adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

BİR GÜN SƏNİ TANISAM...

VƏSİLƏ USUBOVA
26534 | 2014-11-01 01:56
Necə olacaq halım?! Sənin indiki gününəmi düşəcəm?! Halına baxanda ürəyi ağrıyır adamın. Doğrudanmı, indiyəcən belə saf qalmısan? İnsan adlanan müqəddəs (?!) varlığın içindəki gizlinlərdən bixəbər olmusan?! İnandırıcı deyil, vallah. Elə ayıq-sayıq zəmanədə yaşayırıq ki, bir neçə dəqiqənin içində dünyanın o başında olanlardan xəbər tutmaq mümkündü. "Fil qulağında yatmaq" zəmanəsi çoxdan ötüb. Dünyanın sinirləri çox oyanıqdı. Tükü tükdən seçənlər, gözdən tük qapanlar, bir stəkan suda fırtına qoparanlar at oynadır indi. Sən demə, insan oğlu min illər, milyon illər ərzində gah ağır-ağır, gah da ağlasığmaz sürətlə bu günə can atırmış. Sevgilərin, istəklərin, həsrət və intizarların yoxa çıxdığı, canlar, ömürlər bahasına qazanılanların ayaqlar altına atıldığı bir dönəmə sarı gəlirmiş. Elə bir dönəmə ki, "inanıram" dediyin səni avam bilir, "sevirəm" dediyin Məcnunu da, Romeonu da lağa qoyur, Züleyxanı dəli sayır...
Bu yaşınacan bunları bilməliydin, axı. Bilməliydin ki, indiki vəziyyətinə düşməyəydin. Elə bil yeniyetməsən. Lap uşaqlıqdan tanıdığın o adamın bu gün hansı əməlinə şahid oldun ki, bunca təsirləndin? Qəbahət işləmiş kimi başını aşağı salıb pıçıltıynan deyirsən: "...bu adamlara yaxından bələd olduqca məyus olursan..."
Bu qədər də bilmirdin, elə deyilmi? Zövqünə, dünyabaxışına bələdəm. Çox kitab oxumusan. Kifayət qədər həssas olduğunu da bilirəm. Çox şeylərdən danışmışıq səninlə. Razılaşmadığım məqamları, ortaq məxrəcə gəldiyimiz anları da əlavə etsəm, xasiyyətinə bələdəm, deyə bilərəm. Sən də çox şeyləri qəbul edən deyilsən. Mətləblərin dərininə gedir, hər deyilənə inanmırsan. Baş verənlərə özünəməxsus yanaşma tərzin də bəyəndiyim cəhətlərindəndi...
Qaşınmayan yerdən qan çıxarmaq istədiyin dəmlər də olur...
Bir şey barədə qərar verəndə və haqlı olduğuna özün də inananda üzümə elə məğrur-məğrur, qalib ədasıynan baxırsan ki, həm gülməyim gəlir, həm də ağlamağım... Ədalət naminə deməliyəm ki, hərdən mənim də qalibiyyətimi etiraf edirsən. Nə üçünsə, bu zaman sevinə bilmirəm. Bəlkə qələbəmi ucuz sayıram, ona görə. Həm də bir az gözümdən düşürsən...
Nə zamansa, bir sözün xoşuma gəlmişdi. Bir məqamda demişdin: "...çünki sən qalibsən! Qalibləri isə mühakimə etmirlər..."
(Gözəl sözdü! Heyf ki, həmişə qalib olmaq mümkün deyil. Qələbənin şirinliyini bilməkçin aradabir məğlub olmaq da lazımmış...)
Hərdən qorxaqlıq da edirsən. Lap suyu da üfürə-üfürə içirsən. Neyniyim ki, bu vərdişlərdən uzaqlaşdıra bilmirəm səni...

***
Bugünkü halınla isə... lap müdriksən. Qorxmasaydım deyərdim ki: ən böyük filosoflar da tarixdə qalan sözlərini deyəndə güman ki, sifətləri elə səninki kimi olub...
Bax, bu gün mənim bir fikrimi təsdiqlədin. Fikrimi yox, xarakterimdəki bir cəhəti. "Mən adam tanıyanam" deyənlərlə heç zaman razılaşmamışam. Əvvəllər belələrinə qibtə edərdim, indisə yazığım gəlir. Gərək nə qədər avam və özündən razı olasan ki, bir baxışdan adamları tanıdığına inanasan. Mən insan xislətinin mürəkkəbliyinə həm heyranam, həm də ondan qorxuram. Yaxın olduqca xasiyyətində özəlliklər, gözəlliklər üzə çıxan adamları Tanrı payı sanıram. Elə bil ki, gündə, həftədə, ayda bir neçə dəfə üzünə sehrli bir aləmin qapıları açılır. Açılır, səni qoynuna alır və bənzərsiz, təkrarsız duyğular yaşadır. Belələrinin əksi olanlar barədə isə söz açmaq istəmirəm. Onlarla hər addımda rastlaşırıq...
Naməlumluq həm cazibədardı, həm də qorxulu...
Aldanmaq, yanılmaq da çox ağrılı bir hissdi...
Səni elə gözəl başa düşürəm ki,... Onu da başa düşürəm ki, sən təzə heç nə demirsən. Sənin kimi, mənim kimi yüzlərin, minlərin dönə-dönə işlətdiyi sözləri deyirsən. Fərq burasındadı ki, hər kəs bu qənaətə doğru uzun bir yol gəlir. Kimi ağır-ağır, kimi də sürətlə çatır mənzil başına. Sən də bir az gecikmisən. Çoxdan tanıyırdın səni məyus edəni... Lap çoxdan...
Sənə baxıram və ağlımdan qəribə fikirlər keçir. Mən də səni tanıdığımı düşünürəm, axı. Elə bayaqdan səndən danışmırammı?! Amma... deyəsən, bu kifayət deyil...
İndi də mən qorxuram. Bir gün səni tanısam... Necə olacaq halım?!
Sənin indiki halından yaxşı, ya pis?!..

TƏQVİM / ARXİV