adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

Divardakı qanlı əl izi, yaxud Allahı çağıran igidin hekayəti

REY KƏRİMOĞLU
25400 | 2012-11-22 12:41
Dost-tanış yaxşı bilir, Qarabağ savaşında döyüşçü gündəliyi yazmamışam. Yazanlara da həmişə qibtə eləmişəm. Əvvəllər belə bir fikrim olub, amma gündəliklərlə bağlı baş verən bir neçə xoşagəlməz hadisələr bu işdən daşındırıb məni. O günlər elə hey beynimdə canlanıb nəsə yazmağa vadar edir, yəqin yaddaşın elə qatları var ki, orda yaşayan xatirələr mütləq yazılmalıdır. Həyat əsl gündəlikdir, nə vaxt yazılırsa yazılsın... Elə məqamlar var ki, onlar heç vaxt unudulmur.

Digər tərəfdən, düşündüm ki, bu həm də o günləri yaşamış, döyüşlərdə qəhrəmancasına şəhid olmuş, yaralanmış və ya taleyin xoş təsadüfü nəticəsində sağ qalan insanların unudulmaması, gələcək nəslə bizim müstəqilliyimizin ilk illərində yaşadığımız keşməkeşli günləri, ələlxüsus da torpaqlarımızın erməni işğalçılarından müdafiəsi məqsədi ilə çətin şəraitdə milli ordunun yaranması prosesinin şahidi kimi hadisələri olduğu kimi çatdırım. Əlbəttə, mən əsasən 1991-1993-cü illərdə gördüklərimi, çox nadir hallarda isə 3-4 mənbədən təsdiqini tapan eşitdiyim hadisələri qələmə alacam.

Nakam əsgərin şəhidlik hekayəti

6-cı yazı


Umudlu həmişə başı qarlı Murov dağı da olmaqla üç tərəfdən uca dağlarla, bir tərəfdən isə Sərsəng su anbarı ilə əhatələnmiş, erməni kəndlərinin mühasirəsində yerləşən qədim bir kənd idi. Buranın Azərbaycanla əlaqəsi yalnız vertolyotla olduğundan kənddə işıq, ərzaq, dərman və digər problemlər mövcud idi. Kənddə ölü bir sükut hökm sürürdü. Hamının çöhrəsində bir hüzn, kədər vardı...

Əvvəlcə kənd və ətraf postlarla tanış olduq, sonra hər kəs öz postuna yaxın yerdə qalacağı evə yollandı. Səkkizinci postun yaxınlığındakı məktəbin həyətdəki tikintisi yarımçıq qalmış ayaqyolunun yanından keçəndə şaxtadan donub buz bağlamış qan gölməçəsini, ağ divardakı qan izlərini görəndə insanların üzündəki hüznü, kədəri tam mənası ilə dərk elədik. Bu, Rasimin qanı idi, Milli Ordumuzun 20-21 dekabr döyüşündə şəhid olmuş Rasim Cəfərovun...

Mən düz 20 ildir, Rasimi tanıyan adam kimi onun şəhid olma hekayətini dostlara, yoldaşlara, tanışlara danışıram. Artıq zaman çatıb, onu sizə - çoxsaylı oxucularımıza da tanıtmaq istəyirəm. Qoy hamı 23 yaşlı azərbaycanlı gəncin həmin gün torpaq uğrunda necə şəhid olduğunu bilsin.

Beləliklə 20-21 dekabr, 1991-ci il. Ermənilər bir neçə istiqamətdən Umudluya hücum edirlər...

Dekabrın 20-də gecə ermənilər top, minaatanların atəşindən sonra iri çaplı pulemyotların və digər müasir silahlarla bir neçə istiqamətdən Umudluya hücuma keçir. Kəndi qoruyan batalyonun və yerli əhalidən olan döyüşçülərin köməkliyi ilə ermənilərinin hücumunun qarşısının alınması üçün olduqca ağır bir döyüş olur. Nəhayət, ermənilər Umudlunun müdafiəsi üçün əhəmiyyət kəsb edən 8-ci posta yaxınlaşır. 8-ci postun səngərində olan bizim döyüşçülərin güllələri tükənir. Heç kəs güllə ardınca kəndin mərkəzində olan qərargaha gedə bilmir.

Bu arada onu da qeyd edim ki, o zaman belə məqamlarda, yəni güllə gətirmək, yaralı çıxarmaq adı ilə səngəri tərk etmək, heç də yaxı qiymətləndirilmirdi. Əlbəttə, döyüş taktikası baxımından bu, yanlış yanaşma idi, amma əksər döyüş meydanlarda biz bu halı acı nəticələrinin şahidi olurduq.

Heç kəsin güllə ardınca getmədiyini, düşmənin isə anbaan yaxınlaşdığını görən Rasim adlı bir döyüşçü axırda güllə ardınca özü gedir. O qərargaha gedib qayıdanacan ermənilər 8-ci postu alırlar. Rasim əlində güllə yeşiyi birbaşa ermənilərin bir az əvvəl tutduğu səngərə atılır və yalnız indi məsələnin nə yerdə olduğunu anlayır. Rasim özünü itirmir, çiynindəki avtomatı əlinə alıb atəş aça-aça səngərdən Umudlu kənd orta məktəbinə doğru - məktəb binasının o biri başında mövqe tutun bizim əsgərlər tərəfə geri çəkilir. Amma məktəbin o biri başında mövqe tutan bizimkilərə çata bilmir.

Səkkizinci postdan məktəbə tərəf 30-40 metr aralıda olan hələ istifadəyə verilməmiş, üstüaçıq ayaqyolunun divarı arxasında mövqe tutur. Ermənilər iki istiqamətdən bu yarımçıq binaya tərəf hücum edirlər, amma Rasim onlara binaya yaxınlaşmağa imkan vermir. Nəhayət, Rasim son gülləsinə qədər ermənilərlə vuruşur. Ermənilər Rasimin atəş atmadığını görüb, gülləsinin qurtardığını anlayırlar və binaya yaxınlaşırlar. Rasim avtomatın süngüsünü çıxarıb, ermənilərlə əlbəyaxa olur. Bir neçə ermənini bıçaqla yaralayan Rasimə ermənilər aman vermirlər və güllə ilə yaxın məsafədən əsgərimiz yaralayırlar. Rasim son nəfəsinə qədər müqavimət göstərir...

İçəri soxulan ermənilər ona saysız-hesabsız bıçaq zərbələri vurular, o, ermənilərlə əlbəyaxa olur... Taqətdən düşən Rasim erməniləri söyərək, onları təhqir edir, döyüşçü dostlarını köməyə çağırırmış! Nə yazıqlar ki, döyüşçü dostları onun dadına gələ bilməzdilər, bu onların imkanları və gücləri xaricindəydi. Rasimin son sözü isə bu olur: "Sən haradasan, Allah!"



Dəqiqələr keçir,

Rasimin zəifləyən

səsi tamam kəsilir...



Bir az sonra əsgərlərimiz səkkizinci posta yenidən həmlə edib erməniləri geri oturdur, kəndi onlardan azad edirlər. Bu zaman yarımçıq binanın yaxınlığında Rasimin ruhsuz cəsədini tapırlar. Bədəni güllədən, bıçaqdan deşik-deşik olmuş Rasim tanınmaz hala düşübmüş... Biz orda olanda bu hadisədən xeyli vaxt keçmişdi, amma mən hələ də divarlarda onun qan izlərini görürdüm. Divarlar Rasimin qana bulaşan əl və barmaq izləri ilə boyanmışdı... Bu, ağır bir döyüşün, şir kimi döyüşüb şəhid olmuş cəsur bir əsgərimizin ölüm səhnəsindən qalan qanlı izlər idi.

Bu xatirələri yazarkən Rasim haqqında maraqlandım və bunları əldə etdim: Rasim Fazil oğlu Cəbrayılov 1968-ci ildə Qaradağ rayonunda anadan olub. Xətai rayonunda 257 saylı orta məktəbi bitirib, 1986-cı ildə Sovet ordusunda xidmət edib. 1991-ci ilin oktyabrında yenicə yaradılan Milli Orduya yazılıb. Sonrasını isə oxudunuz...

Biz Umudluda olduğumuz zaman bu hadisəni heç unutmadıq, nəinki o zaman, heç sonralar da unutmaqdıq. Unutmaq mümkünmü?!



Dəyirman əməliyyatı



27 dekabr 1991-ci ildən 28 fevral 1992-ci ilədək Umudluda Şirin Mirzəyevin batalyonunun 55 nəfərlik heyəti və kəndin könüllüləri işğalçılara qarşı mətanətlə dayanmışdı... Umudluda ara-sıra mövqe döyüşləri, atışmalar olsa da, ermənilər genişmiqyaslı hücumlara keçmirdilər. Biz Umudluda olanda bu kəndin Azərbaycanla əlaqəsi yalnız vertolyotla olurdu. Yanvarın ortalarından isə bu əlaqənin də kəsilmək təhlükəsi yarandı. Çünki ermənilər Umudluya uçan vertolyotlara atəş açırdılar. Bu səbəbdən də Umudluda çox ciddi ərzaq və tibbi ləvazimat çatışmazlığı yaranmışdı. Kənddə uzun müddət idi ki, elektrik enerjisi verilmirdi. Yalnız axşam saatlarında Umudludakı generator vasitəsi ilə işıq verilirdi, çünki yanacaq çatmırdı. O da televiziyada xəbərlərə baxmaq üçün. İşıq veriləndə də ermənilər görüb atəş açmasın deyə, qapılar bağlanır, pəncərələr isə qara rəngli parça ilə tutulurdu. Heç yadımdan çıxmaz, bir dəfə televiziyada "Günün ekranı" xəbərlər proqramında göstərdilər ki, hansısa rayon və təşkilat Umudluya yardım göndərir... Danışanlar dil boğaza qoymadan Umudluya göstərilən qayğıdan, yardımdan danışırdı. Heyhat! Nə kənd camaatı, nə də əsgərlər bunları görmədi. Ramiz özünü saxlaya bilmədi:

- Ayə, belə qurumsaqlıq olar! Biz yaralıları çıxarda bilmirik, camaat ac-susuz, kənd işıqsız qalıb, əlaqəmiz yalnız vertolyotladır, bunlar da maşın karvanı düzlədiblər!

Döyüşlərdə ayaqlarından yaralanan Namiq Əliyevin, Sənan Rüstəmovun müalicəsində çətinlik yaranmışdı. Vertolyot olmadığından bu yarlılar bir müddət Umudluda qalası olmuşdu. Hər problemə dözmək olsa da, bir öynəsini belə çörəksiz keçirməyə öyrəşməmiş əsgərlər, kənd sakinləri çörəksizliyə dözə bilmirdi.

Umudluda bir qədər taxıl ehtiyatı var idi, amma kəndin un dəyirmanı ermənilərin Zərdəxaç kəndinin yaxınlığında yerləşirdi. Dəstənin komandirləri baş leytenant Fəxrəddin Rəcəbov və Əkbər Məmmədov çörəksizliyə dözməyi təklif etsə də, kəndin ferma müdiri Araz adlı şəxs erməni kəndinin yaxınlığındakı dəyirmanda bir qədər taxıl üyütməyi təklif etdi və bu işdə israrlı olduğunu gördük. Hətta Araz bir qədər ötkəmlik göstərib dedi ki, siz getməsəniz də, biz gedib taxıl üyüdüb gələcəyik.

Bundan sonra Fəxrəddin Rəcəbovun tapşırığı ilə kəndin traktorunda dəyirmana taxıl aparan Arazı və bir neçə nəfərin qorunması üçün, onların üzlərinin də xəbəri olmadan, xüsusi bir plan işlənib hazırlandı. Bir qədər taxıl yüklənmiş traktor dəyirmana yaxınlaşan kimi ermənilər hər tərəfdən atəş açmağa başladılar. Kənd sakinləri faktiki olaraq atəş altında qalmışdılar. Əvvəlcədən hazırlanmış plana uyğun olaraq, müxtəlif yerlərdə mövqe tutan əsgərlərimiz dərhal döyüşə atıldılar. Qızğın bir döyüş başladı...

Ermənilər ilk həmlədə qumbaraatanla traktoru vurmuşdular deyə, artıq biz traktoru çıxarda bilməyəcəkdik. Amma kənd sakinlərinin həyatını xilas etmək lazım idi. Əsgərlərimiz xeyli irəliləyib, atəş altında qalanların çıxmasına şərait yaratdılar. Amma bu zaman həmin əsgərlər özləri çıxılmaz vəziyyətə düşdü.

Plana uyğun olaraq Ramiz, Nail, Rəmiyəddin, Valeh, mən və adını unutduğum digər bir döyüşçü isə üzü Sərsəng su anbarına dayananda bu su anbarının sağ tərəfi ilə Zərdəxaç kəndi istiqamətində irəliləyib mövqe tutmuşduq. Ermənilər bir qədər irəlilədikləri üçün biz bir neçə yüz metr qabağa keçsəydik düşmənin arxa cinahına keçə bilərdik - biz əməliyyat planında bunu nəzərə almamışdıq.

Elə də oldu. Döyüşə-döyüşə sürətlə ermənilərin arxasına keçməyə çalışdıq. Amma ermənilərin bizi hədəfə götürən - əlavə ehtiyat kimi saxlanılan - pulemyotu onların tam arxasına keçməyimizə imkan vermədi. Atəş o qədər intensiv və sürətli idi ki, başımızı da qaldıra bilmirdik... Lakin düşmənin sol cinahının arxasına keçə bilmişdik. Buradan düşməni atəş hədəfinə aldıq.

Rəmiyəddinin RPK markalı əl pulemyotu bu döyüşdə xüsusilə dadımıza çatdı. Onun pulemyotdan açdığı sərrast atəş ermənilərin atəş altında qalan əsgərlərimizə tərəf irəliləmək istəyini gözündə qoydu. Bu isə digər cinahdakı döyüşçü dostlarımızın üstünlüyü əla ala bilmələrinə kifayət elədi... Bu arada çox şiddətli bir döyüş başladı, ermənilər geri - əvvəlki mövqelərinə çəkilməyə məcbur oldular. Heç bir canlı itki vermədən həm kənd sakinləri, həm də əsgərlərimiz sağ-salamat kənddəki mövqelərinə qayıtdılar.

Sonra kənddə söz gəzdi ki, ermənilərin bizimkilərin dəyirmana taxıl üyütməyə gedəcəyini bilirmiş...

Rey Kərimoğlu
Zəruri qeyd: Gələcək yazılarımızda bu döyüşün digər cinahlarında - baş leytenant Fəxrəddin Rəcəbovun, Şirin Mirzəyevin, batalyonun kəşfiyyat dəstəsinin komandiri Əkbər Məmmədovun olduğu cinahlarda baş verənlər barədə danışacağıq. Hələ ki Umudludayıq..

TƏQVİM / ARXİV