LƏPiRLƏRiMiZiN GÖYƏRƏCƏYiNƏ üMiD VERƏN KiTAB

ƏBÜLFƏT MƏDƏTOĞLU
32229 | 2007-12-07 02:48
Qəribədir, insan ömür boyu arzularla, ümidlərlə yaşayır. Bu arzular, ümidlər bəzən sonsuzluğa söykənir, bəzən reallığa, bəzən də elə bizləri "yola verən" yuxulara. Doğrusu, hərdən fikirləşirəm, əgər məni dəli edən yuxularım olmasaydı doğulduğum və 16 ildən artıqdır ki, həsrətini çəkdiyim ocağa necə baş çəkərdim? Necə o yurdun pərvanəsinə çevrilərdim?..
   
   Düşünməyin ki, bədii təxəyyül və yaxud poetik duyğular başıma vurub. Xeyr. Təkcə mənim yox, elini-obasını itirmiş hər kəsin güzarını o yerlərə salan yalnız yuxulardır... Yuxular, yuxular... Aqillər deyib ki, yuxunu suya söylə. Su aydınlıqdır, su paklıqdır. Amma aqillərin xətrinə dəyməsin, tay sular da bezib bizdən. Özü də hardadır o dupduru sular. Bu gün Bakıda müxtəlif çeşidlərdə zühr eləmiş suların, lap elə evdə, məişətdə istifadə etdiyimiz suların tərkibində xlordan tutmuş nəmənələrə, o qədər qarışıqlıqlar var ki... O suların aydınlıqlar olduğuna heç kim məni inandıra bilməz. Lap, necə deyərlər, Qurandan don geyinsələr də...
   
   Yollar özü də ümiddir. Çünki səni bir məqsəd, bir arzu dalınca, bir istək ünvanına aparır. Amma vay halına o yolun ki, önündə bir " STOP" işarəsi qoyulub və yaxud bağlanıbdı. Bax, yenə necə deyərlər, Kərəmi onda ağlamaq tutur. Ciddi cəhdlə, qaçdıqovla, tələsə-tələsə o yolun nəfəsini kəsməyə çalışırsan, sonuna çıxmağa çalışırsan, sənin nəfəsin kəsilir, sənin sonun yaxınlaşır. Bax, bu məqamda da ümid ətəyindən tutduğum Tanrıya, bir də xatirələrə... yuxulara qalır.
   
   Mənim qarşımdakı kitab bir xatirənin, bir yuxunun, bir ümidin, bir yolun, bir şairin, bir peşəkar jurnalistin həm özüdü, həm əksi, həm batilidi, həm xarici, həm görünüşüdü, həm duyğuları, həm Flora Xəlilzadədir, həm də Zəngəzur həsrəti ilə yaşayan bir yurd niskillisi...
   
   "Yolum düşə Zəngəzura"... Bu kitab təqribən bir ay bundan öncə mənə hədiyyə olub. Çox səmimi bir avtoqraflı. Yazılıb ki, "qələminə, poetik duyğularına böyük rəğbətim olan vətən oğlu Əbülfət Mədətoğlu üçün müəllifdən xoş arzularla". Amma açığını deyəcəm. Müəllifin mənə nə qədər xoş arzular dilədiyini bir Allah, bir də özü bilir. Amma mən bu kitabı əlimə aldığım gündən ordakı görüntülər, ordakı ifadələr, bir sözlə, oradakı Zəngəzur məni çıtır-çıtır yandırdı. Qaytardı Qarabağa, qaytardı Tuğa, qaytardı nəslimin ana xəttinin bağlı olduğu Dərələyəzə... Vallah-billah, bu kitab mənə xoşluqdan çox xatirə yükü, dərd yükü gətirdi. Bunun üçün Flora xanımı qınamıram. Bu mənim taleyimdi. Allah dərdi çəkənə verir...
   
   Çox nəfis şəkildə "Araz" nəşriyyatında çap olunmuş "Yolum düşə Zəngəzura" kitabının ön sözünün müəllifi filologiya elmləri doktoru, professor İsmayıl Vəli Öməroğludur. Və müəllifin oxuculara müraciətində də bu kitabın dünyaya gəlmə səbəbi, oxucu qapısını döymək istəyi çox qəmli, amma inandırıcı bir notlar üzərində köklənib. Flora xanım yazır ki, "Ömrümün elə həddinin, səddinin kənarında dayandım ki, son mənzilə uzanan yolun qısaldığını duydum. Olumdan ölümə tələsdiyimiz bir üzü yaz, bir üzü qış olan bu dünyanın etibarına, vəfasına ümidim qalmayıb..." Bax, bu sözlərdən sonra hünərin var oxuma bu kitabı, görüm necə oxumursan. Mən Flora xanımın bu kitabını oxuduqca Zəngəzur ellərinin saytal kişilərindən tutmuş, dağ zirvəli alimləriinə, gənc pöhrələrinə, Azərbaycanı təmsil etmək haqqı qazanmış simalarına və nəhayət bu gün əlimiz çatıb, ünümüz yetməyən yurdlarımıza, and yerlərimizə sanki bir oxucu-Zəngəzur arasında körpü yarandığını hiss etdim, ürəyimlə o yerlərin, o ünvanların, o simaların bir-birinə sarmaşıq kimi dolaşan duyğuların təsir dairəsində qaldım.
   
   Bu kitabda tanıdığım tanımadığım neçə-neçə nurlu sifətlərin, işıqlı gözlərin sehrinə düşdüm. Bəzilərini tanıdığımdan bu doğmalıq bir az da şirinləşib ballaşdı. Bəzilərini yenidən tanıdım, bəzilərini də bu günədək tanımadığım üçün təəssüfləndim. Amma hər halda, bu kitab Flora xanımın dediyi kimi, artıq ömür payının yönü qüruba olan hissinə üz tutmuş məni - mən adlı oxucunu öz kəməndinə möhkəm saldı, bağladı bəndi bərəni. Bilmirəm bu duyğulardan, bu hisslərdən nə vaxt, necə qurtulacam... Amma bircə bildiyim odur ki, bu cür kitablar həm tarixdir, həm etnoqrafiyadır, həm coğrafiyadır, həm ədəbiyyatdır, həm mədəniyyətdir və bütövlükdə bir elin, bir obanın aynasıdır, mənzərəsidir. Oxuduqca keçmişlə bu günün arasında fikirli-fikirli dağı arana, aranı dağa daşımaq dözüm istəyir. Ona görə də bu kitabı oxuyan hər kəsə və öncədən öncə isə Flora xanıma dözüm arzulayıram...
   
   ... Yol ümiddir. Yol yolçusu ilə gözəldir. Kaş yollarımızda ot bitməsin. Bu gün üzü Zəngəzura, üzü Qarabağa, üzü cümlə işğal olunmuş ünvanlarımıza doğru uzanan yollarımızda ayaq izlərimiz, ləpirlərimiz göyərsin. O ümidlərin, o ləpirlərin göyərəcəyi ümidi ilə:
   
   

TƏQVİM / ARXİV