HAMI EV İSTƏYİR

ƏBÜLFƏT MƏDƏTOĞLU
35724 | 2012-11-20 12:43
Evsizliyin nə olduğunu Allah bəndələrinin hamısı bilir. Bilməyənlər də yəqin ki, televiziyalardakı yayımlardan seyr ediblər, ya qohum-qonşudan eşidilər, ya kitab-dəftərdən oxuyablar, ya da ən azı məmləkətin ayrı-ayrı bölgələrinin qaçqın, didərgin düşən insanları fəryadlarından xəbər tutublar. Kəsəsi, özünü Allah bəndəsi sayan hər kəs azacıq da olsa evsizliyin nə olduğundan xəbərdardır. Deməli, bu məsələnin gerçək tərəfi. Qalır məsələnin ən gerçək tərəfinə, onu da biz yazacağıq.

İki gün öncə ölkə mətbuatında hay-küylü bir informasiya yayımlandı. Məmləkətin qaçqın zümrəsinə aid olduğundan, evsizliyin nə olduğunu kifayət qədər yaxşı bildiyimdən bu informasiya o dəqiqə məni yaxaladı. Necə deyərlər, nəfəs dərmədən agentliklərin yaydığı bu xəbəri və bu xəbərə aid olan şəkilləri gözdən keçirdim. Və...g

Bəlli oldu ki, sən demə Azərbaycanda məcburi köçkün və qaçqınların birbaşa sahibi olan kəndçi sayağı desək, başımızın böyüyü sayılan "Qaçqınkom" biz məcburi köçkünlərə qayğı göstərib ölkə başçısının tapşırıqlarına uyğun olaraq ali məktəblərin yataqxanalarında, müxtəlif sosial obyektlərin binalarında, bir sözlə, yaşayışa uyğunlaşdırılmış mənzillərdə məskunlaşan qaçqınlar üçün məmləkətin müxtəlif yerlərində, o cümlədən Mehdiabad qəsəbəsində yeni çoxmərtəbəli binalar tikib. Məqsəd də bu müasir binalarda məcburi köçkünləri daha rahat bir həyatla təmin etmək, onların sıxıntılarını azaltmaq, geniş nəfəs salmalarına şərait yaratmaq olub. Sağ olsunlar bu işi görənlər də, bu işin təşəbbüsündə olanlar da.

Qədim bir atalar sözümüz var. O sözün mahiyyəti bundan ibarətdir ki, "Kor nə istər? - İki göz, biri əyri, biri düz". Yəni kor üçün dünya işığını görmək daha vacibdir, nəinki onu hansı bucaq altında görmək. Bax, bu mənada qaçqınlara, köçkünlərə tikilən evlər, yaradılan şərait həqiqətən təqdirəlayiqdir və özünü əsl Allah bəndəsi sayan hər kəs məhz bu şəraiti yaratdığına görə, ölkə rəhbərliyinə, o cümlədən "Qaçqınkom"a minnətdarlıq hissini mütləq mənada dilə gətirməlidir. Ən azı insanlıq naminə. Çünki darısqal, şəraitsiz yataqxana və digər sosial obyektlərin sıxıntısının yanında qaçqın və məcburi köçkünlər üçün tikilib təmənnasız istifadəyə verilən binalar əsl şah sarayıdır. Mənim qohumlarımın bir çoxu artıq həmin mənzillərdə məskunlaşıblar və mən də onların qonağı olanda bu rahat şəraitdən məmnun olmuşam. İndi qayıdaq həmin o gündəmdə olan ifnormasiyaya. İnformasiyada bildirilir ki, məcburi köçkünlər "Bakı şəhər, Nərimanov rayonun Fətəlixan Xoyski-98 ünvanındakı yataqxanalardan köçürülmələrinə narazılıq etmiş və əraziyə ictimai asayişi bərpa etmək üçün əlavə polis qüvvələri cəlb olunmuşdur". Burada ortaya sual çıxır. Görəsən, köçkünlər təzə mənzillərə niyə köçmək istəmirlər? Məgər onlar daha rahat şərait arzulamırlar ki? Bu sualların sayını artırmaq mümkündür. Ancaq sualları artırmadan xatırladım ki, "Qaçqınkom"un sözçüsü mətbuata açıqlamasında bildirib ki, məcburi köçkünlər Mehdiabad qəsəbəsində tikilən binaların keyfiyyətsiz olduğunu, burada məktəb və digər sosial obyektlər olmadığını və ya çox uzaq olduğunu əsas gətirib yataqxanaları tərk etmirlər. Doğrusu, bu cür açıqlama mənə toxundu və özümün də tanıdığım həmin köçkünlərin bəziləri ilə əlaqə saxladım. Bəlli oldu ki, bu insanların köçməməsinin əsas səbəbi onların ailə tərkibinə uyğun evlə təmin edilməməsidir. Yəni illərdi yataqxananın bir otağında ailə qurub valideynlə yaşayan və özü də valideyn olan, adının açıqlamasını istəməyən tanışım çox açıq şəkildə bildirdi ki, artıq beş ildir üç ailə bir mənzildə yaşayırıq. Doğrudur, biz bu yataqxanada məskunlaşanda bir ailə kimi qeydiyyata düşmüşük. Üstündən illər keçib ailə böyüyüb və biz bir ailə olaraq qalırıq. Bizim narazılığımız ondan ibarətdir ki, daha neçə illər bir dam altında yaşamağa məhkumuq və bu problem ümumiyyətlə həll olunacaqmı? Amma bu suala cavab verən yoxdur". Göründüyü kimi, "Qaçqınkom"un sözçüsü də özünün açıqlamasında bunu dolayısı ilə də olsa etiraf edir və vurğulayır ki, həqiqətən bəzi məcburi köçkün ailələri say baxımından artıq böyüyüb artıb və bəzilərində ailədaxili problemlər də var. Bunu müvafiq komissiya araşdıracaq və üstəlik məktəb və baxğça problemi də həllini tapacaq (?!)

Hə, bu etiraf köçkünlərin müəyyən qədər haqlı olduğunu göstərir. Digər tərəfdən ölkə prezidentinin yaxın 20 illiyi ilə bağlı keçirilən tədbirdə söylədiyi kimi bu gün Azərbaycanın kifayət qədər iqtisadi potensialı var və bu iqtisadi güc ölkə vətəndaşlarının sosial şəraitinin yaxşılaşdırılmasına da öz müsbət təsirini göstərməkdədi.

Bax, bu son fikir bir daha ortaya bəlli sualı çıxarır. Sual da bundan ibarətdir ki, hər bir insan ev, mənzil olmaq hüququna malikdir. Bu hüququ ona öncə Allah, sonra da ölkənin əsas qanunu verir. Vətəndaş öz borcunu yerinə yetirdiyi kimi, qanuna görə, onun imtiyazları da, hüquqları da təmin olunmalıdır. Yəni 20 il müxtəlif künc-bucaqda, darısqal şəraitdə yaşayan insanlar heç olmasa məmləkətin bugünkü iqtisadi gücünün verdiyi imkandan daha normal yararlanmalıdı. Və bu işdə anlayışla həm "Qaçqınkom", həm də köçkün tərəfindən bir ortaq məxrəc tapılmaqla həll edilməlidir. Burada məmur sərtliyi, köçkün etirazı heç nəyi həll edə bilməz. Olsa-olsa tərəfləri bir-birinə qarşı narazı və etimatsızlıq durumuna gətirər. Buna isə nə yol vermək, nə də şərait yaratmaq olmaz. Çünki ölkə prezidenti özünün qaçqın və köçkünlərlə olan bütün çıxışlarında birmənalı olaraq onlar üçün hər bir şərait yaradılacağını söyləmiş və həyatda da biz onun təsdiqini görmüşük.

Deməli, Mehdiabad qəsəbəsinə köçmək istəməyən köçkünlərin problemlərini "Qaçqınkom" anlayışla çözməlidir. Çünki onun üzərində qaçqın və köçkünlərin ağsaqqalı missiyası da var. Ağsaqqal isə həmişə ədalətli olub.

Əbülfət MƏDƏTOĞLU

TƏQVİM / ARXİV