adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

"YADA DÜŞDÜ"NÜN NÖVBƏTİ SAYI

ƏBÜLFƏT MƏDƏTOĞLU
17445 | 2014-11-07 01:48
İki gün öncə masamın üzərində olan "Yada düşdü"nü görəndə daxilən bir payız ovqatı yaşadım. Çünki juranlın üz qabığı təkcə nostalji yox, həm də real bir payız mənzərəsini ifadə edirdi. Və mən də elə həmin o payızın içindən "Yada düşdü"yə tərəf yol getməyə başladım...
Bilənlər üçün təkrar, xəbəri olmayanlar üçün məlumat vermək istəyirəm. Artıq 3 yaşını geridə qoymuş "Yada düşdü" keçib gəldiyi bu yol boyunca çox məqamları, çox hadisələri və bu məqamların, bu hadisələrin iştirakçısı, səbəbkarı olan insanları, özü də işıqlı insanları bizim yadımıza salıb, bizimlə yenidən görüşdürüb. Jurnalın təsisçisi şairə bacım Nəzakət xanım və baş redaktoru çox dəyərli söz adamı, Azərbaycan oxucusunu kifayət qədər tanıyıb, oxuyub sevdiyi, şəxsiyyətinə qiymət verdiyi ustadımız Nahid Hacızadə jurnalın hər sayının oxunaqlı olması üçün çox böyük əmək sərf edirlər. Məhz onların yaradıcılıq süzgəcindən keçib "Yada düşdü"nün səhifələrində biz oxucularla üz-üzə gəlib həmsöhbət olan hər bir yazı doğrudan-doğruya bizə bir ovqat yaşadır, yaddaşımızı təzələyir, xatirələrimizin əlindən tutub bizi ötənlərə aparır...
Bəli, jurnalın bu sayı da həmişə olduğu kimi təsisçinin bir abzaslıq təqdimatı ilə oxucu üzünə açılır. Həmin təqdimatda Nəzakət xanım yazır: "Bəli, ömrümün son üç ili "Yada düşdü"nün payına düşdü. İrəliləmək məcburiyyətində olduğum bu zamanın irəliləyişi istəklə olduğu üçün xoşbəxt oldum və xoşbəxtəm ki, hələ də bu irəliləyişlə addımlayıram".
Mənə elə gəlir ki, bu səmimi etiraf həm də bir söz adamının oxuculara mesajıdı. Çünki həmin xoşbəxtliyin işıq payından yada düşənlərin hər birinə az-çox nə isə çatır. Xüsusilə yada düşənlər ruhən bizimlə olduqlarını bir daha hiss edirlər. Məhz bu etiraf və bu təqdimat həm də mənim düşüncəmə görə, jurnalın yaradıcı kollektivə bəxş etdiyi xoşbəxtliyin davamlı olacağına bir inam ifadəsidi.
Öz ənənəsinə sadiq qalan jurnal bu sayında da bir-birindən maraqlı yazılarla oxucu yaddaşını təzələyir. Belə ki, "Böyük Əkinçi"lər ailəsi adlı müsahibədə Tahir Aydınoğlu Şəmistan Nəzirli ilə həmsöhbət olub mətbuat tariximizə, onun ilk və dəyərli özülləri olan əkinçilərə bir nəzər salır, bir tarix təzələyirlər. Bunun ardınca Azərbaycanın siyasi və ictimai tarixində, mədəni həyatında xidmətləri heç vaxt unudulmayacaq iki şəxsin, yəni ulu öndər Heydər Əliyevin böyük Hüseyn Cavidin nəşinin vətənə qaytarılmasında xidmətləri ilə bağlı Salatın Əhmədlinin yazısı da çox maraqla oxunur. Bu həyat həqiqətini, yəni tarixi bir faktı Salatın xanım özünəməxsus şəkildə oxuculara çatdırır.
Təbii ki, həmişə şirin xatirələri ustad qələmi ilə öz oxucularına yetirən Nahid müəllim bu dəfə də xalq yazıçısı Süleyman Rəhimovla bağlı xatirələrini "Yada düşdü"yə təqdim edib. Şəxsən mən həmin xatirələri oxuduqca Azərbaycan nəsrinin şah damarı olan Süleyman Rəhimov bir şəxsiyyət kimi bir az da yaxından tanıdım. Müxtəlif fotolarla həmin xatirəni daha şirinləşdirən Nahid müəllim bir daha biz oxuculara həm də özünün həyat yolunun da müəyyən ştrixlərini çatdırıbdı. Jurnalda mərhum Arif Əmrahoğlu ilə bağlı Fərqanə Mehdiyevanın, şəhidlərlə bağlı Afət İlkinin, Nəbi Xəzri ilə bağlı Etibar Etibarlının, Xəlil Rza ilə bağlı Barat Vüsalın, görkəmli aktyorumuz Rza Təhmasiblə bağlı Zöhrə Fərəcovanın, gözəl yazıçımız Əlibala Hacızadə ilə bağlı Vaqif Yusiflinin, Mehdi Məmmədovla bağlı İlham Abbasovun, həmçinin Fəxrəddin Meydanlının və digərlərinin bir-birindən maraqlı yazıları jurnalı həqiqətən çox oxunaqlı edib.
Jurnalda təqdim olunan poeziya nümunələri Adil Cəmilin, Sabir Rüstəmxanlının şeirləri də elə biz oxucuları poetik fikirlə yükləyir, bizim xəyallarımızı qanadlandırır.
Bir məqama da toxunum. Bu junalda mənim üçün maraqlı səhifələrdən biri də uşaq dünyasıdı. Onların bir-birindən qəşəng fotoları, barələrindəki nəzəri sözlər xatirələrin gücü ilə kövrələn bizləri yenidən uşaqlığa, həm də işıqlı sabaha doğru səsləyir. Düşünürəm ki, əvvəlki sayları kimi "Yada düşdü"nün bu sayı da oxucular tərəfinən maraqla qarşılanacaq.

"AZƏRBAYCAN"

Söz məkanında, ədəbiyyat tariximizdə öz yeri, öz yolu, öz dəsti-xətti olan "Azərbaycan" jurnalının 10-cu sayı bugünlərdə satışa göndərilib. Sözə könül verdiyim gündən yolunu maraqla, intizarla gözlədiyim "Azərbaycan" jurnalı bu payız günündə yeni və bir-birindən maraqlı ədəbi nümunələrlə hamını, yəni bütün oxucuları kimi məni də sevindirdi. Bu xoş ovqata görə jurnalın baş redaktoru İntiqam Qasımzadəyə, redaktor müavinləri Südabə Ağabalayevaya, Əsəd Cahangirə və məsul katib Tofiq Mahmudova öncədən minnətdarlığımı bildirirəm. Yəni bir oxucu kimi onların həmişə oxucu marağı qazanan, oxucu diqqətini özünə çəkən jurnalı öz səviyyəsində saxlaya bildikləri üçün xoş arzularımı ifadə edirəm. O ki, qaldı jurnalın yeni sayına...
Məlumdur ki, "Azərbaycan" jurnalı nəşrə başladığı gündən indiyə qədər öz səhifələrini bir neçə rubrikalara, fəsillərə bölübdü. Yəni konkret hər bir rubrikanın, hər bir bölmənin adı var və oxucu elə mündəricata baxan kimi, həmin sayda kimlərin imzası ilə, kimlərin sözü ilə qarşılaşacağını görür və bilir. Təbii ki, bu da oxucuya onun marağında olan, onun pərəstişkarı olduğu müəllifin yazısını daha öncədən oxumağa, mutaliə etməyə imkan verir. Elə bu saydada həmin prinsiplərə əməl olunur. Bölgü üzrə jurnalda dramaturgiya ön cərgədədi. Oxucular bu gün əsərlərini sevə-sevə tamaşa etdiyimiz Əli Əmirlinin "Premyera" adlı iki hissəli komediyasını oxuya bilərlər. Poeziya bölümündə isə İsa Muğannanın xatirəsinə xalq şairi Zəlimxan Yaqubun həsr etdiyi "Ün" poemasını oxumaq mümkündü. Kifayət qədər samballı bu poema elə ilk misrasından oxucunu özünə çəkir. Həmçinin həmin bölümdə şairin son dövrdə yazdığı şeirlər də oxuculara təqdim olunubdu.
Jurnalın yeni tərcümələr bölümündə Vilayət Hacıyevin tərcüməsində Frans Kafkanın "Ocaqçı" hekayəsi, Xumar Ələkbərlinin tərcüməsində ərəb yazıçısı Aliyə əl Asuani "İnzibati göstəriş hekayəsi oxuculara təqdim olunubdu.
Poeziya bölümündə Xasay Mehdizadənin, İnqilab İsaqın, Kəmaləddin Qədimin, İbrahim Yusifoğlunun, Ruslan DOST ƏLİnin şeirləri də oxucuların ixtiyarına verilibdi.
Jurnalda həmçinin bir-birindən maraqlı publisist yazılar xalq yazıçısı Mirzə İbrahimovun 100 illiyi ilə bağlı silsilə xatirələr, həmçinin Arif Əmrahoğlunun 60 illiyi ilə bağlı, Rüstəm Kamalın "Ədəbi düşüncələr" bölümündə, Vaqif Yusiflinin "Böyük kitab" məqaləsinin ikinci hissəsi və digər yazılar biz oxucuların mühakiməsinə verilib. Düşünürəm ki, bütün bunlar həmişə olduğu kimi, yenə də maraqla mütaliə olunacaqdı.



TƏQVİM / ARXİV