adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

SİZİ MƏNDƏN SORUŞSALAR

ƏBÜLFƏT MƏDƏTOĞLU
159401 | 2014-11-06 01:40
"İÇİMDƏKİ ADAMLAR" SİLSİLƏSİNDƏN

Dəyərli oxucularım yəqin ki, nədən yazacağımı bilirlər. Artıq dördüncü dəfədir ki, mən ürəyimdə, taleyimdə yeri olan adamlar barəsində iç yazımı qələmə alıram. Bu, dördüncü yazıdı və bu yazı bir söz adamına, bir qələm adamına, bir dəyərli ziyalıya, bir ağsaqqal ailə başçısına və böyük həyat təcrübəsi olan insana həsr olunub. Ona görə də yazının hər sözünə daha böyük həssaslıqla yanaşmağa çalışıram. İstəmirəm ki, söz məkanında, mətbuat aləmində böyük nüfuz, çəkisi olan bu insan, bu yazıçı-publisist hardasa, nədənsə bir iynə ucu boyda narazı qalsın. Lap elə sadə desəm, həmin söz, həmin fikir onu təmin etməsin, onu razı salmasın...g
Lap çoxdan tanıyıram onu. Onda sovet dönəmi idig Onda mətbuatımızın sayı barmaqla hesablanırdı və onda ölkənin ən nüfuzlu, hətta bir nömrəli qəzetinin adı "Kommunist" idi. Mən bu qəzetin səhifələrində rastlaşdım o imzayla. İmzanı görən kimi yaddaşımda elə bil ki, bir işıq yandı - orta məktəb illəri yadıma düşdü. Xatırladım ki, o vaxtlar mən də bir yazı-pozu həvəskarı kimi "Azərbaycan pioneri" qəzetinə məktublar yazıb göndərirdim. Etiraf edim ki, indikindən fərqli olaraq həmin illərdə redaksiyalar oxucuların məktubunu (əgər çap etməyi lazım bilməsələr - Ə.M.) cavab verirdilər. Düzdü, bu cavablar çox bəsit və standart idi və bütün redaksiyalarda da demək olar ki, bu bəsit və standart cavabdan istifadə olunurdu. O cavab da təqribən belə idi :

- Sizin göndərdiyiniz yazı redaksiyanın tələblərini ödəmədiyi üçün çap edə bilmədik. Çalışın qəzetimizi daha çox oxuyun və daha maraqlı mövzulara toxunung
Bax, təqribən belə. Bunu ona görə xatırladım ki, belə bir cavabı mən "Azərbaycan pioneri" qəzetindən almışdım. Doğrudu, sonra həmin qəzetdə bir neçə kiçik həcmli yazılarım, məktəbimizin həyatı ilə bağlı göndərdiyim xəbərlər çap olundu, hətta qonorar da aldım. Bax, o zaman redaksiyaya yolum düşmüşdü və burada Vaqif Nəsib Sarıhüseyn oğlunu və indi barəsində yazmağa başladığım Polad Qasımovu görmüşdüm. Bu ilk və ötəri tanışlıq sonralar o insanı "Kommunist" qəzetində görəndə mənə məktəb illərimi xatırlatdı.
Həyat elə gətirdi ki, "Azərbaycan" nəşriyyatında yenidən qarşılaşdıq. Və bu qarşılaşma cəmi bir-iki görüşdən sonra mənim həyatımın bir növü tələbatına çevrildi. Sözün tam mənasında bu nəşriyyatda özüm üçün bir təsəlli yeri, bir məsləhət yeri, bir ağsaqqal və böyük hərflərlə yazılan DOST qazandım. Özü də təkcə özüm üçün yox, həm də ailəm üçün, övladlarım üçün. Bu qazanc mənə bir növü Allah hədiyyəsi, Tanrı payı oldu. Çünki ilin-günün bu çağında, zamanın atının çox yüyrək, səbrinin cilovsuz, özünün isə amansız olduğu bir vaxtda hər kəslə, xüsusilə cinsi kişi olub, özü haralarasa aid olan Allah bəndələriylə fikir bölüşmək, bir süfrə arxasında əyləşib dağı arana, aranı dağa çəkmək çox müşkül bir məsələdir. Görünür, qəbul etdiyimiz maddi nemətlərin tərkibi kimyalaşdıqca biz insanların diqqəti də, səxavəti də, etibarı da, dözümü də, lap elə cinsi aydiyyatı da yavaş-yavaş erroziyaya uğrayır. Fərəhlə adını "qloballaşan dünya" deyə çağırdığımız bu dünyada süniləşmə daha sürətlə gedir. Bu bir həyat həqiqətidir, çətin də olsa onu etiraf etmək lazımdır. Və...
Yolumuz üzü dağlara idi. Ailəmlə birlikdə Bakının istisindən baş götürüb bir növü qaçırdım. İstəyirdim ki, bir az bu şəhərin səs-küyündən, bir az problemlərindən, bir az da elə öz içimdəki sıxıntılardan uzaqlaşım. Ona görə də məzuniyyətin bir həftəsini dağlar qoynunda, təbiətlə baş-başa qalmaqla keçirmək istədim. Təbii ki, bu arzunu ürəyimdə dolandıranda, ağlıma gətirəndə gözümün qarşısına bir neçə ünvan gətirmişdim. Elə oldu ki, Polad müəllimlə söhbətləşəndə fikrimi ona da bildirdim. Qəti şəkildə bircə kəlmə dedi:
- Heç o yan-bu yanı yoxdu, ağlına da başqa heç nə gətirmə, maşını düz sürürsən birbaşa Gədəbəyə! İki gündən sonra mən də bacınla (mən onun ömür-gün yoldaşı Göycək xanıma "bacı" deyə müraciət edirəm - Ə.M.) orada olacam. Sadəcə, yoldan zəng vurarsan, çıxıb səni Slavyankada "Əkbərin" yanında qarşılayacam...
Ağsaqqal dostum dedi və mən də təbii ki, birmənalı şəkildə bu təklifi qəbul etdim. Onsuz da axırıncı dəfə Gədəbəyi gördüyüm yadımdan çıxmışdı. Ona görə də təklif həm də köhnə yerləri yenidən görmək üçün yeni bir şans oldu. Və beləcə, biz Gədəbəyə getdik. Yoldan Polad müəllimə zəng çalmaq istəyəndə yenə məni qabaqladı. Mobil telefonda onun nömrəsini görüb yaşıl düyməni basdım. Birbaşa dedi:
- Hardasan, ay qağa?
- Şəmkiri keçmişəm, dolayları qalxıram - dedim.
- "Əkbərin" yerində gözləyirəm. Bizim "Niva" yolun kənarında dayanıb, gələndə görəcəksən.
g Bəli, biz Gədəbəydə görüşdük. Polad müəllim xanımı ilə birlikdə bizi gözləyirdig Mən bütün bunları ona görə xatırladıram ki, onun nə qədər qayğıkeş, nə qədər diqqətcil insan olduğunu siz də biləsiniz. Və bizim Gədəbəydə olduğumuz müddət ərzində onun göstərdiyi diqqət demək olar ki, məni əməlli-başlı çaşdırmışdı. Hətta hərdən tam səmimiyyətlə deyim ki, onu bizə göstərdiyi qayğıdan azad etmək naminə bu bölgəni tez tərk etmək istəyirdim. Çünki o, bütün vaxtını bizə ayırmışdı və hər dəfə də bunu özləri üçün də yaxşı bir istirahət olduğunu deyib məni bu sıxıntıdan qurtarırdı...
Hə, biz "Azərbaycan" nəşriyyatında hər gün görüşürük, hər gün birlikdə çay içib nahar edirikg çox vaxt işdən də evə birlikdə qayıdırıq. Bu doğmalıq nəşriyyatda işləyən hər kəsə bəllidir. Ona görə də çox vaxt kimsə onu məndən, məni ondan soruşur. Bir mahnıda deyildiyi kimi: "Səni məndən soruşsalar nə deyim?" - sualı bizim üçün yoxdu. Çünki biz bir-birimiz haqqında nə deyəcəyimizi çox gözəl bilirik və onu bizim ailələrimiz də bilir. Bu, bizim həyat qazancımızdır, bu, bizim dostluğun gerçək bir göstəricisidir.
İnsan bütün həyatı boyu rahat yol getmir, rahat ömür sürmür. Mütləq çətinliklər, dolanbaclar keçir, hətta bəzən ağır zərbələr də alır. Tək-tək adamlar həyat sınaqlarına öncədən hazır olur. Məncə bu, çox müsbət bir haldır və onun hər kəsdə olması bəlkə də ağrı-acının təsir gücünü zəiflədə bilər. Bu mənim qənaətimdi. Bunu ona görə indi xatırlayıram ki, Polad müəllim çox təmkinli kişidir. Mən onun istənilən bir telefon zənginə, istənilən bir söhbətə, istənilən bir xəbərə necə səbrlə, heç nəyi büruzə vermədən qulaq asdığını və müəyyən bir fasilədən sonra qərar verdiyini çox müşahidə etmişəm. İstər eldən, ailədən, istər dostlardan, xüsusilə doğulduğu bölgədən gələn zənglər, çatdırılan söz-söhbətlər, xəbərlər bu kişinin çöhrəsində özünü ifadə etdirməyib. Hiss etmişəm ki, o, hər şeyi içəridə, özünə aid bir guşədə ələyib ələkdən, süzüb süzgəcdən keçirir. Ürək ağrılı o guşədə o sevinci, o ağrını tam şəkildə dəyərləndirəndən sonra addım atır. Çox çətin və ağrılı bir işdi. Bütün gücü ürəyə yönəltmək, bütün gücü ürəyə yükləmək hər kişinin işi deyil. Polad müəllim məhz belə kişilərdəndi. Üstəlik o həm də sözünün sahibidi.
Mən onu tanıdığım gündən bir dəfə də olsun dediyi sözdən, verdiyi vəddən geri çəkildiyini görməmişəm, hiss etməmişəm. Üstəlik, onun böyük həyat təcrübəsi bu kişini keçmişlə o qədər möhkəm bağlayıb ki, o, uzun illərin dostluğunu, kəsdiyi çörəyi bu gün də qoruyur, bu gün də dəyərləndirir. Dünyasını dəyişən dostları barəsində ürəkağrısı ilə xatirələrini danışır. Onunla yol-yoldaşı, həmsöhbət olanda adam az qala dünyanın altından da, üstündən də kifayət qədər məlumat əldə edir və ömrünün bu çağında mütaliədən, yaradıcılıqdan çox səmərəli istifadə edən, sözə, yazıya qiymət verən Polad müəllim həm də Azərbaycan mətbuatının sütunlarından biri olan "Molla Nəsrəddin" ənənəsini yaşadır. Özü də bunu özünün nüfuzuna və gücünə söykənib edir. İşi uğurlu olsun...g
Mən içimdə olan bir dostun, yəni Polad Qasımovun barəsində beş-on cümləlik bu yazımda hər şeyi yazmadım, hər şeyi demədim. Çünki dostlar barəsində deməklə, yazmaqla yanaşı, onu içində qorumaq və yaşatmaq da gərəkdi. Düşünürəm ki, bu qərarım gələcəkdə onunla bağlı yazacağım növbəti bir yazıya ipucu olacaq. Və onda da deyəcəm ki, sizi məndən soruşsalar, yenə dünən, bu gün olduğu kimi cavab verəcəm!..

TƏQVİM / ARXİV