BU, OQTAY RZADIR - 80 YAŞINA GƏLİB ÇATDI

VAQİF YUSİFLİ
50711 | 2014-11-01 01:06
Bu adamı bütün yazıçılar mühiti sevir, onsuz heç bir ədəbi məclisin və "Natəvan" klubunda keçirilən tədbirlərin ləzzəti, dadı-duzu olmaz. Həm aydın, səlis nitqi, şux zarafatları, həm də eynəksiz şeir oxumağına çoxdan alışmışıq.
1934-cü ilin 2 noyabrında, Salyanın Qalalı kəndində dünyaya göz açıb. Salyan şəhərində orta məktəb bitirəndən sonra Azərbaycan Sənaye İnstititunun geoloji-kəşfiyyat fakültəsinə daxil olub. On il neftçi-geoloq kimi çalışıb, ruzusunu "qara qızıl"dan çıxarıb. Elmi-tədqiqat işi müdafiə edib, geologia-minerologiya elmlər namizədi olub. Uzun müddət APİ-də, coğrafiya fakültəsində müəllimlik edib, dosent vəzifəsində çalışıb İndinin özündə də institutla bağlılığı zəifləmir. Axtarsan, Azərbaycanın hər bir bölgəsində onun tələbələri ilə rastlaşarsan.
Bu onun rəsmi bioqrafiyası.
Amma Oqtay Məhərrəm oğlu Rzalının tərcümeyi-halı bu bir neçə cümlə ilə məhcudlaşa bilməz. Ədəbiyyat aləmində Oqtay Rza kimi tanınan şairimizin əsl tərcümeyi-halı onun mətbuatda çap etdirdiyi, kitablarına hopdurduğu yüzlərlə şeirlərindədir. Bu şeirlərdə mənsub olduğu xalqın bir oğlu kimi Oqtay Rzanın həyata, gözəlliklərə, millətinin şanlı tarixinə, elinə-obasına böyük məhəbbətinin yaşantıları ilə qarşılaşırıq. Öncə millətini sevən bir Azəri türkünün nidasını eşidirik:

Bütün nəticələr səbəbdən gəlib,
"Ənəlhəqq" harayı Hələbdən gəlib,
Dinim, etiqadım ərəbdən gələb,
Dilim ta əzəldən özümünküdür!

Təbriz-qarmağında zorun, zillətin,
Göyçə-tapdağında "yazıq millət"in,
Dərbənd-caynağında mütləqiyyətin,
Qədim Borçalını görmək çox çətin,
Bölünmüş məmləkət özümünküdür!

Bəzən dost bildiyin çevrilir yada,
Ya da keçmişini heç salmır yada,
"Ov", "yev" soyadımdan bərk yapışsa da,
Millət həmişəlik özümünküdür!

Ayrılıq çayıtək Araz seçilib,
Şərabla bərabər qan da içilib,
Zaman böyüdükcə ölkəm kiçilib,
Dövlət həmişəlik özümünküdür!

Oqtay Rza ədəbiyyata hələ yeddinci sinifdə oxuyarkən Salyan rayon qəzetində çap etdirdiyi "1 May" şeiri ilə gəlib. Onda qırxıncı illərin sonlarıydı, balaca boylu, amma gözlərindən işıq və sevgi yağan Oqtay Salyanda özündən bir neçə yaş böyük olan gənc şairlər - Əliağa Kürçaylı və Ağacavad Əlizadə ilə dostluq edir, onlardan çox şey öyrənirdi. 1952-ci ildə, on səkkiz yaşı olanda böyük şairimiz Səməd Vurğun Azərbaycanın müxtəlif bölgələrində yaşayan gənc əli qələmliləri öz yanına dəvət etmişdi, onlara şeirin-sənətin çətin yollarından, şərəfli missiyasından söz açmışdı. Oqtay Rza da bu dəvət olunanlardan biri idi. Sonralar, ədəbi mühitə alışandan sonra Oqtay Rzanın həyatında silinməz izlər buraxan sənətkarlar olacaq: Rəsul Rza, Süleyman Rüstəm, Məmməd Rahim, Mirzə İbrahimov, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Qabil, Xəlil Rza, Məmməd Araz, Hüseyn Arif...gDeyərdim ki, özündən xeyli cavan olan yazarlarla da dostdur, onların məclislərində həmişə başda oturur. Bu - Narıngül, bu - Dayandur, bu - Əsəd, bu - Qəşəm, bu - Şəfəq, bu - Balayar, bu - Mübariz...gbir sözlə, hamı Oqtay müəllimi sevir.
Mənim isə Oqtay müəllimlə tanışlığım onun bir şeiri ilə başladı. O şeirin birinci misrası belə idi: "Məndən yuxarıda qövsi-qüzeh var". O şeiri oxumuşdum və onun müəllifi Oqtay Rzanı görmək istəyirdim. Günəş şüalarının havadakı yağış damcılarından keçərkən sınması nəticəsində göydə görünən yarımdairə şəkilli qurşağ-göy qurşağı - qarı nənə örkəni uşaqlıqda həmişə məndə heyrət oyadıb. Sonralar hansı şeirdə, hansı misrada bü qövsi-qüzehdən yaranan oğrazlı təşbihləri görürdümsə, gözlərim qarşısında o mənzərə canlanırdı.

Məndən yuxarıda qövsi-qüzeh var,
Məndən aşağıda gözəl bir tala.
Əlvan xalıların üstündə şeh var,
Bürünüb hər tərəf ala, yaşıla.

Güllər bənövşəyi, sarı, mavi, ağ...
Zolaqlar işığın yeddi rəngitək.
Ətirlə doldurur sinəmi torpaq,
İlham ürəyimdə coşur "Cəngi"tək.

Heyranam hüsnünə dağın, dərənin,
Göyə də baharın izi düşübdür.
Sanki vurulduğum bu mənzərənin
Səma güzgüsünə əksi düşübdür.

Oqtay Rza təbiət vurğunudur, səyahət eləməyi, gəzib-dolanmağı çox sevir, nəinki Azərbaycanı, keçmiş SSRİ məkanını da seyr etməkdən yorulmayıb, indinin özündə də rayonlara, kəndlərə güzar eləyir. Onunla bir neçə dəfə rayonlara çıxmışıq, gəlişini gözləyənlər olub.
Təbiəti duya bildiyi üçün şeirlərində də o hissləri, o duyğuları yaşada bilir. Onun şeirlərindəki poetik təbiət mənzərələri, dünyanın rəngarəng peyzajları, bəzən suyun şırıltısı, biçənəklərin xoş ətri, yağışın səsi aydınca duyulur.
Onun "Günəşin adından" adlı bir şeir kitabı var. Bu kitabı "Azərbaycanın şeirlə yazılmış canlı xəritəsi" adlandırsam, səhv etmərəm. Ona görə "canlı xəritəsi" deyirəm ki, Oqtay Rzanın Azərbaycana, onun hər qarışına vurğunluğu bu şeirlərdə bəzən poetik ekstaz səviyyəsinə qalxır:

Sevməyən adamın heç nəyi yoxdur,
O necə bülbuldur-ötməyi yoxdur?

Başqa bir şeirində yazır ki:

Sarı köynəyini geyinib bağlar,
Meşədə yarpaqlar xəzələ dönüb;
Heyranı olduğum dilbər qovaqlar,
Şalını itirən gözələ dönüb.

Adətən, şairlərin adları qarşısında "təbiət şairi", "vətənpərvər şair", "gözəllik şairi" və s. təyinlər işlədirlər. Oqtay Rza mən deyərdim, bunların hamısına aid olan bir şairdir. Dəfələrlə döyüş bölgələrində olub, əsgərlər qarşısında şeir oxuyub, oğlunu da elə bu ruhda böyüdüb. Onu bir neçə dəfə Şəhidlər Xiyabanında, məzarlar önündə baş əyən görmüşəm. Sonralar bu ehtiram şeirlərə çevrilib:

Bizdən uzaqlaşan vaxt karvanında
Hönkürüb ağlayır sanki Nizami.
Müqəddəs Şəhidlər Xiyabanında
Çünki dəfn olunub iki Nizami.
Yanaşı uzanıb iki qəhrəman,
Ölüm onlara da verməyib aman.
Kömək istəyirdi torpaq, el, mahal,
Ağdam, Qaraqaya, Gülablı, Abdal...
Qoçaq Nizamilər birgə an içib,
Qarabağ uğrunda canından keçib.

Oqtay Rzanın şair ilhamı bütün mövzularda öz poetik əksini tapır, yəni, o, nədən yazırsa-yazsın, o şeirdə həmişə yeni bir fikir söyləməyə çalışır, əksər hallarda buna müvəffəq olur. Dəfələrlə deyilmiş fikirlərə təzə rəng, naxış vurmağı bacarır. Onun şeir yolu, fərdi üslubu Səməd Vurğun yoludur. Amma bütün şeirlərində Oqtay Rzanın özünü görərsiniz, çünki təqlidçilik ona yaddır. Məsələn, doğmalıq haqqında çox şair söz deyib, amma Oqtayın "Doğmalıq" şeiri bu mövzuda mənə təzə göründü:

Üç gündür ki, ayrılmışam şəhərdən,
Kəndimizin körpəsiyəm yenə mən.
Gəldim açım ürəyimi ona mən,
Alqışında, gileyində doğmalıq!
Hörmət, izzət dədə-baba irsidir,
"Tərəkəmə" toylarının səsidir.
Eşqi sönmüş ocağı da isidir,
Sərt qışında, küləyində doğmalıq!

Hey baxıram saçı dümağ qadına,
Çünki əziz bibim düşür yadıma.
Adam necə oxşayarmış adama,
Baxışında, taleyində doğmalıq!

Şair dünyanın dərdini öz ürəyinə yığan və bu dərdlərlə yaşayan bir əzabkeşdir və Oqtay Rza da bu əzabkeşlərdən biridir. "Dünya yaman yiyəsizsən" şeiri bu zamana, bu çağlara aiddir. "Əkslik" şeirində də dünyanın təzadları əks olunur. Bəzən o, müəyyən bir sözə poetik rəng də qata bilir. "Qara" şeirini götürək:

Qara adam. Qara torpaq. Qara şum.
Qara gözün ümmanında boğulum;
Arzuya bax" "Günahımı, səhvimi",
Yumaq üçün kaş təzədən doğulum.

Qara dəniz. Qarabulaq. Qaraçay.
Qayaları qılınc kimi yar, a çay!
Soyuq cavab od qalayıb içimdə,
Sinə gərər ildırıma qara dağ!

Qaraqaya. Qaraoğlu. Qaraçöp.
Qaranlığa ürəyimdən işıq səp!
Oqtay, sən də nəğməsində, adında
Yurdu, nəsli yaşadanı qucub öp!

Son illərdə Oqtay müəllimin yaradıcılığında iki məqamı müşahidə edirəm. O, çoxlu ithaflar yazır və tanıdığı, hörmət və dostluq etdiyi müxtəlif sənət adamlarını mədh edir. Bəzən bunu ona irad tuturlar. Amma bunun nəyi pisdir ki? Qoy yazsın. Kiminsə yubileyində, kiminsə toy məclisində Oqtay Rza şeir deyir, kimisə təbrik edir. Bunun nəyi pisdir ki? İkinci bir məqam da odur ki, Oqtay Rza Azərbaycan poeziyasının rübai janrına tez-tez müraciət edir. Çalışır ki, bu yığcam formada təzə söz deyə bilsin. Rübailəri də mövzuca rəngərəngdir. Əgər Oqtay Rzanın necə bir şair olduğunu bilmək istəyirsinizsə, onun rübailərini oxuyun. Oqtay Rza yaradıcılığına müəyyən rəng qatan incə, xəfif yumor hissi bu rübailərdə də yaşanır:

Tikanı gül kimi iyləyənlər var,
Bülbülə torağay söyləyənlər var.
Məhəmməd Füzuli eşitsin: - İndi
Salamı mükafat eyləyənlər var.

Çıxdı qabağıma tanış bədnəzər,
Uzun yalanından özü də bezər.
Çoxüzlu mineral qiymətli daşdır,
Çoxüzlü adamın əlindən həzər!

Oqtay Rza səksən yaşına gəlib çatdı. Maşallah, yenə gümrahdır, yenə məclislər onsuz keçmir, yenə şeir deyir. O, bu sənət aləminin Oqtay Rzalısıdır. Onsuz bir günümüz olmasın!

TƏQVİM / ARXİV