adalet.az header logo
  • Bakı 20°C

BiZiM CƏMiL MüƏLLiM

21952 | 2007-12-08 02:48
Altmışıncı illərin əvvəllərində Şüvəlanda yazıçıların yaradıcılıq evi açılmışdı. Burada həqiqətən səmimi ev - ailə ortamı hökm sürürdü. Elə buna görə bağı olan yazıçılar da ailə üzvləri ilə birlikdə yayın bir ayını qələm dostlarıyla Şüvəlanda keçirərdilər. Boş yerlər olanda bəstəkarlar, aktyorlar da bu ocağın qonağı olardı. Biz də "yenə o bağ olaydı" arzusuyla dərs ilinin bitməsini, havaların qızmasını səbrsizliklə gözlərdik. Böyük ərazidə yerləşən o bağ dənizdən xeyli aralı olsa da, həyətində böyük hovuz vardı. Hamıya bəs edirdi. Bilmirəm, biz balaca idik, yoxsa arzularımız böyük idi, amma o günlərin sevinci indiyədək qəlbimi işıqlandırır. O ruzili evin mehriban "sakinləri" indi də xatirimdədir: Ənvər Əlibəyli, İsrafil Nəzərov, Nəbi Xəzri, Əliağa Kürçaylı, Balaş Azəroğlu, Mədinə Gülgün, Əlfi Qasımov, Yusif Səmədoğlu, Qabil, Şəfiqə Axundova, İsmayıl Əfəndiyev... Biz uşaqlar üçün onlarla görüşmək, salamlaşmaq özü də ibrətamiz idi. Böyüklərin söhbətinə qulaq asmağa, onların nərd, bilyard, dama, şahmat oynamalarını izləməyə necə həvəs göstərərdik. Hərəsindən bir qiymətli söz eşidir, mərifət dərsi alırdıq. Yadımda qalıb ki, Mədinə Gülgün nərddə hamını udardı. Bilyard masasında Əliağa Kürçaylı fərqlənərdi. Yusif Səmədoğlu dama oyununda kimsəyə aman verməzdi. Bir ciddi rəqibi vardı, o da mən idim. Atam dedi ki, ay Yusif, təəccüblənmə, Etibar neçə vaxtdır pionerlər evində dərnəyə gedir, dama üzrə idman dərəcəsi var, yarışlarda iştirak edir.
   
   Bazar günləri həyətin aşağı hissəsindəki qocaman qaraağacın kölgəsində ümumi süfrə açılardı. Bizə odun qalamaq üçün taxta, quru ağac budaqları, meynə qırıqları yığmağı tapşırardılar. Qadınlar süfrə açar, qab-qacaq düzərdilər. Əti kişilər doğrayıb basdırma edərdi, sonra da şişə çəkib manqalda bişirərdi. Hər bazar azı iki qoyun kəsilərdi. "Biz də muradımızca fələkdən kam alardıq". Kabab üstə şerlər oxunar, sağlıqlar deyilərdi. İndi düşünürəm ki, qaraağac altında əsl ədəbi-bədii məclislər keçirilərmiş. O vaxt nəinki video kamera, hec doğru-dürüst fotoaparat da hamıda yox idi. Mənim "FED" markalı fotoaparatım vardı. Hərdən onunla şəkil çəkərdim. Amma o günlərin fotolentinə sığmayan əziz xatirə yaddaşımda indi də yaşayır. Və mən hörmətli Cəmil Əlibəyovun Yazıçılar İttifaqının Natəvan klubunda keçiriləcək 80 illik yubileyinə gedərkən bunları təsadüfən xatırlamadım. Çünki Cəmil müəllimlə ilk tanışlığımız da 1963-cü ildə Şüvəlanda yazıçıların yaradıcılıq evində olmuşdu.
   
   Havalar aşırı dərəcədə isti keçdiyindən imkanı olan Abşeron bağlarına daşınmışdı. Necə olsa dənizin sərinliyi, havanın təmizliyi qızmar günəşin hərarətini insana bir qədər unutdururdu. Hər səhər atalarımız işə gedərdi, analarımızın başı söhbətə qarışardı. Həftənin bir günü isə bütün qadınlar yığışıb ümumi yeməkxanada özləri ev xörəyi bişirərdi. Mədinə xalanın (Mədinə Gülgün) Təbriz üsuluyla bişirdiyi badımcan dolmasını hamı bəh-bəhlə yeyərdi. Həmin gün süfrə arxasında böyüklü-kiçikli "doydum" deyən olmazdı.
   
   Yaradıcılıq evinə təzə mikroavtobus almışdılar. Onun təyinatı gündə iki dəfə səhər-axşam, istirahət edənləri dənizə aparıb gətirmək idi. Amma qadınlar sürücü İsmayılı dilə tutardılar ki, kişilər işdə, uşaqlar hovuzda, dənizi neyləyirik? Sən bizi dükan-bazara apar. Lazım olan şeylərdən evimizə, özümüzə alaq. Axı, o illər qıtlıq bürümüşdü aləmi. Adi gündəlik tələbat mallarına insanlar həsrət idi. İsmayıl da xanımların xətrinə dəyməzdi. Hətta bir neçə dəfə Pirallahıya da səfər etmişdilər. Şəhərdən xeyli uzaq olduğundan oranın dükanlarında satılan malların çeşidi nisbətən bol olardı. Biz də bağın içində özümüz üçün sərbəst oynayardıq, hovuzda üzərdik. Heç darıxmazdıq. Tüfəngimiz olmasa da, topumuz vardı. Fikrinizə başqa şey gəlməsin. Mən voleybol, futbol topunu nəzərdə tuturam. Həyətin lap aşağı hissəsində təsərrüfat işləri üçün ayrılan sahə ilk gündən hasara alınmışdı. Kiçik taxta qapısı cəftəylə bağlanardı. Müdiriyyətdən bizə bərk-bərk tapşırmışdılar ki, ehtiyatlı olun, o tərəfə keçməyin, ilan-əqrəb olar, sizi sancar.
   
   Bir gün yenə analarımız təzə "Latviya"ya doluşub bələdçi İsmayılla Abşeronun "qarışıq mallar" mağazalarına ekskursiya edəndə, biz, yəni bir dəstə oğlan uşağı, arxa həyətə keçib vəziyyətlə yerində tanış olmaq qərarına gəldik. İlanlar qarşımıza çıxmadı. Amma gördük ki, hasarın dibində köhnə "QAZ-51" markalı yük maşını dayanıb. Sonradan öyrəndik ki, nə vaxtsa işlək olan bu maşın köhnəlib əldən düşsə də, istismar müddəti tam bitmədi-yindən idarənin balansından silinməyib. Odur ki, qoyublar əldəyməz, güngörməz yerə. Əvvəllər İsmayıl kişi hərdən o maşında ehtiyatla nəsə aparıb gətirərmiş. Amma təzə mikroavtobusu alandan yük maşınının yükündən canı biryolluq qurtarmışdı. "QAZ-51" neçə vaxtdı hasarın dibində lal-dinməz qalmışdi. Şahin də (Ənvər Əlibəylinin oğlu, ən yaxın uşaqlıq və gənclik dostum-E.B.), mən də o dövrün bütün yeniyetmələri kimi, maşın sürməyə həvəsliydik. Bir yekə mıx tapıb yaxşıca döyəclədik. Bu oldu bizim açarımız. Qapını açıb sevincək içəri doluşduq. Sükanı yerində fırlada-fırlada balaca uçaqlar kimi xəyalən haralara getmədik?! Amma, maşını işə sala bilmədik. Yatmış təkərlərinə köməkləşib hava vurduq. Bir qədər sonra hamının hövsələsi qaçdı. Hava çox isti idi. Kabinə od tutub yanırdı. Dostlarımız bizdən ayrılıb getdilər, Şahinlə mən tək qaldıq. Niyyətimiz maşını işə salıb həyətdə sürmək idi. Əslində sürüləsi yer də yox idi. Sadəcə, 10-15 metr arxaya-qabağa gedə bilərdik. Çox əlləşdik və nəhayət istəyimiz alındı. Yerindən atıla-atıla "QAZ-51" hərəkətə gəldi. Hər halda nəfsimizi öldürdük. Amma maşını əvvəlki yerində saxlaya bilmədik. Əyləc nasaz olduğundan gedib qonşu hasara dəydik. Bizə bir şey olmadı. Maşının qabaq buferi bir az əzildi. Faranın şüşəsi sınıb qumluğa töküldü. Yaxşı ki, hasar uçmadı.

TƏQVİM / ARXİV