adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
31 Oktyabr 2014 15:14
3596
MƏMLƏKƏT
A- A+

Nazirlikdə səyyar kollegiya iclasları keçirilib

Müdafiə Sənayesi Nazirliyinin tabeli müəssisələrində 2014-cü ilin doqquz ayının yekunlarına həsr olunmuş səyyar kollegiya iclasları keçirilib.

Nazirliyin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, nazir Yavər Camalovun sədrliyi ilə keçirilən iclaslarda nazirliyin birlik və müəssisələrinin istehsal, maliyyə-təsərrüfat fəaliyyətlərinin yekunları və qarşıda duran məsələlər geniş müzakirə edilib. Bildirilib ki, hesabat dövründə cari il üçün nəzərdə tutulan tədbirlərin icrası davam etdirilib, respublikanın güc strukturlarının sifarişləri üzrə bağlanmış müqavilələr əsasında müdafiə təyinatlı məmulatlar istehsal edilərək sifarişçilərə təhvil verilib. Eyni zamanda mülki məmulatların istehsalının genişləndirilməsi üzrə işlər davam etdirilib.

2014-cü ilin doqquz ayında nazirliyin müəssisələrində istehsal olunmuş məhsulların ümumi həcminin 86 faizini müdafiə və xüsusi təyinatlı, 14 faizini isə mülki təyinatlı məhsullar təşkil edib. Cari ildə təhvil verilmiş müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı 1,3 dəfə artıb.

Hesabat dövründə nazirliyin qarşısında qoyulmuş tapşırıqların vaxtında təmin edilməsi üçün dünyanın inkişaf etmiş dövlətlərinin hərbi sənaye kompleksinə daxil olan şirkət və qurumlarla hərbi-texniki sahədə əməkdaşlıq davam etdirilib.

Kollegiyada qeyd olunub ki, 2009-cu ildən etibarən nazirliyin müəssisələrində yaradılan və istehsal olunan məmulatlar mütəmadi olaraq beynəlxalq sərgilərdə nümayiş etdirilir. Bu ilin 11-13 sentyabrında Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində birinci Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi "ADEX-2014” Sərgisi keçirilib. "ADEX-2014” sərgisində Türkiyə, ABŞ, Fransa, Polşa, İsrail, Belarus, Rusiya, Cənubi Afrika və s. daxil olmaqla dünyanın 34 ölkəsindən 200 şirkət və 22 rəsmi nümayəndə heyəti iştirak edib. Sərgidə Azərbaycan, Türkiyə, Rusiya, Belarus, Koreya, Polşa, İsrail və Ukraynanın 8 milli qrupu öz ekspozisiyalarını nümayiş etdiriblər. 2009-cu ildə ilk qatıldığı beynəlxalq sərgidə 27 adda müdafiə təyinatlı məmulatla təmsil olunan Müdafiə Sənayesi Nazirliyi "ADEX-2014” sərgisində 168 adda məmulat nümayiş etdirib.

Kollegiya iclaslarında nazir Yavər Camalov hesabat dövrü ərzində tabeli birlik və müəssisələr tərəfindəngörülmüş işləri müsbət qiymətləndirib.

Nazir prezident İlham Əliyev tərəfindən ölkənin müdafiə sənayesinin inkişafı ilə bağlı verilən tapşırıqların yerinə yetirilməsi istiqamətində struktur bölmə, birlik və müəssisə rəhbərlərinə göstərişlər verib.