adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

MİNNƏTDARLIQ

QƏZƏNFƏR PAŞAYEV
22112 | 2014-11-07 01:46
Hörmətli Azər müəllim!
Qəzetinizin 31 oktyabr tarixli sayını bir nəfəsə oxudum. Sanki bitgin bir əsər idi. Yaddaşımızı təzələyən, qədirbilənlik üstündə köklənən "Məmməd Arif fenomeni" (f.ü.f.d Elnarə Akimova), şair Hüseyn Kürdoğluya həsr olunmuş "Dərdli elin dərdmənd şairi" (özbək alimi, prof. Həmdulla Baltabayev), "Türkologiya Azərbaycanın milli elmidir" (prof. Tofiq Məlikli), "Ədəbiyyatımızın Zəlimxan Yaqub havası" (Aydın Xan Əbilov), "Cavidannamə"nin türkcə tərcüməsi" (prof. Rəhim Əliyev), "Vaxtın işıqlı vərəqi" (Fidan Nizaməddin qızı), "Müqayisəli ədəbiyyat konqresi Azərbaycan postmodernist ədəbiyyatının ən böyük fərqini üzə çıxardı" (Nərgiz Cabbarlı), İmir Məmmədlinin "Fədakar" hekayəsi. Adil Cəmilin geniş təqdimatında "Qırğız atalar sözləri", çağdaş Güney Azərbaycan ədəbiyyatından nümunələr nəinki "Ədəbiyyat qəzeti"nə marağı artırır, eləcə də ədəbi prosesə güzgü tutur.
Məni sevindirən bir də o oldu ki, ədəbiyyat elmimizin flaqmanı Nizami adına Ədəbiyyat İnstitutu ilə əlaqələri möhkəmləndirirsiniz. İnstitutun dörd aliminin maraqlı elmi məqalələrinin qəzetin bir sayında getməsi böyük mətləblərdən xəbər verir.
Bütün bunlara görə 50 ilə yaxın abunəçisi olduğum doğma "Ədəbiyyat qəzeti"nin əməkdaşlarına minnətdarlığımı bildirirəm.
O ki qaldı Səməd Vurğunun "Unudulmaz görüş" məqaləsini üzə çaxarıb çap etdiyinizə, bu yaddaşa qayıdışdır. Məqalənin bir sözünü, hətta bir hərfini belə dəyişmədən çap etməyiniz qəlbimdə gənclikdən daşlaşmış bir niskili məlhəm yaranı sağaldan kimi sağaltdı.
Məsələ burasındadır ki, tələbəlik illərində, hətta keçən əsrin 70-ci illərinə qədər söz-söhbət gəzirdi ki, Səməd Vurğun 1935-ci ildə Azərbaycan sosialist respublikasının 15-ci ildönümü münasibəti ilə partiya və dövlət rəhbərlərinin görüşünə 60 nəfərdən ibarət nümayəndə heyətinin tərkibində Moskvaya gedəndə "Rəhbərə salam" şeirini oxumuş, sanki dəlinin yadına daş salmış, şair
Bakının sayrışan yıldızlarından,
Çadrasız, boyasız türk qızlarından
misralarını oxuyanda guya Stalin onun sözünü kəsərək deyib ki, siz azərbaycanlısınız, diliniz də Azərbaycan dilidir.
Beləliklə, Səməd Vurğunun ucbatından ondan sonra türk sözünü işlətməyə cürət etməmişlər. Əvvəlan, onu deyim ki, 1936-cı ildə Stalin Konstitusiyası qəbul olunana qədər azərbaycanlıların pasportunda milliyyəti türk göstərilirdi. İkinci bir tərəfdən də "Unudulmaz görüş" məqaləsi həmin söz-söhbətin əsassız olduğuna əyani sübut imiş. Məqalə 1939-cu ildə, Stalinin qan-qan deyən vaxtında yazıldığından Səməd Vurğunun bircə sözü belə dəyişməyini düşünmək ağılsızlıq olardı. Şair yazır:
- Şeiri qurtardıqdan sonra yoldaş Stalinə yaxınlaşaraq ona əl verdim.
Yoldaş Stalin üzündə oynaşan bir təbəssümlə məndən soruşdu:
- Yoldaş Səməd Vurğun?
- Bəli, yoldaş Stalin.
- Bəs familiyanız nədir?
Dedim ki, Vəkilovdur.
O yenə soruşdu: "Bəs azərbaycanca?
Cavab verdim ki, Vəkilzadə.
Sonra mən keçib öz yerimdə oturdum.
Bax belə...
Səməd Vurğunun bostanına sonralar da daş atanlar çox olmuşdur və indi də var. Lakin Xalq şairi Bəxtiyar Vahabzadə demişkən:
Nə murada yetdi, nə kama çatdı,
Özgə qapısına kim ki daş atdı.
Hörmətli Azər müəllim, bilənlər bilir ki, siz şüurlu həyatınızın çoxunu görkəmli ədəbiyyatşünas alim, el ağsaqqalı atanız İmamverdi Əbilovun zəngin arxivindən başlamış, Azərbaycan və Türkiyədə arxivlərdə keçirmiş, çoxlarının xəbəri olmadığı zəngin material toplamısınız. Ümidvaram ki, qəzetinizin gələcək saylarında da "Unudulmaz görüş" kimi yazılarla bizi sevindirəcəksiniz.

TƏQVİM / ARXİV