adalet.az header logo
  • Bakı 12°C

SALAT

VAHİD ƏLİFOĞLU
23647 | 2007-12-01 06:36
"... Sənin bir işin-gücün yoxdu?.."
   
   "Bəyin oğurlanması" filmindən.
   
   ... Əvvəlcə Nüşabə xanım elan etdi ki, "toy məktəbi" ona məxsusdu və hansı "manısın" "toy kralı" olmaq arzusu varsa zəhmət çəkib mənimlə əlaqə saxlasın, yəni Nüşabə xanımla. Sonra Cavanşir bəy, Ruhəngiz xanım, Nadir bəy və s. ekrandan bütün qəzəblərini tökdülər üstümüzə, yəni tamaşaçıların üstünə. Cavanşir bəy dedi ki, "toy məktəbi"ndə kim dərs almaq istəyirsə şəxsən ona mürciət etsin, çünki Nüşabə xanımın məktəbi olsa-olsa kollec kimi bir şeydi... Başınızı ağrıtmıram, məlumat aldıq ki, Nadirin institutu, Ruhəngizin universiteti var. Və hər ikisi də iddia etdi ki, Nüşabə xanımın məktəbi olsa-olsa texnikum səviyyəsində ola-olmaya...
   
   ... Dərhal keçən ilki "Abituriyent" jurnalını götürüb vərəqlədim orda bu məktəblərin heç birinin adına rast gəlmədim. Ya bu məktəblərə qəbul gizli keçirilir, ya da jurnalı çap edən nəşriyyat çox kobud səhvə yol verib...
   
   "Bağlama", "Məhkəmə", "Fərda-şou" verilişlərinə baxanda müəlliflərə, yaradıcı kollektivə adamın yazığı gəlir... Amma burda da təqdir etməli nüanslar var... Bunlardan da duzsuz veriliş hazırlamaq ümumiyyətlə mümkün deyil... Belə verilişləri hazırlamaq da istedad tələb edir... Qəzetlərdə oxudum ki, Rusiya kanallarının məmləkətimizdə yayımlanması ətrafında mübahisələr gedir. Qardaş, Rusiya kanalına nə ehtiyac var. "Space" elə Rusiya kanalıdı, də...
   
   ... Yəni doğrudanmı, biz bu qədər zövqsüz, "çöpəgülən" olmuşuq. İndi Rafaellə, Coşquna baxanda adam ağlamaq istəyir, nəinki gülmək... Şitdən də şit...
   
   Rəhmətlik Brejnevin sağ vaxtında belə bir zarafat düzəltmişdilər ki, amerikalılar Baş katibin qurultaydakı iki saatlıq çıxışını analiz ediblər və məlum olub ki, bir saat əl çalıb, yarım saat kişi ağzını marçıldadıb, on beş dəqiqə nəfəsini dərib... Söz deyib cəmi on beş dəqiqə...
   
   ... Yığma futbol komandamızın oyununun şərhçisi saydım ki, on dəfə "Allah aman dı", yeddi dəfə "çox şükür", altı dəfə "bəxtimiz gətirdi", dedi...
   
   ... Muğam müsabiqəsinə baxdıqca sevinməyə bilmirsən. Və bu musiqi nümunələrinə baxıb, dinləyib hazırda kanalları "işğal" etmiş mahnılarla, musiqi parçaları ilə nə qədər "itirdiyimizi" bir daha yəqinləşdirirsən... Doğrudan da ən yaxşı təzə, elə ən yaxşı köhnədi... Amma... Bu "amma"nın qətiyyən "Muğam müsabiqəsinə" aidiyyatı yoxdu. Sənətkarlarımız Əlibaba Məmmədovun, Arif Babayevin, yazdıqları mahnılar səsləndi. Əvvəlcə Arif Babayev Əlibaba Məmmədovu təmtəraqla təbrik etdi, sonra da Əlibaba müəllim Arif müəllimi qaldırdı uca dağların başına... Yekunda Ramiz Zöhrabov hər iki mahnını xeyli analiz etdi. Məsələn: hansı muğam üstə yazılıb, kimlər bu mahnıları oxuyub və s. Olsun. Həqiqətən hər iki mahnı gözəl mahnıdı... Həmin gün Bəhram Nəsibovun da mahnıları oxundu. (Vallah, mənim Bəhram Nəsibovla "salaməleykümüm" də olmayıb heç vaxt - V.Ə). Nə hörmətli sənətkarlarımız dilləndi, nə də Ramiz müəllim mahnının müəllifinin kim olduğunu dedi...

TƏQVİM / ARXİV