adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

GERÇƏKLİYİNƏ İNANILMAYAN GERÇƏKLƏR...

BABƏK YUSİFOĞLU
39848 | 2014-11-04 02:14
"Mən ruhun ölməz olduğunu sübut etmək üçün göndərilmişəm..."

Bəzən insanlar eşitdikləri hər şeyə inanırlar və onları fikirlərindən heç cür daşındırmaq mümkün olmur. Bəzən isə insanlar gözləri önündə baş verənlərə elə şübhə ilə yanaşarlar ki, onlara həmin gerçəkləri anlaması üçün böyük zaman və çaba lazım olur. Bəlkə də "İnsanlar inanmaq istədiklərinə inanırlar" - məşhur kəlamı elə bu üzdən yaranıb. Kim bilir?..
Hansı ədəbiyyatdasa oxumuşdum ki, inanıb-inanmamaq halı insanın intellekti və məntiqi ilə bağldır. Əslində bu fikirlərlə razılaşmaq mümkündü. Çünki inanıb-inanmaq üçün hər hansı bir qənaətin olması vacibdir. Amma bəzi reallıqlar tamam fərqli bir mühitin mövcudluğunu da göstərir. Belə ki, elə hadisələr baş verir ki, güclü mühakimələrə, dərin məntiqə malik şəxsiyyətlər, alimlər belə baş verənlərə, gözləriylə gördüklərinə birmənalı tərzdə yanaşa bilmirlər. Hətta anlamaqda çətinlik çəkirlər...g
Elə bir çoxları kimi Daniel Homa da vaxtıyla hər kəs eyni cür qiymət verməmişdi. Uzun zaman bu qeyri-adi insanın göstərdiyi fenomen hərəkətlərə inanmamışdılar. Hətta gözləri ilə görsələr belə. Özü də təkcə XIX əsrin sadədil, savadsız adamları deyil, dediyim kimi, dövrün ən savadlı, ən məşhur, ən tanınmış, titullu şəxsiyyətləri belə gözləri qarşısında baş verənlərə inanmaqda çox çətinlik çəkmişdilər...
Hələ də bir çoxları Deniel Homun, eləcə də saysız-hesabsız digər fenomen insanların, yaxud təzahürlərin gerçəkliyinə şübhə ilə yanaşırlar. Məncə hər kəs Tanrının yaratdıqlarını insan idrakının fövqündə dayandığını dərk etməlidir. Və hər bir fenomen təzahürü olduğu kimi qəbullanmalıdır...
Bəs insanları inanılmaz heyrətlər içərisində buraxan Deniel Dunqlas Hom kim idi?..


(Əvvəli qəzetin 28 oktyabr sayında)

Homun Avropa turnesi zamanı Haaqada göstərdiyi seansların iştirakçısı olan kraliça Sofiya gördükləri barədə bunları yazırdı: "Mən onunla dörd dəfə görüşmüşəm. Sonuncu seansada mənim barmağıma görünməz bir əlin toxunduğunu hiss etdim. Gördüm ki, ağır üzük mənim barmağından çıxaraq başqa birinin barmağına necə taxılır. Sonra isə dəsmalım uçaraq getdi. Mənə qayıtdıqda isə bir ucu düyünlənmişdi... Bu ağbəniz, gənc, cəlbedici adamın xəstə görnüşü vardır. Onun xarici görnüşündə adamı məftunedəcək və ya qorxudacaq heç nə yoxdur. Bu çox maraqlıdı... Mən çox şadam ki, onunla tanış olmuşam".

ŞÖHRƏTİN DAHA BİR SİRRİ

Bəli, Deniel trans vəziyyətinə girir və bundan sonra elə həmin məkanda elə qeyri-adi hadisələr baş verirdi ki, insanı heyrətlə bərabər vahimə də bürüyürdü. Ətrafdakı əşyalar, böyüklüyündən və ya kiçikliyindən asılı olmayaraq, özləri hərəkətə gəlir, uçuşur, havadan asılı vəziyyətdə qalır, mediumun işarəsi ilə sirli səslər eşidilir, dünyadan köçmüş şəxslərin ruhları danışmağa başlayır, adi cisimlər görünüşünü dəyişir... Onun bədənin həcmi böyüyür, buxarıdakı yanar közləri yalın əllə götürüb alnına, üzünə qoysa da nəinki ağrı hiss etmir, hətta köz bu adamın dərisində kiçicik bir iz belə buraxmır...
Onu yoxlayan, test edən, sınaqdan çıxaran çoxlu sayda fizika, kimya alimləri, tanınmış psixoloqlar, yazıçılar, jurnalistlər, eləcə də monarxlar sonda bir həqiqəti təsdiq etmək məcburiyyətinə qalırdılar: Homun etdiklərinə inanmaq mümkün olmasa da bir gerçəkdir. Zahirən adi bir insanın belə möcüzələr göstərməsi ilə reputasiyalarının zədələndiyini düşünən din xadimləri isə mediumu ifşa etmək üçün dəridən qabıqdan çıxırdılar. Amma boşuna.
Ümumiyyətlə izləyiciləri tərəfindən bircə dəfə də fırıldaq faktı irəli sürülməyən Deniel Dunqlas Homsa qeyri-adi bacarığa malik olması ilə yanaşı təvazökarlığı, əxlaqı, doğruçuluğu, yardımsevərliyi... eləcə də digər mənəvi keyfiyyətləri ilə bütün dövrlərin və xalqların möhtəşəm mediumu adını qazandı.

MEDİUM VƏ RUSLAR...

Yeri gəlmişkən onu da qeyd edim ki, Hom Rusiya imperatoru II Aleksandrın da sarayında olmuş, hətta monarxın ailəsi tərəfindən çox böyük hörmətlə qarşılanmışdır. Bioqraflar onu da yazır ki, medium iki dəfə evlənib və hər iki izdivac rus kökənli qadınlarla olub. İlk nikaha 1858-ci ildə aristokrat bir ailənin 17 yaşlı qızı - Aleksandra de Krolli, ikincisi və sonuncu nikaha isə 1871-ci ildə, Sankt-Peterburqda bəyəndiyi Yuliya Qlumelina ilə girmişdi. Deyilir ki, Deniel Dunqlasın 1862-ci ildə vərəmdən vəfat edən arvadı Aleksandradan dünyaya gələn körpəsinin xaç anası imperatiriçə özü olub (Onun tək bir övladı olduğu göstərilir) .
Onun Rusiyada göstərdiyi möhtəşəm seanslarında da sadə insanlarla yanaşı elm adamları, yazıçılar, naşirlər... bir sözlə tanınmış şəxslər iştirak etdi. Əksər tamaşalarının təşkilatçıları isə tanınmış yazıçı Sergey Aksakovun yaxın qohumu, jurnalist, naşir Aleksandr Nikolayeviç Aksakov və məşhur kimyaçı alim, Kazan İmperator Universitetinin rektoru Aleksandr Mixayıloviç Butlerov idi.
Yeri gəlmişkən, həmin seansların birində olan, məşhur rus yazıçısı və şairi, həmçinin Peterburq Elmlər Akademiyasının müxbir üzvü Aleksey Konstantinoviç Tolstoy müşahidə etdiklərindən heyrətə gələrək bunları yazdı: "Hom havaya qalxdı. O, tamaşaçıların üzərində havadan asılı vəziyyətdə elə qalmışdı ki, mən onun ayaqlarıını tuta bilərdim".

HOM SEANSLARA
BİRDƏFƏLİK SON VERDİ

Çox gənc yaşlarındaykən şöhrətin zirvəsinə çatan Deniel Hom uzun müddət yolunu davam etdirmədi. Bir neçə ildən sonra - cəmi 38 yaşında olarkən seanslara son verdi. Çünki səhhətində ciddi problemlər yaranmağa başlamışdı. Və həmin göstərilər ona asan başa gəlmirdi. Transa girdiyi zaman medium inanılmaz psixoloji gərginlik içərisinə qapılırdı. Onsuz da xəstə olan orqanizmi isə belə enerji itkisini qaldıra bilməzdi.
Deniel Hom üzərində işlədiyi spiritualizmlə bağlı əsərini 1877-ci ildə çap etdirdi. "Spiritualizmin işığı və kölgəsi" adlanan həmin kitab çox maraqla qarşılandı, amma şöhrətinin üstünə şöhtər gətirmədi. Çünki insanlar üçün bu fenomen insanın seansaları yazdıqlarından qat-qat maraqlıydı. Hətta gözləri ilə gördüklərinə inanmasalar belə...

FENOMENLƏR DƏ ÖLÜM QARŞISINDA ADİLƏŞİRg

1886-cı ildə, yazın sonlarında mediumun xəstəliyi şiddətləndi. Çox qısa zamanda da - iyunun 21-də, cəmi 53 il əvvəl gəldiyi dünyadan köçüb getdi. Dostları, yaxınları onu pravoslav adətlərinə görə Sen-Jermen qəbiristanlığında dəfn etdilər. İllərlə hər kəsin heyranlıqla baxdıqları bu fenomen insanın başdaşında cəmi bir cümlə yazıldı. "Ruhlarla yenidən görüşənədək". Axı, o, ruhlarla da danışardı...g
Əslində Deniel Dunqlas ölümə ölüm, yox olma kimi baxmırdı. İnanırdı ki, ruhlar ölmürlər. İnanırdı ki, bəzilərinə bəxş edilən qeyri-adi güc insanları Yaradana daha çox yaxınlaşdırmağa xidmət göstərir. Bəlkə elə bunun üçün həmişə deyirdi: "Mən bütün varlığımla inanıram ki, bəxş edilən bu güc günbəgün artaraq bizləri Allaha yaxınlaşdıracaq. Bu güc bizləri öyrədir ki, sevgi elə O-nun özüdür və ölüm mövcud deyil".


TƏQVİM / ARXİV