"Hər kəsi öz ayağından asın, məni də ürəyimdən"

ƏBÜLFƏT MƏDƏTOĞLU
23994 | 2007-12-05 00:27
Qəzetlərdə, televiziyada şad xəbər oxuyub, eşidəndə başqalarını deyə bilmərəm, şəxsən mənim ürəyim səksənir. Necə deyərlər sümüyüm şırtığa gedir. Özümdən asılı olmayaraq sağa-sola boylanıram ki, görüm gözümə kim dəyir. Sevincimi onunla bölüşüm, xəbəri ona da çatdırım. Doğrudur, bu həmişə mənə müəssər olmur, yəni hərənin o qədər qayğısı, problemi var ki, başı qarışır, gözə görünməyə imkan tapmır. Amma gördüklərimdən də əl çəkmirəm. Mütləq xəbəri sonuncu vergül, nöqtəsinə kimi, özü də şərhlərlə çatdırıram və ondan sonra budaqları bar gətirmiş ağac kimi bir az özümü çəkib otururam...
   
   Doğrudur, mətbuatda, efirdə həmişə şad xəbər olmur. Təbii ki, bunun bir səbəbi də cəlb olunduğumuz müharibədir. Odur ki, "Xəbərlər" proqramı başlayan kimi mütləq atəşkəsin pozulması barədə diktorun elanını eşidirik. Bu bir az adamın qanını qaraldır. Amma neynəmək olar. Müharibədi də... Özü də adı, əvvəli və sonu mücərrəd olan bir müharibə. Ona görə mücərrəd deyirəm ki, dünyanın gözü qarşısında haqsız at oynadır, özgə torpaqlarını ilhaq edir, xristian qardaşlığı və digər məlum və qeyri-məlum səbəblər dünyanın gözünü tutur, özü də elə möhkəm tutur ki, iynə ucu boyda işıq da düşmür və bu kor dünya da (söhbət dünyanın böyük dövlətlərindən, söz sahiblərindən gedir) kor gözləriylə qaraya-qara, ağa-ağ deyə bilmir. Cəhənnəmə desin... Onsuz da dünya belə gəlib, belə də gedir, rəhmətlik Cəfər Cabbarlı demişkən, "Buynuzsuz qoçun qisası buynuzlu qoçda qalmır". Yəni bilmək olmaz hələ bu xəmir nə qədər su aparacaq və yerin, göyün sahibi hansı qərarı verəcək...
   
   Bəli, qayıdaq mövzumuza. Dünənki, qəzetlərimizdə oxudum ki, bu ayın sonunda əfv fərmanı imzalanacaq. Millət vəkili, əfv komissiyasının üzvü, şair Vaqif Səmədoğlu öz açıqlamasında bildirib ki, bəs artıq məsələlər bir növ çözülüb, müraciətlərə baxılıb və yaxın günlərdə bu barədə ombudsman da prezidentə müraciət edib... və bir də komissiyanın hazırladığı siyahı da Prezident Aparatına göndərilib...
   
   Həqiqətən sevinməli xəbərdi, Allah heç kimin qapısını bağlamasın, bütün bağlı qapılar açılsın, loru dildə desək, həsrətlilər vüsalına yetişsin. Deməli, əfv olacaq. Çox gözəl, çox pakizə.

TƏQVİM / ARXİV