adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

Mədəniyyətin qürubu

16728 | 2007-12-08 02:49
Min dəfə yazmışıq, yazırıq, xeyri yoxdur. Azərbaycan mədəniyyəti ölüm ayağındadır. Amma vəziyyətin bundan da pis olacağı var. Belə ki, bir müddət sonra bu harayı çəkən adam da olmayacaq.
   
   Azərbaycan mədəniyyəti artıq mövcud deyil. Mədəniyyətin gücü keçmişdə deyil, bu gündədir. Bu gün Azərbaycan mədəniyyəti iflas edib. Ortada yeni heç bir şey yoxdur. Meyxana hər şeyi silib-süpürüb atıb. O öz gücünü kütlədən alır. Məşhur ifadəni interpretasiya etsək: Azərbaycanı bir kabus dolaşmaqdadır, meyxana kabusu. Amma bu kabusa qarşı heç bir ittifaq yoxdur. Tamamilə əksinə, onun qarşısında hamı və hər şey gücsüz görünür.
   
   
   
   Ziyalılar hardadır?
   
   
   
   Bu gün Azərbaycanda yaxşı, pis ziyalı sinfi var. Minlərlə müəllimər, həkimlər, universitet professorları, akademiklər, jurnalistlər və s. Bunları bir şey birləşdirir. Onlar kitabın, elmin çörəyini yeyirlər. Bu sözlər ittihamdan çox reallıqdır. Biz dəftərin, kitabın çörəyini yeyirik. Lakin bu çörək artıq tükənmək üzrədir. Cəmi on il sonra Azərbaycanda elmlə məşğul olmağa can atan adam qalmayacaq. Eləcə də ədəbiyyat, mədəniyyət, incəsənətlə. Çünki ölkədə ciddi heç nə qalmayacaq. Qısaca vəziyyəti təsvir etməyə cəhd göstərək. Azərbaycanda teatr salonları heç yarıya qədər də dolmur. Dövlət teatra pul verməsə teatr özünü dolandırmaq üçün gərək binasının yarısını kababxana üçün ayırsın. Azərbaycanda ən ciddi kitab 500 ədəddən artıq oxunmur. Yaxşı, tutaq ki, biz pis yazırıq, bəs tərcümə əsərləri necə olsun? Şahbaz Xuduoğlu öz imkanları hesabına Orxan Pamuku tərcümə elətdirir, amma bu kitabı da alan tapılmır. Azərbaycanda kitab bazarı məhv olub. Azərbaycanda kitab oxuyanlar elə kitab yazanların özləridir. Məşhur bir lətifə var. Çukça deyir ki, mən yazıçıyam, oxucu deyiləm. İndi heç kim bu lətifəyə gülmür. Çünki bizi bizdən başqa heç kim oxumur. Azərbaycan ziyalısı isə buna susur. Azərbaycan ziyalısı isə bu hadisəni seyr etməklə arada bir ah-nalə etməklə kifayətlənir. Bütün yaradıcı qurumlar seyrçidirlər.
   
   Günah kimdədir?
   
   
   
   Günah ilk növbədə televiziyalardadır. Televeziya dəhşətli silahdır. Yalnız Azərbaycanda yox, ümumiyyətlə, dünyada yazılı mətbuat televiziyaya uduzur. Bunu uzun-uzadı izah etməyə ehtiyac yoxdur. Şəxsən mən heç bir televiziyaya baxmıram. Amma nə olsun ki? Azərbaycan televiziyaları şou-biznes və meyxananı taxta çıxardıblar. Azərbaycan televiziyalarını ancaq pul maraqlandırır. Biz heç kimi pul qazanmasına görə qınaya bilmərik. Televiziya proqramlarının şouya üstünlük verməsi bu dəqiqə bütün dünyada müzakirə predmetidir. Misal üçün, Umberto Eko İtaliyanın baş naziri, media maqnatı Berluskonini telekanalları ucuz şou ilə doldurmaqda ittiham eləyirdi.

TƏQVİM / ARXİV