adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

KEŞMƏKEŞLİ ÖMRÜN YORULMAYAN YOLÇUSU

FƏRİDƏ RƏHİMLİ
59647 | 2014-11-07 02:51
Bəzən insan göz yumub açınca bitən ömrün sonunda nəyə nail olduğunu keçmişinə nəzər saldıqda görür, bəzən isə geriyə boylandıqda orda heç nə görə bilmir. Çünki ömrü hədər yaşamış insanların geridə heç nəyi qalmır. Xoşbəxt o insandır ki, ömür yolunu xatırlayarkən utanmasın, heyifsilənməsin, xəcalət çəkməsin, əksinə sevinsin, fəxr etsin, qürurlansın.
Stolumun üstündə bir kitab var. Əbülfəz Muxtaroğlu və Abbas Hacıyevin müəllifi olduğu "Ömür yolu" kitabı. Kitab tanınmış ziyalı, jurnalist, tədqiqatçı, professor Hacı Tofiq Seyidzadənin 75 illiyinə həsr olunub. Kitabı vərəqlədikcə bu insanın həyatının nə qədər mürəkkəb, maraqlı və ibrətamiz xatirələrlə dolu olduğunun şahidi oluram.
Hacı Tofiq Seyidzadə Odlar Yurdu Azərbaycanın dilbər guşəsi, qədim Oğuz eli olan Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Sədərək kəndində doğulub. Bu yurdun mürəkkəb coğrafi mövqeyi - həm çox sərt qışı, həm çox isti yayı, həm şəfalı suyu, otları, həm qədim tarixə malik min bir sirli təbiəti... onun xarakterinə təsirsiz qalmayıb, o təbiətin cizgiləri bu insanın həyatında öz izini qoyub, qanına, canına hopub. Sədərək kəndi həmişə öz cəsur, qeyrətli oğulları ilə yanaşı, savadlı, böyük zəka sahibləri ilə də həmişə tanınıb.
Hacının orta məktəb illəri, institut həyatı, ordu sıralarındakı xidmətləri və bu illər ərzində elmi yaradıcılığı, jurnalist fəaliyyəti müəlliflər tərəfindən qələmə alınıb. Kitabda həmçinin Hacı Tofiq Seyidzadənin əmək fəaliyyəti dövründə bu günədək qazandığı uğurlar mükafatlar, diplomlar öz əksini tapıb, Hacının qələmə aldığı kitablar barəsində çoxlu rəylər və məqalələr oxuculara çatdırılıb.
1960-cı ildə M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun rus dili və ədəbiyyatı fakültəsinə daxil olub. O, Marksizm-Leninizm Universitetinin Naxçıvan fılialını da bitirib. Sədərək kimi böyük bir yaşayış məntəqəsinin tarixini araşdırıb gənc nəslə çatdırmaq kimi əhəmiyyətli bir tədqiqatın sahibidir. 2002-ci ildə də "Sədərəyin iqtisadi, siyasi və mənəvi həyatı" mövzusu ilə ADPU-nun dissertantı olub. Hər bir yaşayış yerimizin toponimlərini araşdırmaq, tarixi keçmişimizə bələd olmaq, ən azı yaşadığın yurdun yaranma tarixini bilmək hər bir insanın borcudur. Bu mənada qədim Naxçıvanın, onun əhəmiyyətli bir hissəsi olan Sədərəyin tarixinin bugünkü nəslə çatdırılmasında Hacı Tofiqin əməyi əvəzsizdir. Tofiq Seyidzadənin Sədərəyin tarixinin araşdırılması ilə məşğul olduğunu bilən akademik Ziya Bünyadov 20 oktyabr 1984-cü ildə ona məktub yazaraq, ona bu işdə hərtərəfli kömək etmək istədiyini bildirib. O, 30 oktyabr 1984-cü ildə Bakıya gələrək AMEA-nın kitabxanasında hörmətli tarixçi alim, akademik Ziya Bünyadovun köməyi ilə Sədərəyin tarixini araşdırmağa başlayıb və araşdırma bugünədək davam edir.
Onun bu araşdırmaları içərisində Sədərək adının yaranması barədəki versiyalar çox maraqlıdır. Bu araşdırmalara əsasən "Sədərək" sözü el arasında müxtəlif formalarda işlədilir:
1. "Sedərə", "Üç-dərə" həqiqətən də Sədərəkdə üç dərə olduğu məlumdur. Bunlar "Çanaqçıçay", "Cəhənnəmdərə" və "Bağırsaqdan" axıb Sədərək düzünə gələn çayı göstərmək olar.
2. "Sədərək" - "Sel gərək" uzun illər Sədərəkdə su qıtlığı olduğu üçün əhali Tanrıya dua edərək sel-su gondərməsini arzulamışdılar.
3. "Sədərək" - Səd rəng (yüz rəng) kimi izah edilir. Həqiqətən də Sədərək ərazisində dağ-dərələrdə çox rəngli gül-çiçəyə, rəngbərəng dağlara, daşlara, qumlara rast gəlmək mümkündür.
4. "Dədə Qorqud" dastanında Sədərəyin yer adları çəkilir: "Qara Çobanın düzü", "Qırmızılar", "Fərhad arxı", "Qarasu", "Xan bulağı", "Qaraçuq" və "Dərbəndli" - Şərurun düzü də qeyd olunur.
Müəllifin dediyinə görə bu siyahıya bir çox yer, dağ, dərə adlarını əlavə etmək olar.
Hacı Tofiq Seyidzadənin araşdırmaları nəticəsində Sədərəkdə mövcud olan bu günədək aşkarlanmayan çoxlu toponimlər var. Tarixi mənbələrdən və yazılı abidələrdən məlumdur ki, Sədərəyin ərazisi qədim tarixə malikdir və bu ərazilərdə qədim insanlar yaşamışlar.
Hacı Tofiq Seyidzadə 34 illik pedaqoji fəaliyyətinin 14 ilini Sədərək 1nömrəli kənd orta məktəbinin nəzdində fəaliyyət göstərən axşam-əyani-qiyabi məktəbdə direktor əvəzi, 1996-1997-ci illərdə Sədərək 1 saylı orta məktəbdə direktor vəzifələrində çalışıb. Pedaqoji fəaliyyətdə uğurlar qazandığına görə 1984-cü ildə Naxçıvan Müəllimləri Təkmilləşdirmə Institutu onun iş təcrübəsindən bəhs edən xüsusi bülleten buraxıb və pedaqoji təcrübəsi Naxçıvan MR məktəbləri arasında yayılması tövsiyə edilib. MR-də 29-dan çox elmi-praktik konfrans və müşavirələrin iştirakçısı olub, Həmçinin bu konfrans və müşavirələrdə pedaqoji sahədə qazandığı uğurlardan çıxışlar da edib.
2003-cü ildə Azərbaycan Müəllimlərinin XII qurultayının nümayəndəsi olub. 2004-cü ildən "Bakinski Raboçi" qazetində Naxçıvan üzrə xüsusi muxbir işləyib. Sonralar isə "Yeni Naxçıvan" "Güzgü" "Azərbaycan" "Respublika" "Kommunist" (Xalq) qazetlərində öz sanballı məqalələri ilə çıxış edib. 2000-ci ildən başlayaraq H.T.Seyidov "Azad Azərbaycan" qazeti redaksiyasında fəaliyyətini davam etdirir. Hazırda həmçinin AMEA-nın Tarix İnstitutunun elmi işçisidir.
2011-ci ilin fevral ayının 17-də Ankara şəhərində Beynəlxalq Uluslararası Araşdırmalar Akademiyasının "Fəxri professoru"dur.
2005-ci il 12-27 yanvarda Həcc ziyarətində olub.
Kitabı əldə edənlər bu insanın əhəmiyyətli fəaliyyətinin, çoxlu sayda orden, medal, fəxri fərman və təltiflərinin şahidi olacaqlar. Hər təltif bir uğurlu işin, mənalı əməyin, yuxusuz gecələrin bəhrəsi olan düşüncələrin, arxiv guşələrindəki diqqətli araşdırmaların nəticəsidir. Bu insan bu gün də əməkdən, zəhmətdən usanmır, yaddaşında, xatirəsində olan hadisələri, işıqlı insanları, yurd yerlərinin xalqımıza məxsus qədim tellərini bugünümüzlə bağlamaqla gələcək nəslə çatdırmağa çalışır. Bu məqsədlə çalışan tədqiqatçı jurnalistin bu yaxınlarda 55-ci kitabı çapdan çıxıb.
Hacı Tofiq Seyidzadə 75 yaşını arxada qoysa da, bu gün yenə də gənclik həvəsiylə çalışır. Həm fiziki, həm mənəvi, həm ruhən özünü yaşlı hiss etməyən Hacı Tofiq Seyidzadə hər səhər idmanından qalmır, təsərrüfatla məşğul olur, bəzən nəşriyyatın doqquzuncu mərtəbəsindəki iş yerinə pilləkənlərlə-liftsiz çıxır. Ömrünü zəhmətlə, halallıqla yaşamış, çox maraqlı bir həyat yolu keçmiş bu insanın ömür yoluna bələd olmaq və ağrılı, onun əziyyətli həyat yaşamasına baxmayaraq cavan qalmasının sirlərini öyrənmək istəyənlər "Ömür yolu" kitabını əldə etməklə buna nail ola bilərlər.
Bu yazıda nə Hacının titullarını sadaladım, nə ömür yolunu tam işıqlandırdım, nə də pedaqoji, tədqiqatçılıq, yaxud jurnalist fəaliyyəti haqda geniş məlumat verdim. Bu, sadəcə 75 illik həyatda insanın nələr edə biləcəyi, nələrə nail ola biləcəyi haqda kiçik xatırlatma oldu.
Girişdə yazdığım fikrə dönərək demək istəyirəm ki, Hacı Tofiq Seyidzadə geri - keçdiyi ömür yoluna nəzər salarkən qürurlanan insanlardandır.
Keşməkeşli ömür yolunda yorulmayan, usanmayan Hacı Tofiq, bundan sonra da bu yolu uğurla davam etmək üçün sizə möhkəm can sağlığı, şərəfli ömür arzulayıram!
Bu yolu davam etməniz üçün təmiz vicdan, ağrısız-acısız ömür, həyat yoldaşınızın, övladlarınızın, nəvə-nəticələrinizin sağlamlığı, el-obanın hörməti, sayqısı yol yoldaşınız olsun!

TƏQVİM / ARXİV