adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

AVTOVERNISAJ

MƏMMƏD DƏMİRÇİOĞLU
24468 | 2014-11-01 01:55
Uzun illər şeir yazmağımı hamıdan gizləsəm də yazdıqlarımı dəfdərlərə köçürmüşəm, bu günə qərər arxivimdə qoruyaraq saxlamışam. Ancaq zaman, məkan savaşlarında şəhid olanları, əsir gedənləri, itkin düşənləri də olub. Bir neçə şeirimlə bərabər Nəbi əmimə yazdığım bir şeiri çox axtarsam da tapa bilmədim...
Atama yazdığım şeir isə o vaxtdan yaddaşıma həkk olunduğundan bu günə kimi diri qalıb:

Atam Musa kişi

Bir ömür payıyla keçmişimizdən,
Bizi bu günlərə atıbsınız siz,
Koroğlu ömründən, Babək ömründən,
Bizim ömrümüzə qatıbsınız siz.

Dünyaya gəldiniz Tanrı dağında,
Nəsimi oldunuz dar ayağında.
Böyüdüb övladdan yarımayanda,
Qəhr olmuş gəmi tək batıbsınız siz.

Dövr edib Dilqəmlə, Yanıq Kərəmlə,
Qoca Zərdüşt babam, Qorqud Dədəmlə...
Bir ürəkdə sevinc, birin də qəmlə,
Gəlib bu dövrana çatıbsınız siz.

Yaşayıb bir ömrı hey yana-yana,
Vax gəlib ömrünüz çatanda sona,
Köçəndə dünyadan durub yan-yana
Qayaya çevrilib yatıbsınız siz.

Bu şeiri "Əzim, Əzimzadə adına Azərbaycan dövlət rəssamlıq məktəbi"nə daxil olan ili yazmışam. On doqquz yaşım hələ tamam olmamışdı. Oxuduğum ilk aylarda əlaçı tələbə kimi Az.TV-də haqqımda veriliş çəkmişdilər. Atamı ilk dəfə onda sevindirmişdim.
Gördüyünüz bu portreti isə dünyasını dəyişəndən sonra işləmişəm. Çox sərt xarakterli adam olmasına baxmayaraq balaları üçün bir ovuc torpaq, eyni zamanda sərt olduğu qədər də kövrək bir insan idi...
İstəyirəm yazımı lap uzaqlardan başlayım. Belə ki,"AVTOPORTRET-1" yazımın sonluğundan başlasam daha yaxşı olar.


Novruz axşamı

O illəri yaxşı xatırlayıram. Demək olar ki, bütün xırda detallarıyla.
"Avtoportret-1" Yazımda qəhrəmanımı "Dahi" adlandırmışdım. Bu nə lovğalıq, nə də ironiyadı. Bu bir həqiqətdi. Həddindən çox dəcəl olmağıma baxmayaraq, özümə məxsus "öz dünyam" var idi. Hər şeyin mahiyyətini anlamağa çalışaraq, fikrimi çulğayan ən xırda cisimlərin belə nədən yaranmasını, içində gizlənən sirlərin nədən ibarət olduğunu bilmək eşqiylə alışıb-yanar, özlüyümdə qəribə mülahizələr uydurub, uydurduğum "fəlsəfələrin" həqiqət olmasına varlığımla inanırdım. Allahı dərk edə bilməsəm də, hər zərrənin belə, təsadüfdən yaranmadığıni anlayırdım.

Hər zərrəsi müəmmadı,
Allahı sirri saxlayır.
Gündə min yol savab eylə,-
Qəzadan biri saxlayır.

Çox eylədim ələk-vələk,
Bir könüldü gözəl mələk.
Gecələri sabaha dək
Eşqimin nuru saxlayır.

Düz ola yalan sevgilər,
Açıla solan sevgilər.
Allaha olan sevgilər,
Dünyanı diri saxlayır.

Görunur elə 8-9 yaşlarımda, çox-çox sonralar yazdığım bu şeiri dərk etmişdim, amma uşaq təhtəlşüuru ilə...
Ön səhifələrdə həm başı bəlalı, həm də şuluq olduğumu qeyd etmişdim. Dəcəl uşaqlığımla yazıq anamı nə qədər incitmişəm, atamı nə qədər məyus etmişəm.
Anam söyləyir ki, iki-üç yaşın olardı. Şalla səni kürəyimə çələləyib babangilə gedirdik (Qasım babam anamın atası idi. Biz kəndin ayağında, onlar isə başında olurdular. Dəmyə olan Qaymaqlı kəndində gözəl bağı-bağatı olan 3 nəfərdən biri Qasım babam idi). Çəpərin payasına qonmuş sağsağanı görüb: - Ay ciji, onu tut mənə ver! - deyərək ağlayıb özünü öldürməyə başladın. Nə qədər başa saldım ki, o quşdu, onu tutmaq mümkün deyil, yaxınlaşanda uçub gedəcək. Bütün bunlara baxmayaraq sən heç nə anlamadan, hökmən o quşu tutub mənə ver deyib, kürəyimdə çabalayaraq babangilə çatana qədər ağladın...
On-on iki yaşım olardı, Novruz bayramı idi. O vaxtlar kəndimizdə Novruz bayramı daha təmtəraqla keçirilirdi. Gündüz Zurnaçı Xallın zurna sədalarının altında güləşəngiyə ərənlər küştü tutar, başı kələğayılı qızlar, gəlinlər "Cıdırhəngiyə"atlarını şahə qaldıran şıvırtı cavanların at səyirtmələrinə tamaşa edər, başı papaqlı kişilər isə Aşıq Avdının sazının sehrinə düşərdilər.
Gecələr isə həyəti çox böyük olan Dəli Nənənin yaşadığı xarabalıq yerinində lopa yarışması başlayardı (Sahibsiz olduğundan divaları uçulub tökülmüş həmin yurd yerində Nənə adlı bir dəli arvad yaşayırdı. Həmin xarabalığı sonralar kitabxana etdilər, o da xarablığa çevrildi, bu yaxınlarda uçulub dağılan həmin tikintini tamamilə sökdülər və həmin xarabalıq yenə də sahibsiz olaraq qalır). Bütün uşaqlar həmin meydana yığışıb qaranlığın düşməsini gözləyirdik. Hərəmizin əlində başına keçə parçaları dolanıb, nöyütlə isladılmış balaca lopalar var idi. Gecənin qaranlığında bir bölük lopa atan uşaqların qışqır-bağırı dünyanı başına götürürdü. Hamı öz gücünü və məharətini göstərmək üçün lopanı mümkün qədər daha yuxarı atmağa çalışırdı. Həmin anlar indi də gözümün önündədi. Atılan lopalar ulduz-ulduz göy üzünə səpələnib, bir nöqtəyə çatdıqdan sonra geri dönərək fırlana-fırlana yerə çırpılırdılar. Mən yaşıdlarımdan yaşca kiçik olduğumdan məndən yuxarıya atanlarla mübahisə edib, ən hündürə qalxan lopanın mənim olduğunu sübut etməyə çalışırdım.
Sonra isə aşırımlı torbalarımızı çiynimizdən asıb "baca-baca" yığmaq üçün düşürdük qapılara. Bu həm də təhlükəli bir iş idi. O zaman çoxunun qapısında iri köpəklər olurdu. Anamız-atamız biz sağ-salamat gələnə kimi nigaran qalardılar.
Həmin gecə Novruz payı yığmaq üçün diribaşlıq göstərərək hamıdan qabaqda gedirdim. Bizim alt tərəfimizdə yaşayan Qəliz öyünə tərəf dönəndə Şəmistan dedi ki, gəlin onlara getməyək, itləri zənciri qırsa hamımızı yeyəcək. Ən uzun və işıqlı lopa mənim əlimdə idi.
- Qorxmayın, bax mən qabaqda gedəcəm, sizdə arxamca gəlin, - deyib inadımdan dönmədim.
Qəlzöyünün doqqazına çatanda: "Ay Güləsər xala, ay Güləsər xala" deyib qışqırdım. Güləsər xala həm də semiçqa satırdı. İçimizdəki semiçqa tamahı itin qorxusuna qalib gəlmişdi.
Güləsər xaladan qabaq boz itin aslan nərəsinə oxşayan nəriltisi qarşıladı bizi. O it hürəndə səsindən yolnan keçənlər belə vahimələnirdilər. Həddindən çox iri olan bu itin açıq vaxtını görən olmamışdı. Hamı bilirdi ki, Qəlizöyünün iti açılsa, qabağına keçəni parçalayar. Hələ anam da tapşırmışdı ki, nəbadə Qəlizöyünə tərəf gedəsiniz. Əslində namusa boğulub arxamca gələn uşaqlar da bunu mənə bir neçə dəfə demişdilər. Amma mən inadımdan dönməyib doqqazdan içəri keçdim və israrla yenə bağırdım:
- Ay Güləsər xala, Novruz payı ver!
Şəmistan, Ayaz, Etibar, Aydın və digərləri cəsarət edib doqqazdan içəri keçmədilər. Bozdar boğuq, amma vahiməli səsiylə hürərək zəncir çeynəyirdi. Onun heç ağlına gəlməzdi ki, gecənin bu vaxtı ona qarşı saymamazlıq edib, doqqazdan içəri girən olsun.
Onu da qeyd edim ki, Nəbi əmimin eynən atasına oxşayan oğlu Əmirxan yaşca bizdən həm böyük, həm də güclü idi. O mənim bu cəsarətimi görüb, əlində tutduğu haça yaba ilə bir az qabağa keçdi. Görünür o bilirdi ki, Bozdar zənciri qırsa işimiz fəna olacaq və bu səbəbdən haça yabasını döyüşə hazır vəziyyətdə tutmuşdu.
Hər şey bir anda ca baş verdi. Mən birdə ağzımı açıb: - Ay Güləsər xala deməmiş şahə qalxan bozdar zənciri qırdı.
Heç dünyadan xəbərim olmadı. Zəncirini qırmış Bozdar sinəsiylə vurub məni altına saldı. Qolumu çeynəyib, başımı ağzına alaraq silkələyəndə Əmirxan haça yabanı itin boğazına kecirib arxaya itələdi. İt məni buraxıb yenə şahə qalıxsa da Əmirxanın üstünə cuma bilmədi. Boğazına keçmiş haça yaba havadaca hənirini kəsmişdi. Özünü yetirən Güləsər xala olmasaydı, Əmirxanı da altına ala bilərdi.
Bu qanlı döyüş səhnəsində yaralanan tək mən idim. Uşaqlar məni araya alaraq evimizə gətirdilər. Evə gələnə qədər namusa boğulub ağlamırdım. Baş-gözümün qanını, cırıq-cırıq olmuş qanlı köynəyimi görən anam qışqıraraq özünü üstümə salanda mənim də canıma qorxu düşdü. Ağrıları hiss etdim və tükürpərdici səslə qışqırıb ağıamağa başladım...

İLK VƏ SON OĞURLUQ

Babamın evi kəndin başında, "Qurumsu dərəsi" deyilən yerdə idi. Yeri sulu olduğundan babamın bağında olmayan meyvə yox idi. Ona görə meyvələr yetişəndə anam məni onlara gətirər, nənəm isə: -A Güllü, qoy uşaq beş-on gün qalsın, mer meyvədən yeyib cana-qana gəlsin - deyib, məni yanında saxlayardı. (Nənəm düz deyirdi, Tay-tuşlarımın içində məndən arıq, çəlimsiz uşaq yox idi.)
Səhər-səhər cəh-cəh səsləriylə məni yuxudan oyadan quşların səsinə də elə o zamandan vurulmuşdum. Babam çox rahat adam olmasına baxmayaraq, bir az qaradinməz idi və bu səbəbdən onun zəhmindən çəkinirdim. Amma Sənəm nənəm nur-ipək idi. Hər nazımla oynayar, bütün suallarıma səbirlə cavab verərdi.
Gecə olanda qoynuna sığınıb gecə quşlarının nəğmələrinə qulaq asaraq yuxuya gedərdim.
Bu gecə özümü saxlaya bilməyib, fasilələrlə "bub-bub", "bub-bub" - səsiylə çox həzin və kədərlı oxuyan quşun nə quşu olduğunu soruşdum. Nənəm başıma sığal çəkərək:
- Bu quşlar İsaq-Musaq quşlarıdı, atam-anam, - deyib onlar haqda bildiyi rəvayəti soylədi: - Onlar iki bacıdılar, ömrüm-günüm. Bir gün qardaşları evə dönmür və onlar hər yanı gəzirlər, amma qardaşlarını tapa bilmirlər. Sonra əlacsız qalaraq Allaha yalvarırlar ki, onlara qanad verərək quş etsin ki, hər yanı gəzib, dolaşaraq qardaşlarını tapa bisinlər. Bax bu quşlar min illərdi "Tapdınm?" - "Tapmadım" - deyərək oxuya-oxuya itkin düşən qardaşlarını axtarırlar...
(Mən çox sonralar İsa Hüseynovun bir əsərindən oxudum ki, İsaq-Musaq quşları İsə Peyğəmbərin itən danalarını yox, Türkün itein düşən talehini axtarırlar. İlk dəfə ondan öyrəndim ki, bu anadil quşları qonduğu yerə arxa-arxaya qonurlar və oxuduqları zaman ayaqlarından asılırlar.)
O zamanlar qanıma, canıma hopmuş bu sehrli səslərin sehrinə bu yaxınlarda bir də düşdüm. Bir çəkiliş qrupu ilə İncə dərəsindən gələrkən, İsmayıllıda, yoldan bir az aralı oılan "Bədo" bulağının başına döndük. Kükürd tamı verən sərin sudan içib bir az dincəlmək istədik. Hava çoxdan qaralmışdı. Birdən qulağımıza İsaq-Musaq quşlarının səsi gəldi. Bulağın üstündəki iri palıd ağacının başında oxuyan İsaq-musaqın "tapdınm?" səsinə, xeyli aralıdan "Tapmadım" səsi ilə bir başqası cavab verirdi.
Aydın müəllim səs operatorundan bu səsləri yazmağı xahiş etdi. O isə çəmadanı açınca quşlar susdular və bir müddət oxumadılar. Aydın müəllim arif adam olduğundan: - Cəhd eləmə oğul, bu ilahi quşların səsini şeytan əməli ilə yazmaq olmaz, - deyib sakitcə quşların yenidən oxumasını gözlədi.
Yaman içim dolmuşdu. Nənəmgildə yaşadığım o sehrli gecəni xatırladım və az keçməmiş bu şeiri yazdım:


İSAQ MUSAQ OXUYUR

Bir gecədi, bir də mən, İsaq-Musaq oxuyur.
Qara geyib çöl-çəmən, İsaq-Musaq oxuyur.
Bir qocaman palıdın başında quş naləsi,
Ayağından bir bulaq şırıl-şıtıl axıyor-
İsaq-Musaq oxuyur.

Özünü görəmmədim, səsi Nuhdan o yana,
Elə layla oxuyur, yatan bəxtim oyana.
Hər dərdə dözəniydim, dözəmmədim, ay ana,
Bu laylanın ləhcəsi hicran ətri qoxuyur-
İsaq-Musaq oxuyur.

Üzü göylərə sarı asılıb ayağından,
Tanrıya gileylənir, dünya nadanlığından.
Şərqi çələngi hörüb, intizarın ahından,
Gecənin sinəsinə çalın-çarpaz toxuyur-
İsaq-Musaq oxuyur.

Bu Anadil quşları dünyanı oyatdı, heey,
Gözü yaşlı laylası göz yaşımda batdı, heey.
Ulu tanrı, bu nalə sənədəmi çatdı, heey,
Göz yaşların göylərdən ulduz-ulruz axıyor-
İsaq-Musaq oxuyur...

Dünyanın dışarında, suların qırağında,
Siz itən itiklərin, mən Haqqın sorağında.
Səhəri gözləyirik gecə qaranlığında,
Ümidsiz olmayaq gəl, Tanrı göydən baxıyor-
İsaq-Musaq oxuyur.

TƏQVİM / ARXİV