmirəm. On birinci beşilliyimi tamamladım. Beşilliklərim haqqında partiya qurultaylarının qərarları olmasa da, yuxarıdakı mütləq qüvvənin öz qətnaməsin yazıblar mələkləri. Və kimsə də dəqiq bilməz ki, yaşantıları öz iradəsinin məhsuludu, ya hazır planlar üzrə yazılmış , cızılmış sxem üzrə gedir... Hər nədisə bu illər yaşanıb... İnsan özünə amnistiya verə bilsə nə gözəl olar... Özüylə barışıq yaşaya bilsə, özünü istintaq eləməsə, edam eləməsə... Nə gözəl olar!!!

BİRİNCİ BEŞİLLİK

İlk beşilliyimin dördüncü ilindən sonranı xatırlayıram. Tam olaraq yox təbii , fraqmentar... İndiki Salatın Əsgərova (o vaxtkı Sverdlov) küçəsində, Kubinkada evimiz olub. Atamın öz qonorarı ilə aldığı və ona ev demək mümkündüsə. İki il əvvəl gedib baxdım o evə ... Heç bir hiss-filan oyanmadı. Sadəcə, təsəvvür eləmək istədim... Yaddaşımı qurdaladım... Tramvay xətti qalıb xatirəmdə, bir də anamın məni qucaqlayıb təlaşla həmin xəttin üstündən keçib həkimə qaçması... Bir debil qohum uşağı dixlofosu fışqırtmışdı gözümə. Gözümün təmizlənməyi yadımda. Gözümə nəsə daraq kimi bir taxdılar, açdılar. Nəsə o işıqlar həmişə xatirimdədi. İşıqlar... Ən parlaq işıqlar isə Yasamalda yaşadığımız beşmərtəbə evin ... elə beşinci mərtəbəsində yanıb. Həyətin düz yanında 21 nömrəli məktəb vardı (indi də var, amma indiki kimi tam deyildi. Təhsilə görə demirəm, adına görə deyirəm) və sonra mən həmin məktəbə getdim. Məhəllədə hər millətdən, hər zümrədən insanlar sakin idilər. İndi heç cür təsəvvür edilməyəcək bir olay. Alimlər, məmurlar, ticarətçilər, fəhlələr bir binada yaşayırdı... Fərq vardı təbii ki... Evimizin yanındakı qastronomun müdiri də bizim qonşu idi, mən onun qızlarının diqqət çəkən, parlaq geyimlərini də xatırlayıram. Hamımız həyətdə oynayırdıq, bütün uşaqlar , fərqlənsək də bir-birimizdən. Amma ən azından oynamağa yerimiz vardı, evin arxasında kiçicik bir hovuz da vardı. Qışda zir-zibil dolurdu hovuza, yayda isə uşaqlar su doldurub çimişirdilər. Bir dəfə mən də uşaqlara baxıb həvəsləndim. Girdim suya və kimsə anama xəbərlədi, balkondan qışqırdı üstümə . Qorxumdan hovuzdan çıxa da bilmirdim, sürüşürdüm . Qonşu binadan rus Valera dartdı çıxartdı məni. Anam da məni möhkəm döydü. Vəssalam... Bundan sonra hovuz səfasına son qoyuldu. Sakit uşaq idim, ancaq ziyanavərliyim də vardı. Anamın gözəl bir koftasını qayçıynan doğram-doğram eləyib guya kuklalarıma nəsə düzəltmək istəmişdim, təbii ki, xəbər tutanda məni döymüşdü... Lap balaca olanda kaprizlərim çox idi. Heç nəyi məcbur elətdirə bilmirdilər mənə. Hətta yeməyi də... Anam yaxmac düzəldib verirdi, mən də balkondan atırdım. Sonra balkon qapısının açılmasından nəsə hiss elədi, mən də başqa üsul tapdım. Pianinonun arxasına atırdım. Bir dəfə evi dərindən təmizləyəndə pianonu çəkdilər qabağa – mənzərəni təsəvvürə gətirin... Geyimə münasibətdə də eləydi. Gəzməyə aparanda məcbur jaket geyindirdi bir dəfə, hələ soyuq olar deyə düymələri də bağladı. Mən də hikkəmdən jaketin yaxasın elə dartıb çəkdim ki, düymələr qopdu... Qəribədi, həyat sonra insanı hər şeyə tabe edir, razılaşdırır...

Həmin beşilliyin ən parlaq işıqları isə kəndlə bağlıdı. Və nənəm... Yay gələn kimi kəndə gedirdim. Olurdu ki ,nənəm özü gəlirdi dalımca, biz də o vaxtın yekə, yöndəmsiz avtobuslarıyla yola çıxırdıq. Qubaya hər səfərim ən uzun yol kimi görünürdü mənə. Çünki avtobusa minəndən düşənə kimi qusurdum, maşın tuturdu məni. Quba avtovagzalının qabağındakı kolxozçu qadınların gümüşü rəngli heykəlini görəndə çox sevinirdim. Əzab bitirdi, sonra kəndə gedən avtobusla azacıq yolu qət edib nənəmin evinə çatasıydıq.

Kənd... Şəhər uşağıydım və kaprizləri olan, arıq-uruq, yemək yeməyən. Buna görə nənəmi çox incidirdim. Bütün gün dalımca gəzib bir tikə ağzıma nəsə qoymağa çalışırdı, kənd arvadlarının məsləhəti ilə başqa-başqa yeməklər bişirməyə çalışırdı. Ev işlərini yaxşı bilmirdi nənəm, gənc yaşlarından dul qalmışdı. Və dörd yetimi ayağa qaldırmaq, oxutmaq üçün bütün gün təsərrüfatda, kolxozda çalışmışdı. Evin işləri isə böyük xalamın üstündə olmuşdu həmişə. Amma mənə görə ocaq qalayıb nəsə bişirməyə cəhd eləyirdi. O vaxt anlamırdım təbii, amma sonradan bunları xatırladıqca nənəmin sevimli nəvəsi oldugumu dərk elədim. Özündən soruşmadım heç vaxt , heç bilmirəm etiraf edərdimi?... Amma beləydi. Açarlı, qıfıllı, köhnə dolabın içində hamıdan gizlətdiyi peçenyelər, konfetlər mənə aid idi. O vaxtin defisitləri. Kənd çörəyi yemirdim, rayon mərkəzinə gedənlərdən mənə zavodda bişən çörək aldırırdı, yatdığım döşəkdə mütləq ağappaq döşəkağı olmalıydı. Kənd yerində belə şeylərə baxan kim idi? O biri nəvələr gələndə evi silib-süpürmək, su daşımaq tapşırılırdı. Onlar narazılıq edəndə isə " İri belə şeyləri bacarmır”- deyilirdi. Tənbəl idim, amma hərdən qeyrətə boğulub su daşımaqda xala, dayı qızlarıma kömək eləyirdim. Hərdən... Başım qarışırdı qonşu uşaqlarla evcik, yeddi şüşə oyununa. Cəlb eləməkçün oyuncaqlarımı tökürdüm ortalığa... O uşaqlar da tez-tez əvəzlənirdi. Kənd uşaqlarının lap balaca yaşlardan oynamağa vaxtı az olur. Birini evə çağıranda başqa birini tapırdım. Ya da tək qalanda ağaclara dırmaşıb budaqları qırıb eləyirdim. Bir dəfə eksperiment üçün təndirxananın damına qalxıb ordan heyva ağacına çıxdım, ordan da ikinci mərtəbənin pəncərəsindən otağa girdim. Ağac da , təndirxana da evə bitişik idi. Nənəm məni ağacdan otağa girən ğörüb saraldı. İndi anlayıram keçirdiyi qorxunu. Əmanət uşaq və belə hərəkət .... Danlandım, amma həm də bərk-bərk tapşırdı ki, anama, atama bunu deməyim. Mən də söz verdim ki, deməyəcəm. Amma dedim... Xəbərçi uşaq idim. Qorxurdu ki,məni qoymazlar bir də kəndə gəlməyə. Əşşi onlar da məni başlarından edirdilər, gəzməyə-filan gedəndə mane olan kimsə olmurdu da. Qoyacaqdılar təbii... Hər halda mənim xəbərçiliyimin elə bir əhəmiyyəti olmadı... Axşamlar isə... Həə, bu axşamların bir ayrı ləzzəti olurdu... Bütün gün əyni nazik gəzib, arxın soyuq sularında üşüyəndən sonra dişim zoqquldamaga başlayırdı. Mən də zıqqıldayıb hamını səfərbər eləyirdim. Nənəm məni dalına şəlləyib uzun eyvanda o baş-bu baş gəzişirdi. Dayımın oğlu da qonşudakı yaşlı nənələrin tüstülətdiyi papiroslardan gətirib məcbur edirdi ki , tüstünü çəkim dişimə. Bir azacıq keyiyirdi agrı. Səhər ağrı keçirdi, axşam yenəəəəəə.

Quba bölgəsinin o vaxtkı memarisin xatırlayanlar var yəqin . İndi artıq o evlər də tarixə qarışıb. İki mərtəbə tikili, dolama balkonlar, dirsəklənmək üçün taxta dirəklər və gecələr üstü örtülən pilləkənlər. Qapaq kimi. Evin üstünə qara dəmir vurulmuşdu. Bir tərərfi çürüdüyündən yağan yağış balkona yağırdı, oranın da taxtaları çürüyürdü. Axşamlar yağış yağanda dəmiri döyəcləyən damlaların səsinə qulaq asırdım. Palçıqdan hörülmüş bir ocaq da vardı balkonda. Odunları, çör-çöpü atırdıq içinə , çırtıltısına qulaq asmaq ləzzət idi... Yadımdadı ki həmin evin pilləkənlərindən bütün nəvələri yıxılmışdı nənəmin. Məndən başqa ...)))) Hə, bir də balkonun taxta döşəməsin deşib ipi keçirməklə, aşağıdan yelləncək də asmışdılar. Desəm ki, mənimçün idi, çox yekəxana səslənməz ki ? ))) Tut ağacından da asmışdılar. Təfərrüat yadımda qalmayıb, amma niyə balkondan da birin asdıqları. Deyirəm axı, birinci beşilliyimdən danışıram. Aşağı mərtəbələr anbar və tövlə kimi istifadə olunurdu. Amma mən nənəmin sağıcılığın-filan görmədim. Yəni mənim yadıma düşən vaxtları nənəm mal-heyvan saxlamırdı, yaşlanmışdı.

Kənd məni maarifləndirdi həm də. Artıq çox şeyləri öyrənmişdim . Ağacları tanıyırdım, heyvanları ayırd edə bilirdim, çörəyin necə hasil olduğun öyrənmişdim. Otları, bitkiləri seçə bilirdim... Ən əsas öyrəndiyim isə ləzgi dili oldu. Əvvəl məndən gizli nəsə danışmaq istəyəndə nənəmlə xalam ləzgi dilinə kecirdilər. Sonradan onları anlayaraq dinləmək necə bir zövq idi bir bilsəniz... Və yay bitib şəhərə qayıdanda uzun müddət danışığımı düzəldirdilər evdə. Uşaqlara qoşulub onlar kimi danışırdım, Quba ləhcəsində. "Gedetdi, gələtdi, gedə var, gələ var” )))

O vaxt nənəm öz uşaqlığından danışırdı mənə... əziyyətlərindən. Anasız böyüməyindən, Quba qırğınlarından, müharıbə illərindən... Maraqlı gəlmirdı. İndi bəzi söhbətlərini yaddaşımı qazıyaraq çıxardıram gün uzünə. İndi həvəslə dinləyərdim... İndi nənəm yoxdu... İndi özüm nənə olmuşam...

Ardı var

 

 

TƏQVİM / ARXİV