adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
01 Noyabr 2014 01:50
5381
LAYİHƏ
A- A+

İNDİ GƏLİB BU YERLƏRİN CƏLALINA BAX!

(əvvəli ötən saylarımızda)

Səhiyyə sahəsində mühüm tədbirlər həyata keçirilir

Rayon əhalisinə səhiyyə işçiləri tərəfindən nümunəvi xidmət göstərilməklə 1950 nəfərə yaxın imtiyazlı və aztəminatlı şəxslər il boyu pulsuz dərmanlarla təmin olunmuş, onların müalicəsi üçün 143,7 min manatlıq pulsuz dərman verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən rayonda fevralın 17-dən may ayının 1-dək əhalinin tibbi müayinədən keçirilməsi təmin edilmişdir. Müayinə keçirilən tarixə rayonda 54774 nəfər əhali olmuşdur ki, onlardan da 39616 nəfəri 18 yaşdan yuxarı olan insanlardır. Tibbi müayinədən keçmiş 37197 nəfərdən 6692 nəfəri ambulator, 164 nəfəri stasionar müalicəyə cəlb olunmuş, 48 nəfəri Bakı şəhərinə müalicəyə göndərilmişdir.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən cari ilin mart-aprel aylarında uşaqların icbari dispanzerizasiyası keçirilmiş, aşkar olunan xəstələr həkim nəzarətinə götürülmüşlər.
Cari ilin iyul ayında Milli Onkologiya Mərkəzinin ixtisaslı həkim briqadası tərəfindən 3 gün ərzində rayon əhalisinin 1190 nəfəri müayinədən keçirilmiş, onlardan 670 nəfəri təkrar müayinəyə cəlb olunmuşdur.
Mədəniyyət və turizm: yeniliklər, mükafatlar...

Rayon Mədəniyyət və Turizm şöbəsi il ərzində tarixi gün və hadisə, bayram və yubiley tədbirlərinin həyata keçirilməsini təmin etmiş, Bakı şəhərində keçirilən Novruz bayramı şənliklərində yaxından iştirak edərək Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mükafata layiq görülmüşdür. Şöbə tərəfindən rayon ərazisində olan sərhəd zastavalarında görüşlər keçirilmiş, rayonun rəqs və musiqi kollektivləri əsgərlər qarşısında konsert proqramı ilə çıxış etmişlər.
2014-cü ildə 10 turizm obyekti tərəfindən rayona gələn turistlərə xidmət göstərilmiş, istirahətə gələnlərin sayı artmışdır. Bu göstərici 2010-cu ildə 10 min, 2011-ci ildə 13 min 500, 2012-ci ildə isə 15 min, 2013-cü ildə 20 573, 2014-cü ildə 23 000 nəfər olmuşdur.
Respublikada mövcud 5 Dövlət Kukla Teatrlarından biri, 1992-ci ildən məhz rayonda fəaliyyət göstərən Qax Dövlət Kukla Teatrıdır. Teatr fəaliyyət dövrü ərzində 58 tamaşaya quruluş verilmiş, bu dövr ərzində Türkiyə, Gürcüstan, Estoniya respublikalarında və Rusiya Federasiyasında ölkəmizi layiqincə təmsil etmiş və bir-sıra nailiyyətlər əldə etmişdir. Teatr bu yaxınlarda Rusiya Federasiyasının Həştərxan vilayətində keçirilmiş "Kaspiyskiy Bereq" IV Beynəlxalq Teatr Festivalının ən yüksək nominasiyasına layiq görülmüşdür.
Əhalinin sosial
müdafiəsinə yüksək qayğı və diqqət göstərilir

Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən hesabat dövründə 1815 nəfərə sosial müavinətin ödənilməsi təmin olunmuşdur. Müavinət alanlardan 895 nəfəri əlilliyə, 201nəfəri ailə başçısını itirdiyinə, 44 nəfəri yaşa görə və 373 nəfəri isə digər növ sosial müavinət alan şəxslərdir. Cari ildə 614 ailəyə ünvanlı sosial yardım təyin edilmiş, 355 nəfər tənha, ahıl və əlil şəxsə sosial xidmət göstərilmişdir.
DSMF-nin rayon şöbəsində 2014-cü ilin doqquz ayında məcburi dövlət sosial sığorta haqları üzrə proqnoz ümumilikdə 94,7 % yerinə yetirilmişdir. Hesabat dövrü ərzində şöbə üzrə 17 hüquqi, 243 fiziki şəxs, 191 pay torpaq mülkiyyətçisi uçota götürülmüş və 01 oktyabr 2014-cü il tarixə şöbədə cəmi 7448 sığortaedən uçotda olmuşdur.
2014-cü ilin doqquz ayında şöbədə 317 nəfərə əmək pensiyası təyin olunmuş, uçotda olan pensiyaçıların sayı 8472 nəfər olmuşdur.
Hazırda rayonda pensiyaçılara 4 bankomat xidmət göstərir. Kənd əhalisinə pensiyaların ödənilməsini daha da asanlaşdırmaq məqsədilə əhalinin daha sıx yaşadığı 2 kənd məntəqəsində bankomat quraşdırılması nəzərdə tutulmuşdur.

Turizm mərkəzlərindən biri kimi formalaşan rayonun əlavə qayğıları gündəlik nəzarətdədir

Son illər şəhərdə aparılan geniş abadlıq və quruculuq işləri, rayonun bölgədə turizm-istirahət məkanına çevrilməsi, ildən-ilə gələn qonaqların sayının çoxalması Qax Kommunal Müəssisələri Kombinatı tərəfindən göstərilən xidmətlərin həcminin və keyfiyyətinin artırılmasını tələb edir. Hesabat dövründə Kombinat tərəfindən şəhərin 24 küçə və prospektinə, 7 park və xiyabana, bundan başqa fərdi müqavilələr əsasında 1608 təsərrüfat subyektinə, kommunal evlərdə yaşayan 641 nəfər abonentə, 324 sahibkara, 25 idarə, müəssisə və təşkilata xidmət göstərilmiş, şəhər ərazisində abonentlərə xidmət üçün 10 qutu, 15 xüsusi yer və 154 xüsusi konteyner ayrılmış, 12 min kub metr həcmində bərk məişət tullantılarının şəhər kənarına daşınaraq Kürmük çayı vadisində ayrılmış poliqonda və yeni inşa edilmiş tullantı emalı müəssisəsində zərərsizləşdirilməsi təmin edilmişdir.
Əhalinin içməli suya olan təlabatını ödəmək məqsədi ilə rayonun Şotavar,Uzuntala,Qaysarlı,İngiloy-Kötüklü,Ağyazı, Almalı, Dəymədağlı və Cəlayir kəndlərində yeni subartezian quyuları qazılmış, Meşəbaş, Əmircan və Şıxlar kəndlərində isə yaxın vaxtlarda yeni subartezian quyularının qazılmasına başlanılacaqdır. Şəhər əhalisinin içməli suya olan təlabatını ödəmək məqsədi ilə İlisu kəndindən çəkilmiş yeni su xətti vasitəsi ilə əhaliyə içməli suyun verilməsi üçün rayona 3600 ədəd yeni Smart-kart tipli su sayğacları gətirilmişdir. Gətirilmiş sayğaclardan 2516 ədədi Qaxbaş, Qaxingiloy kəndlərində və şəhərin müxtəlif küçələrində quraşdırılmışdır. Quraşdırılmış sayğaclardan 1316 ədədi idarə tərəfindən plomblanaraq sistemə qoşulmuş, bunlardan 976-na ön ödəməli kart verilmiş və artıq əhali qəza halları istisna olmaqla günün 24 saatı ərzində fasiləsiz olaraq sudan istifadə edir.

MƏZAHİR ƏHMƏDOĞLU
AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ