XƏZƏL SİMFONİYASI

ƏBÜLFƏT MƏDƏTOĞLU
69400 | 2014-11-01 01:52
BAXIŞ BUCAĞI

Yaşı bəlli ayrılıq


Onda da hava belə idi, eyni ilə bu cür boz-bulanıq. Sonra bu boz-bulanıq hava bir az da qatılaşdı, bir az da tündləşdi və həmin o qatı qaranlığın içində gizlənə bilmədi o alov. Öncə gözlərimin qarşısında alışmışdı. Sonra uzaqdan seyr etməyə məcbur oldum. Yanırdı, daha doğrusu, düşmən yandırmışdı evi. Onda oktyabrın 30-dan 31-nə keçən gecə idig Düz 23 il bundan öncə. Yəni 1991-ci ilin oktyabrın 30-dan 31-ə keçən gecə yandırıldı evim. 23 il ancaq yuxularda gördüm mən onu və hələ də görürəm və hələ də nə qədər görəcəm bilmirəm...
Müdriklər söyləyir ki, hər şey təkrar olunur... Tarix də təkrar olunur... Elə fəsillər də təkrar olunur... Amma bir az ləng, bir az ağır... Mən bu fikirləri söyləyəndə payızı nəzərdə tuturam. O payızı ki, mənim həyatıma 23 il bundan öncə daxil olub. rəhmətlik Nüsrət Kəsəmənli demişkən:

Niyə sənin payızın,
hər çiçəkdən tez düşür?..

Bax, mənim də payızım tez gəldi. İstəmədən, arzulamadan eləcə aldı başımın üstünü... budadı qol-budağımı. Amma ümidimi doğraya bilmədi, ümidimə gücü çatmadı. Görünür, bu da dostlara güvəncdən, daha çox isə Allaha böyük sevgimdən qaynaqlanırdı. Ona görə də 23 ili də yola verdim. Dişlə-dırnaqla, ən çox da qələm-kağızla... Sinəmi ona boşaltdım... ürəyimi ona açdım... onunla təkliyə çəkildim... onunla qoşalaşıb onunla birlikdə dözüm qazandım... Yazdıqlarım onun diktəsi, onun istəkləri və bir də onun özü oldu. Beləcə, arxada qaldı 23 illik payız. O payız ki, hələ də mən onun içindəyəm...
Ümidə güvəndim. O ümidə ki, əlim Tanrı ətəyi kimi həm də onun ətəyindədi. Və mən əvvəldə xatırlatdığım fikrə qaydıram - hər şey təkrar olunur, elə fəsillər də... Deməli, payız da keçib gedəcək. Ardınca qış gələcək, sonra yaz, yay və yenə payız... Payız silkələyəcək, yoxlayacaq. Çünki qarşıda qış var - sınaq, imtahan olan qış. Payızdan dözümlü çıxan qışdan da çıxacaq... Yazı yaşayacaq, yayı görəcək. Payız xal saldığı nələr varsa, əlvida deyəcək. Amma payızdan keçib qışın testini uğurla başa vuranlar yazı yenə göyərəcəklər. Özləri ilə birlikdə yazı da göyərdəcəklər. Arzuları, istəkləri tumurcuqdan bara-bəhərə çevriləcək. Və deməli, solmayan, saralmayan ümid aparıb çıxaracaq ora, payızın xəzəli olmayanları...
Mən yaşadığım 23 illik payızın ovqatını misralara çevirməyə çalışdım. İstədim ki, şeirin dili ilə bu payızın havasını sizlərə də çatdırım. Və yazdım:

Söz-söz qopub düşürəm
Ürəyimin dibinə...
Vergül tək ilişirəm -
Sabahın ümidinə...

İnsan mənzərələri
Solur rənglər fonunda...
Bir sükut dayanıbdı -
Hər bir yolun sonunda...

Kövrəlməyə yer qalmır
Bəllidirsə nəticə...
Heç nəyi zorla almır -
Nöqtə qoyur sadəcə.

Söz-söz qopub düşəndə
Xəzəl gülür üzümə...
Bir vergül təsəllini -
Yaxın tutur gözümə!..

***

Deyirlər ki, hər kəs doğulduğu torpaqda, özünə aid olan ünvanda daha güclü olur, daha dözümlü olur. Əvvəllər bu deyimə o qədər də əhəmiyyət vermirdim və mənə elə gəlirdi ki, məmləkətimin hər yerində mən dözümlü, güclü ola bilərəm. Ancaq yaşadığım bu payız günlərin birində sanki xəzəl dili ilə mənə pıçıldadı ki, yanılırsan. Məmləkətin hər yeri Vətən olsa da, hər yeri gözəl olsa da, ancaq bu, sənin, mənim doğulduğum evin verdiyi auranı, verdiyi hərarəti, verdiyi diqqəti, hətta verdiyi ağrı-acını sənə verə bilmir, mənə verə bilmir. Gəzirsən, görürsən, əylənirsən, amma yenə doğulduğun ünvana tələsirsən. Lap o bayatıda deyildiyi kimi:

Aləm cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ!

Mən bunu söz bilənlərdən, söz yazanlardan, sözə dəyər verənlərdən üzr istəyib belə ifadə edərdim ki: "Yaddan çıxmaz doğulduğum ocaq, doğulduğum ev, kənd- kəsək...". Bax, bu mənada hələ orta məktəbdə oxuduğum illərdə yaşlı adamların çöhrəsinə baxanda ağlıma min cürə qəribə fikirlər gəlirdi. Onlardan biri də bu yaşlı adamları kəndimizdəki 100-200 yaşlı ağaclara bənzətməyim idi. Mənə elə gəlirdi ki, bu adamlar həmin o ağaclar kimi payızı gözləyirlər. Və nədənsə bu fikrimə sonra özüm də gülürdüm. Çünki görürdüm ki, payızda həmin ağacların yarpaqları tökülür, həmin o yaşlı adamların isə sırası ilboyu seyrəlir. Üstəlik, o zamanlarda qəribə də olsa toyları yazda, payızda çaldırardılar. Düzdü, bu təsərrüfat işləri ilə bağlı idi. İndiki kimi adamların əli bu qədər boş, vaxtları bu qədər çox deyildi. Kim nə vaxt istədi, nə vaxt arzu etdi, onda da toyu çaldırır...
O ağaclar da doğranıb indi. Onların xəzəl ömrü görməyi, xəzəl yağışı yaşamağı başa çatıb. Özü də təbii yolla yox, düşmən əliylə... Və o yaşlı adamlar da artıq yoxdu. Amma yaşı cavan, çöhrəsi yaşlı, düşüncəsi təzadlı adamlar var hələ. Bu adamlar nə o ağacları görüblər, nə o adamları. Sadəcə, payızı görürlər və düşünürlər ki, bu payızın simfoniyası kədərlidi. Ona qulaq asmaqdansa, hansısa bir guşəyə çəkilib ən pis halda domino oynamaq daha maraqlıdı... Doğrusunu deyim ki, bunu heç qəbul etmirəm. Çünki payızın gözəlliyini görmək üçün mütləq Xəzəlin simfoniyasını dinləmək lazımdı. Onda payızı daha yaxşı anlamaq olur.

Qayalar küskün-küskün
Durub baxır üzümə...
Mənsiz keçən günlərin-
Vurub baxır üzümə...

İçimdə bir burulğan
Dərd var - qatil, qudurğan!
Tək əliylə durulan -
Qanı yaxır üzümə!..

Sözün tikan-tikandı
Daha səbrim tükəndi...
Dərd göylərə dikəldi-
Ordan yağır üzümə...

Torpaq yanır, qovrulur
Od dünyaya sovrulur...
Günah isə vurulur-
Mənim fağır üzümə.

***

Öncə pəncərədən boylandım. Üzümə toxunan payız dumanı məni evdən çıxmağa məcbur etdi... Həyətə düşdüm... Yolun kənarındakı ağaclara tərəf getdim... Müxtəlif rəngə çalan yarpaqlardan dumanın gətirdiyi şeh damcılayırdı... Amma mənə elə gəldi ki, yarpaqlar ağlayır... Bilmirəm niyə belə düşündüm? Amma içimə dolan bu hiss düşüncəmə də hakim kəsildi və ağlayan yarpaqlarla mən də kövrəldim. Həmin an elə bildim ki, ağlayan yarpaqlar məni göz yaşlarında yuyub sərəcəklər. Çünki mənim də içim başdan-başa bir payıza köklənmişdi və o payız məni silkələnməyə, hönkürməyə çağırırdı. Lakin gücüm çatmırdı özümə. Çünki gözümün qabağında bir tonqal göylərə millənirdi... yanan evimin tonqalı...
Hə, dayandım ağacın altında. Ağlayan yarpaqların göz yaşları səpələndi üstümə. Mən o damlaları silmək istəmədim, heç qorunmadım onlardan. Hətta əllərimi açdım, ovuclarıma da o damlalardan düşdü. Necə də dupduruydu bu damlalar, göz yaşı kimi. Doğrudan axı, ağaclar ağlayırdı yarpaqlar üçün... yarpaqlar ağlayırdı özləri üçün... Bir-birinə qarışan göz yaşları ovcuma damırdı... göz yaşları kimi. Və mən bütün bunların yükünü yükləyirdim ürəyimə. İstəyirdim ki, ürəyim bu ağırlığın altında təkcə əzilməsin, həm də partlasın...
İndi də o məqamı xatırlayıb, o məqamı təkrar yaşayıb bilgisayara düşüncələrimi söyləyəndə elə bilirəm ki, o göz yaşları bax bu dəqiqə də üstümə ələnəcək. Çünki mən o payızın içindən çıxa bilmirəm və içində olduğum o payızın Xəzəl simfoniyası mənimlə birlikdə gəzib dolaşır, eləcə oxunur mənim üçün. Hətta arada əllərimlə qulaqlarımı tutub sıxdım, ovcumun içi ilə qulaqlarımı tıxadım. Amma bacarmadım. O səsin qarşısını kəsə bilmədim. O səs qan kimi dövr edirdi içimdə... İşıq kimi bürüyürdü məni... bələnirdim o səsin işığına... Və beləcə, hardasa o Xəzəl simfoniyasının dalğaları üstündə uzaqlaşırdım Bakıdan... Çıxıb gedirdim doğulduğum ünvana tərəf. Axı o yerin payızı tamam fərqli idi və bir də o yer mənim üçün daha güvənli, daha isti idi...
Üşüdür məni Bakının payızı, yaman üşüdür. Belə getsə, deyəsən qışı daha soyuq olacaq və o qış bu payızın imtahanı kimi mənə hansı sualları hazırlayır, hansı sınaqlardan keçirəcək onu təxmin edə bilmirəm. Sadəcə bilirəm və anlayram ki, suallar ciddi və çətin olacaq. Neyləyək, hamı bilir ki, bu yerdə təkrar olsa da, yenə vurğulayım ki, payızdan sonra qış gəlir. Bütün dünyada belədi və bütün dünyada ömürlərin də payızı olur... Ağacların yarpaq tökümü kimi ömürlərin də yarpaq tökümü olur. Obrazlı desəm, dostların da yarpaq tökümü... Bu sonuncu, zənnimcə daha ağırdı. Çünki dost itirmək hansı səbəbdən olur-olsun, ağırdı. Kiminsə dost itirməsini istəməzdim... Kiminsə payızının davamlı olmasını arzu etməzdim... Kiminsə qışdan çıxa bilməməsini xəyalıma gətirmək belə istəyim deyil. Amma neyləyim ki, mənim düşüncələrim, mənim istəklərim şah fərmanı deyil ki, hər kəs tərəfindən, lap elə təbiətin özü tərəfindən də birmənalı qarşılansın və Allahın iradəsi ilə gerçəkləşsin. Çünki təbiətə hökmü yalnız Allah edə bilər!..

Yaddaşı vərəqlədim
Xatirələr çözüldü...
Köç edən hər dostumla
Bir ipucu üzüldü -
Bu dünyadan...

Göz önümdən çəkilib
Nağıllaşdı bir anda
Hiss etdim ayrılığı
Mən əlimi vuranda -
Bu dünyadan...

Həyat necə amansız
Zaman necə cəlladdı...
Kipriyimdə donan yaş
Mənə çox şey anlatdı -
Bu dünyadan...

Nə durmaq var, nə dönüş
Axarı da bənd tutmur...
Görüş yeridi, görüş
Köçürməyi unutmur -
Bu dünyadan...

Hə, bilmirəm bu payız ovqatlı, payız görkəmli Xəzəl simfoniyası sizlərə necə təsir etdi, sizlərə nəyi yaşatdı. Amma sözün düzünə qalsa, mən hələ də o ovqatın, o simfoniyanın içindəyəm və tezliklə oradan ayrılacağıma da inanmıram...



TƏQVİM / ARXİV